Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və 2021-2030-cu illəri əhatə edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən dövlətimizin növbəti onillikdə əsas məqsədlərindən biri dünyada artan rəqabətə hazır olmaq üçün ölkəmizin yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır.
Belə ki, son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artmışdır.
Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bu prioritetin uğurla reallaşdırılması üçün növbəti üç məqsədə nail olunmalıdır:
XXI əsrin tələblərinə uyğun təhsilin qurulması; yaradıcı və innovativ cəmiyyətin formalaşması; vətəndaşların sağlam həyat tərzinin formalaşması.
Burada təhsilin inkişafı mühüm rol oynayır. Dövlətin davamlı inkişafını şərtləndirən amillərdən biri də yüksək səviyyəli təhsil sistemidir. Azərbaycanda XXI əsrin tələblərinə uyğun olan təhsil sisteminin formalaşmasında dövlətin iqtisadi potensialının payı mütləq artırılmalıdır.
Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır.
Bildiyimiz kimi dünya iqtisadiyyatın gündən-günə inkişaf edir və nəticədə ölkələr arasında rəqabət getdikcə artır. Bu gün Azərbaycan Respublikası regionda aparıcı iqtisadi gücə malik ölkəyə çevrilmişdir. Hazırki mərhələdə Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələr: inkişaf etmiş insan kapitalını artırmaq, sağlam ətraf mühitin təmin etmək, hər bir vətəndaş üçün geniş imkanlar yaratmaq, həmçinin iqtisadiyyatın şaxələndirilməsini sürətləndirməkdən ibarətdir.
İnsan kapitalına yönəldilən investisiyaların iki əsas istiqaməti vardır: birincisi təhsilə, ikincisi isə sağlamlığın qorunması və səhiyyənin inkişafına yönəldilən investisiyalardır.
Təhsil sisteminin yaxşılaşdırılması daha keyfiyyətli insan kapitalının yaranmasına,yeni bacarıqların kəşf olunmasına,iqtisadi artıma müsbət təsir göstərəcəkdir.
Son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən yaxşı, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrininmaddi-texniki bazası möhkəmləndirilir. Təhsil sahəsində qəbul edilən mühüm qərarlardan biri də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”dır. Proqramda iki istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Birinci istiqamət ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsini, ikinci istiqamət isə xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsini nəzərdə tutur.
Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün vacib olan prioritetlərdən biri də insan sağlamlığının qorunması və münbit şərait hesab olunur.
Azərbaycanda əhalinin sağlamlığı, səhiyyə xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin olunması dövlətimizin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir. Dövlət ətraf mühitin qorunmasına,vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait yaradılmasına, həmçinin tibbi-sanitariya və tibbi-sosial yardıma təminat verir.
Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanması da son illər ölkəmizdə səhiyyə sahəsində aparılan islahatların ən böyük uğurlarındandır. Qonşu ölkələrdə baş verən epidemioloji gərginliyə baxmayaraq, yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan kompleks profilaktik tədbirlər respublikada epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verir. Eyni zamanda gələcək illərdə səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların müasir tibbi avadanlıqla təchiz edilməsi həyata keçiriləcək və səhiyyənin idarə olunmasında həddən artıq mərkəzləşmədən imtina ediləcək, idarəetmədə sırf icraçı funksiyalarının inzibati-iqtisadi formalarla əvəz olunması üçün tədbirlər görüləcək və bununla da müxtəlif səviyyəli idarəetmə strukturlarının səlahiyyətlərinin səmərəli şəkildə ayrılması və onların fəaliyyətinin əlaqələndirilməsi təmin ediləcəkdir.
Son illər ərzində əsaslı iqtisadi və sənaye islahatları, ardıcıl şəkildə həyata kecirilmiş məqsədli dövlət proqramları, geniş xarici iqtisadi əlaqələr və akkumulyasiya edilmiş maliyyə imkanları Azərbaycanı yaxşı gələcək qurmaq üçün yeni baza ilə təmin etmişdir. İnnovasiya yönümlü iqtisadi inkişaf modelində bir sıra sahələrin inkişafı və sahələrarası əlaqələrin formalaşması böyük əhəmiyyətə malikdir. Bununla əlaqədardır ki, respublikamızda bir sıra texnoloji mərkəzlərin yenidən qurulması müsbət nəticə verə bilir.
Bundan əlavə qeyd etmək lazımdır ki, gələcək illərdə makroiqtisadi sabitlik, fiskal dayanıqlılıq, əlverişli biznes mühiti, inkişaf etmiş infrastruktur nəticəsində Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcəkdir

Neftçalalı gənc, Azərbaycan Dövlət İqtisad Universitetinin
İqtisadiyyat fakultəsinin IV kurs tələbəsi
Aytac Nağısoy
