Müayinə üçün özəl xəstəxanalara üz tutan vətəndaşların əksəriyyəti yoxlama və müalicə qiymətlərinin baha olmasından gileylənir.
Adətən bu cür özəl xəstəxanalar müayinə qiymətlərinin yüksək olmasının səbəbini xaricdən alınan aparatların baha başa gəlməsi ilə əsaslandırırlar. Mövzu ilə bağlı həkim-professor Adil Qeybulla Referans.az-a danışıb.
“Özəl xəstəxanaların hər birinin təchizat səviyyəsi fərqlidir. Elə xəstəxanalar var ki, onlar tam yeni və müasir aparatlar alıblar və bu aparatlar həddən artıq bahadır. Eyni zamanda xaricdə də bu aparatlar vasitəsi ilə xəstələrin yoxlanması baha qiymətə təşkil edilir. Ona görə də, bəzi özəl xəstəxanalarda qiymətlərin bu qədər fərqli olmasının səbəbi budur. Digər tərəfdən dövlət bu cür özəl xəstəxana və klinikalara müdaxilə edə bilməz. Burada rəqabət bu məsələni tənzimləyir. Bundan əlavə icbari tibbi sığorta var və insanlar bundan yararlanmalıdır. Hər yoxlanış və müayinədən ötrü özəl xəstəxanaya üz tutan xəstələr nəzərə almalıdırlar ki, bu cür xəstəxanalarda müayinə və yoxlamaların qiymətləri bahadır”.
