Dünyada 65 yaş və daha yuxarı insanların sayı ilk dəfə tarixdə 5 yaşadək uşaqların sayını ötüb. Buna əsas səbəb doğum səviyyəsinin azalması və insanların ömrünün uzanmasıdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Axios” ABŞ Siyahıyaalma Bürosunun hesabatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, dünyada doğum səviyyəsinin azalması və ömür uzunluğunun artması əmək qabiliyyətli və yaşlı əhali arasındakı ənənəvi demoqrafik balansı dəyişir.
Proqnozlara görə, 65 yaşdan yuxarı insanların sayı 2025-ci ildəki 852 milyondan 2060-cı ilədək 2 milyarda çatacaq. Həmin dövrə qədər dünya əhalisinin ümumi sayının 10,23 milyarda yüksələcəyi gözlənilir.
Hesabata əsasən, 2013-cü ildə dünya əhalisinin 45%-i hər qadına orta hesabla 2,1 və ya daha az uşağın düşdüyü ölkələrdə yaşayırdı. 10 il sonra – 2023-cü ildə bu göstərici 71%-ə yüksəlib. ABŞ Siyahıyaalma Bürosu qeyd edib ki, dünya bu səviyyəyə demoqrafların on il əvvəl proqnozlaşdırdığından xeyli əvvəl çatıb.
Hesabatda bildirilir ki, hazırda dünyanın ən çox əhalisi olan iki ölkəsi – Çin və Hindistanda doğum səviyyəsi əhalinin sadə təkrar istehsalı üçün tələb olunan həddən aşağıdır. Əhalisinin sayına görə digər iri ölkələrdə, o cümlədən Banqladeş, Meksika və Vyetnamda da 2013-cü ildən etibarən doğum səviyyəsi bu həddən aşağı düşüb.
