2027-ci ildə 9-cu sinif buraxılış və ali məktəblərə qəbul imtahanlarının modelində dəyişiklik olmayacaq. 11-ci sinif buraxılış imtahanında isə xarici dil fənni üzrə yeni yazı tapşırığı tətbiq ediləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, 2027-ci il üzrə buraxılış və qəbul imtahanı proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur:
“Hazırda ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının hazırlanması yekunlaşır. Proqramlar yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək”.
DİM sədrinin sözlərinə görə, proqramlar hazırlanarkən 5–11-ci sinif dərslikləri təhlil edilib, 9 və 11-ci sinif şagirdlərinin əvvəlki illərdə istifadə etdikləri dərsliklər hazırkı nəşrlərlə müqayisə olunub. Nəticədə proqramlarda yalnız redaktə xarakterli düzəlişlər aparılıb.
M.Abbaszadə qeyd edib ki, yeni kurikulumlar əsasında hazırlanmış dərsliklər mərhələli şəkildə istifadəyə verilir. Cari tədris ilində Azərbaycan dili üzrə 7-ci, kimya, biologiya və fizika üzrə 7, 8 və 9-cu, coğrafiya üzrə 6, 7 və 8-ci, tarix üzrə isə 6 və 7-ci siniflər üçün yeni dərsliklərdən istifadə olunacaq.
Yeni nəşrlərə maliyyə və media savadlılığı, rəqəmsal bacarıqlar və kibertəhlükəsizlik kimi mövzular daxil edilib. Bununla belə, hazırda 11-ci sinifdə oxuyan şagirdlər həmin dərsliklər üzrə təhsil almadıqları üçün yeni nəşrlərdəki materiallar 2027-ci ilin imtahan proqramlarına salınmayıb.
Müvafiq mövzular üzrə əvvəlki nəşrlərə istinad ediləcək və həmin materiallar DİM-in saytında yerləşdiriləcək.
“Proqramlara yalnız tədris prosesində keçilən mövzular daxil edilib. Dərsliklərdən kənar heç bir mövzu imtahan proqramlarına salınmayıb”, – DİM sədri vurğulayıb.
Bəs imtahan modelində nə dəyişir?
2027-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildə tətbiq olunan model qüvvədə qalacaq.
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında isə əvvəlcədən məlumat verildiyi kimi, yalnız xarici dil fənni üzrə dəyişiklik olacaq. Xarici dil fənni üzrə yazı bacarıqlarının yoxlanılması və qiymətləndirilməsi məqsədilə yeni tapşırıq formasından istifadə ediləcək. Şagirdlər verilmiş sual və ya fikir əsasında fakt və mülahizələr irəli sürərək öz düşüncələrini ifadə edən kiçikhəcmli mətn yazacaqlar.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelində isə dəyişiklik yoxdur. 2026-cı ildə tətbiq olunan imtahan modeli 2027-ci ildə də qüvvədə qalacaq.
DİM sədri şagird və valideynlərə qeyri-rəsmi məlumatlara deyil, qurum tərəfindən dərc olunacaq rəsmi imtahan proqramlarına əsaslanmağı tövsiyə edib.
