Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərin sosial təminatı və mülkiyyət hüquqlarının qorunmasını nəzərdə tutan qanun dəyişikliklərini təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov bu barədə bildirib.
Deputat bildirib ki, dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunan və ya təklif edilən mənzildən imtina edən keçmiş məcburi köçkünlər mənzillə təmin olunduqdan sonra da 3 il müddətində mövcud sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Onun sözlərinə görə, hazırda məcburi köçkün statusu və müavinət almaq hüququ olan ailə üzvünün hər biri üçün aylıq 60 manat müavinət ödənilir. Həmçinin dövlət universitetlərinə ödənişli əsaslarla qəbul olunan keçmiş məcburi köçkün ailələrinin övladlarının təhsil haqları dövlət tərəfindən qarşılanır və bir sıra dövlət rüsumları üzrə də güzəştlər tətbiq edilir.
V.Bayramov qeyd edib ki, yeni qanuna əsasən, bu güzəştlər mənzillə təmin olunduqdan sonra da 3 il qüvvədə qalacaq. Əgər keçmiş məcburi köçkün ailəsinin övladı universitetə güzəşt hüququ ilə qəbul olunubsa, onun təhsil müddəti 3 ildən artıq olsa belə, həmin güzəşt bütün təhsil dövrünü əhatə edəcək.
Deputat vurğulayıb ki, qanunla işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır. Fond həmin ərazilərdə mülkiyyətlə təmin olunan şəxslərin mülkiyyət hüququnun tanınmasını və onlara Dövlət Reyestrindən çıxarışların verilməsini həyata keçirəcək.
“Əgər əvvəlki dövrdə dövlət tərəfindən verilən mənzillərə çıxarış təqdim olunmurdusa, artıq yeni qanunla keçmiş məcburi köçkünlərə verilən yaşayış sahələri üzrə çıxarış da təqdim ediləcək. Bu, onların mülkiyyət hüququnun tam şəkildə tanınması deməkdir”, – deyə deputat bildirib.
V.Bayramov əlavə edib ki, Prezidentin fərmanına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üç ay müddətində “məcburi köçkün” statusunun verilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı tədbirlər görəcək. Nazirlər Kabineti isə dörd ay ərzində işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinin keçmiş məcburi köçkünlərin mülkiyyətinə verilməsi qaydasını hazırlayaraq dövlət başçısı ilə razılaşdıracaq.
