Covid-19 pandemiyasının ölkəmizdə başladığı gündən 1 il 6 ay sonra – bu gün ənənəvi təhsil də bərpa olundu. Vaksinasiyanın sürətlə həyata keçirilməsi nəticəsində əvvəlki həyatımıza dönməyə başlayırıq.
Lakin bir sıra qadağalar aradan qaldırılsa da, həftəsonu ictimai nəqliyyatın işləməməsi ilə bağlı verilən qərar hələ də qüvvədədir. Bir sıra etirazlara baxmayaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bu qərarı ləğv etmir.
Ucnoqta.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa Bakıvaxtı.az-a bildirib ki, bu məsələni deputatlar Milli Məclisdə fərdi qaydada müzakirə edə bilər:
“Təbii ki, Operativ Qərargah prossesləri tənzimləmədə müsbət addımlar atır. Lakin Qərargahın ən böyük yanlışı şənbə-bazar günü vətəndaşlara verdiyi əziyyətdir. Bunu artıq sanki bilərəkdən edirlər. İlk dövrlərdə təcrübə az idi, nəyin faydalı olacağını tapmaq bir az çətin idi. Lakin bu gün küçədə dezinfeksiya işləri aparılsa gülməli görünər. Şənbə-bazar günü ictimai nəqliyyatın işləməməsinin heç bir əsası, məntiqi izahı yoxdur. Heç izahını verə də bilməzlər. Çünki burda virusun yayılması ilə bağlı heç bir problem yoxdur. Cəmiyyətdə ehtimallar var ki, bu qərardan taksi şirkətlərinin marağını güdmək üçün istifadə olunur və yaxud məqsədyönlü şəkildə vətəndaşların yoxsullaşmasına kömək etmək istəyirlər. Ya da ola bilsin ki, elə belə – kef havasına fikirləşirlər ki, bir az vətəndaş əziyyət çəksin, biz də pencərədən baxaq. Yəni bu, izahı olmayan bir davranışdır. Sahibkarlar artıq hər bir işçisinə aylıq yüz manat əlavə ödəyir ki, işə taksi ilə gəlsin. Sahibkar on işçisinə yüz manat ödəsə, aya min manat xərci çıxır. Kiçik bir mağazada min manat gəlir götürmək özü qəliz məsələdir. Yaxud şənbə günü küçəni süpürməyə gələn süpürgəçi neyləsin? Suraxanıdan Bakının mərkəzinə nə ilə gəlsin? Deyək ki, bu süpürgəçilərin taksi pulunu da ayrı-ayrı idarə müdirləri, icra hakimiyyəti təmsilçiləri ödəməli olurlar. Sabah da onların yaxasından yapışırıq ki, niyə rüşvət alırsınız. Almasın neyləsin?”
Deputat qeyd edib ki, bütün sahələr üzrə olan işçilər bu qərara görə əziyyət çəkir:
“Müəllimlərin çoxunun maşını yoxdur, məktəbə nə ilə getsin? Azərbaycanda iki mindən çox dializ xəstəsi olan insan var, xəstəxanaya necə getsin? Həkimlər, tibb işçiləri işinə necə getsin? Onlar nə maaş alır ki, takisyə də pul versinlər? Ölkədə xeyli sayda qadınlar var ki, taksiyə tək minmir. Müəyyən mənada bu, mental bir gerçəklikdir. Onlar nə etsin? Həmçinin şənbə-bazar ictimai nəqliyyatın işləməməsi ilə avtobus sürücüləri və metro işçiləri də əziyyət çəkir. Axmaq bir qayda ilə həmişə davam etməliyik?! Televiziya və media jurnalistləri əziyyət çəkirlər. Bu, olduqca ciddi məsələdir. Yüzlərlə insan onsuz da pandemiyadan yorulmuş, əzilmiş, kasıblamış vəziyyətdə qalıb. Yəni demək istədiyim odur ki, bütün kateqoriyadan olan insanları bilərəkdən zillət içinə salırlar və bunun da izahı yoxdur. Mən bu məsələyə qəti etirazımı bildirirəm. Hesab edirəm ki, bu cür yanlış qərardan, məhz bu həftəsonundan yayınmaq lazımdır. Düşünürəm ki, ölkə rəhbəri də bu məsələyə müdaxilə etməlidir. Bu artıq virusla bağlı məsələ deyil, vətəndaşa əziyyət verməkdir. Ən acınacaqlı durum isə odur ki, Təhsil naziri deyir ki, mən məktəblərdə baxdım, hamı maşınla gəlir. Bunların heç müəllimin də vəziyyətindən xəbəri yoxdur. Müəllimin ayda maaşının yarısını taksiyə verməlidir? Hələ bunu anlamırlar bunlar. İnsanları bu əziyyətdən qurtarmaq lazımdır”.
