Dövlət sektorunda paralelçilik və təkrarçılıq davam edir
Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Osman Gündüz bildirir ki, indi də TƏBİB tabeliyində olan "Yeni Klinika" Publik Hüquqi Şəxs tender elan edib:
"Qurum səbəkə avadanlıqları, serverlər, onlar üçün lisenziyalar, kommutatorlar və s. texnoloji avadanlıqlar alacaq. Yəni, qurum özünün Data Mərkəzini daha da gücləndirir. Amma, Prezidentin fərmanı ilə məhz bu tip fəaliyyət üçün, dövlət xərclərini azaltmaq, optimallaşdırmaq və səmərəlilik baxımından "Hökumət Buludu" ( G-cloud) yaradılıb.
Yəni, dövlət qurumları özləri üçün server almağı, data baza formalaşdırmağı dayandırmalı və bu işləri bir mərkəzdə, AzİnTelecom-un Data Mərkəzində yerləşdirməliydi.
Bu məqsədlə dövlət büdcəsindən də xeyli vəsaitlər ayrılıb.
İndi belə çıxır ki, dövlət xərcləri nəinki azalıb, heç olmasa nəinki əvvəlki qaydada qalıb, əksinə büdcə xərcləri daha da artıb.
Yəni, Prezidentin fərmanında nəzərdə tutulanlar reallaşmayıb, əksinə daha pis mühit formalaşıb".
