Müstəqil Dövlətlər Birliyinin (MDB) 8 ölkəsinin sərhədçiləri Rusiyanın Leninqrad vilayətində birgə komanda-qərargah təlimi keçirib.
Ucnoqta.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, təlim zamanı diversiya-kəşfiyyat qruplarının aşkarlanması və zərərsizləşdirilməsi, həmçinin silahlı müdaxilənin dəf edilməsi üzrə əməliyyatlar məşq edilib.
Təlim Rusiya FSB-nin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Sərhəd İdarəsinin bazasında keçirilib.
Təlimdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın sərhəd xidmətlərinin nümayəndələri iştirak ediblər. Həmçinin MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müvafiq strukturlarının nümayəndələri də təlimə qatılıb.
