"Bakı şəhəri, Suraxanı rayonu, 282 nömrəli məktəbdə özünü aqressiv aparan şagird tədrisinə davam edir və psixoloq dəstəyi alır".
Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, başqa məktəbdə də belə hallar müşahidə olunub: "Şagirdlərin müəyyən məhdudiyyətləri varsa, bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində addımlar atmalıyıq. Cəmiyyət belə insanlara qarşı həssas olmalıdır. Əlbəttə ki, həmin şagirdin psixologiyasında problem var. Amma onun üzərinə gedib, ittiham etməyimiz düzgün deyil. Valideynlər bu məsələyə görə şikayət edirlər. Biz cəmiyyət olaraq onlara dəstək olmalı, inkişafları istiqamətində əlimizdən gələni etməliyik".
Qeyd edək ki, Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi tədris prosesi zamanı özünü çox aqressiv aparıb, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edib. O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirib, nizam-intizam qaydalarına riayət etməyib və dərs prosesini pozub.
