ABŞ-ın Tennessi ştatında sakinlər potensial təhlükəli invaziv çəkicbaşlı qurdların yayılması ilə bağlı xəbərdar ediliblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 11-də People jurnalı məlumat yayıb.
Məlumata görə, çəkicbaşlı qurdlar 40 santimetrədək böyüyə bilir və xarici görünüşcə ilanları xatırladır. Onlar dəriyə təmas etdikdə qıcıqlanmaya səbəb olan toksinlər ifraz edə bilirlər.
Jurnalın məlumatına əsasən, bu qurdlar həmçinin soxulcanlarla qidalanaraq ekosistemə zərər vururlar. Tennessi ştatının inzibati qurumu avqustun 8-də bildirib ki, çəkicbaşlı qurdları məhv etmək onların regenerasiya qabiliyyətinə görə çətindir. İnvaziv növün məhv edilməsi üçün qurdların duz və ya sirkə olan paketlərə yerləşdirilməsi tövsiyə olunub.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu qurd növü 1891-ci ildə Cənub-Şərqi Asiyadan gətirilmiş torpaq vasitəsilə ABŞ-a daxil olub və sonradan ölkə ərazisində yayılıb.
