Argentinanın Rosario şəhərinin limanında loçmanların (gəmi bələdçilərinin) tətili səbəbindən azı 45 taxıl gəmisi limanı tərk edə bilmir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Argentinanın Yağ Sənayesi Palatası və Taxıl İxracatçıları Mərkəzinin (CIARA-CEC) prezidenti Qustavo İdiqoras məlumat verib.
O bildirib ki, hazırda gecikən gəmilərin sayı 45-i keçib və problem gün ərzində həll olunmasa, onlara daha 30-a yaxın gəmi əlavə olunacaq. İdiqorasın sözlərinə görə, hər bir gəminin gecikməsi gündə 50 min dollardan 100 min dollara qədər əlavə xərc yaradır.
CIARA-CEC rəhbəri qeyd edib ki, ixracatçılar hökumətin iqtisadiyyatın derequlyasiyası siyasətini dəstəkləsələr də, loçmanların həmkarlar ittifaqları ilə məsləhətləşmədən normativ bazaya dəyişiklik edilməsini yanlış addım hesab edirlər.
Xatırladaq ki, iyulun 30-da hökumət gəmiçilik sahəsinə dair yeni qaydaları dərc edib. Loçmanlar və çay gəmilərinin kapitanlarını təmsil edən həmkarlar ittifaqları bu dəyişikliklərin iş yerlərinin ixtisarına və gəmiçilik təhlükəsizliyinin zəifləməsinə səbəb ola biləcəyini bildirərək tətilə başlayıblar.
