Almaniyada 2026-cı ildə güclü istilərin təsirindən təxminən 12,5 min nəfər həyatını itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyinin strukturuna daxil olan Robert Kox İnstitutunun (RKI) yeni hesabatında bildirilir. Hesabata görə, bu il istilərlə əlaqəli ölüm halları son illərin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyib.
İstiliklə bağlı ən çox ölüm Saar və Reynland-Pfalts federal torpaqlarında qeydə alınıb. Hər 100 min sakinə düşən ölüm sayı müvafiq olaraq 43,4 və 38,7 təşkil edib. Almaniya üzrə orta göstərici isə 100 min nəfərə 15 ölüm halıdır.
Son 10 ilin məlumatları ilə müqayisədə ən yüksək göstəricilər 2018 və 2019-cu illərdə qeydə alınıb. Həmin illərdə yüksək temperaturun təsirindən müvafiq olaraq 9,4 min və 7,7 min nəfər ölüb. RKI qeyd edir ki, 2026-cı il üzrə yekun ölüm sayı göstərilən rəqəmdən daha yüksək ola bilər.
