Siyasi partiyanın qeydə alınması üçün azı ölkəmizin 1000 vətəndaşı onun üzvü olmalıdır

17:53 - 24 Aprel 2020 - KİVDF

 Siyasi partiyalar assosiasiyalar azadlığı, könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq və aşkarlıq prinsipləri əsasında yaradılır

“Partiyamız 13 ildən sonra qeydiyyata alındı. Təbii ki, əsas nəticədir və biz bu nəticədən çox məmnunuq. Buna görə də aidiyyəti qurumlara öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, siyasi partiya kimi qeydiyyata alınmağımızın əsas səbəbi ölkədə demokratik cəmiyyətin inkişafı istiqamətində aparılan islahatlardır. Ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması istiqamətində atılan mühüm addımlar bu gün geniş miqyaslı siyasi, iqtisadi, məhkəmə islahatlarına təkan verir ki, bu da çox sevindirici haldır. Əlbəttə ki, bu, ilk növbədə ölkədə iqtidar-müxalifət münasibətlərinin yeni formada qurulması,  konstruktiv danışıqların başladılması ilə bağlı ölkə rəhbərliyinin ortaya qoyduğu iradədir. Hesab edirəm ki, artıq danışıqlar gedir və ölkənin xilası, gələcək inkişafı bundan asılıdır.

Təbii ki, müxalifətçilik düşmən münasibətlər deyil. Sadəcə olaraq, siyasi partiyalar arasında başladılan yeni konstruktiv danışıqlar, bütün mənalarda ölkənin inkişafına təkan verə biləcək mütərəqqi gedişdir. Bu gün siyasi proseslərdə özlərini konstruktiv göstərmək istəyən, doğrudan da ölkənin inkişafına kömək edən partiyalarda kifayət qədər mütəxəssislər var. Nəzərə almalıyıq ki, partiyalar təkcə siyasətçilərdən ibarət deyil, orada partiyanın proqramını qəbul edən çoxlu sayda əqidəli insanlar birləşiblər. Onlar müxtəlif fəaliyyət sahələri üzrə ixtisaslaşmış mütəxəssislərdir. Bütün bu kadrları toplayaraq birgə aparılan dəyirmi masalar, fikir mübadilələri cəmiyyətin böyük intellekt gücünün bir yerə cəmlənməsidir ki, bu da ölkənin gələcək inkişafına özünün töhfələrini verə bilər”.  Bu sözləri Yeni Zaman Partiyasının sədri Musa Ağayev deyib.

Bəs, siyasi partiyaların yaradılması və fəaliyyəti: prinsipləri nədir?  Əvvala qeyd edək ki, siyasi partiya Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə  “Siyasi partiyalar haqqında” Qanuna uyğun olaraq yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir. Sualın cavabı isə bu qanunun 3-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən siyasi partiyalar assosiasiyalar azadlığı, könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq və aşkarlıq prinsipləri əsasında yaradılır və fəaliyyət göstərirlər. Siyasi partiyaların fəaliyyəti onların üzvlərinin Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələ bilməz.

Siyasi partiyanın qeydə alınması üçün Azərbaycan Respublikasının azı 1000 vətəndaşı onun üzvü olmalıdır (4-cü maddə).
Siyasi partiyanın təsis edilməsi isə qanunun 5-1 maddəsi ilə tənzimlənir. Bunun üçün  təsis qurultayının keçirilməsi, həmin qurultayda siyasi partiyanın nizamnaməsinin və proqramının qəbul olunması, rəhbər və nəzarət-təftiş orqanlarının formalaşdırılması çox vacib şərtdir. Siyasi partiyanın təsis olunduğu gündən bir ay müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, partiya üzvlərinin sayını təsdiqləyən sənəd əlavə edilməklə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün müraciət olunur.

Burada bir sual ortaya çıxır. Siyasi partiyalarla münasibətlərdə dövlətin hüquq və vəzifələri nədir. Bu suala isə “Siyasi npartiyalar haqqında2 Qanunun 13-cü maddəsi aydınlıq gətirir. Bu maddəyə əsasən, dövlət siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq onların öz vəzifələrini yerinə yetirmələri, habelə öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə yaymaları üçün bərabər hüquqi şərait yaradılmasına, partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə təminat verir. Dövlət bu Qanunun 17-1-ci maddəsinə uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının və vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə qarışmasına yol verilmir

Qeydiyyata alınmaq üçün müraciət edən siyasi partiyanın qeydə alınması qanunun 14-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, siyasi partiya “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatına alınmayan siyasi partiya dövlət qeydiyyatına alınmış siyasi partiya kimi çıxış edə və ya fəaliyyət göstərə bilməz.

Yeni Zaman Partiyası da qanun çərçivəsində qeydə alınıb. Onun sədri Musa Ağayev pəhbərlik etdiyi partiya qeydə alınmasını yüksək qiymətləndirib. O deyib: “ Əvvəldə də qeyd etdiyim kimi, bizim siyasi partiya olaraq rəsmi qeydiyyata alınmağımız, nəticə etibarilə ölkədə yeni siyasi dialoqun nəticəsidir. Düşünürəm ki, bütövlükdə əldə edilmiş bu dialoq milli siyasi həmrəyliyin yeni keyfiyyət formasına aparacaq.

Eyni zamanda biz partiya yarandığı gündən elan eləmişik və dünən də bir daha bəyan elədik ki, ümumiyyətlə, Azərbaycanda demokratiyanın inkişafı və islahatların tərəfdarı olan, Azərbaycanın təkamül yolu ilə inkişafını, ədalətli seçkilərin keçirilməsini istəyən və dialoq tərəfdarı olan bütün siyasi partiyalarla əməkdaşlıq etməyə hazırıq. Biz ölkəmizin inkişafı naminə öz vəzifələrimizi  yaxşı bilirik”.

Partiya sədri indiki məsuliyyətli dövrdə özərilərinə böyük vəzifələr düşdüyünü qeyd edib. “Bizim cəmiyyət müstəqillik dövrünə 29 ildir qədəm qoyub və bu istiqamətdə çox işlər görülməlidir. Təbii ki, cəmiyyətin təbəqələrində hamı eyni səviyyədə deyil. Bu gün hakimiyyət öz işini görür. Sadəcə olaraq müxalifət partiyaları, ictimai təşkilatlar, vətəndaş cəmiyyətləri də bu vəziyyətdən daha az itki ilə çıxmağımız üçün insanları karantin rejiminə düzgün əməl etməyə istiqamətləndirməlidir. Yaxşı olar ki, bu istiqamətdə təbliğat aparılsın və hərə öz imkanı daxilində vəziyyətdən çıxış yollarını desin. Cəmiyyətdə əks qütbdən çıxış eləmək və yaxud da hansısa problemdən, çatışmazlıqdan ajiotaj yaratmaqla insanları panikaya salmaq olmaz. Mövcud vəziyyət təbii ki, zərərlidir, insan sağlığına, həyatına təhlükəlidir. Eyni zamanda bu durum iqtisadi, sosial vəziyyətin də pisləşməsinə aparır. Ona görə də bu çətin vəziyyətdən yalnız dialoq, xalq, dövlət üçün xeyir verəcək paylaşma, yardımlaşma yolu ilə aparılan təbliğatla çıxmaq olar. Hesab edirəm ki, ictimai rəy ölkəmizin üzərini alan bütün bəlalardan qurtarmaq üçün milli birliyin, həmrəyliyin yaradılmasına köklənməlidir. Biz təkcə pandemiya deyil, ölkəmizə qarşı yönələn digər mənfi təsirlərə qarşı birlikdə mübarizə aparmalıyıq. Eləcə də sosial və digər sahələrdə də hakimiyyət və siyasi partiyaların mövcud dialoqu da məhz birgə mübarizəni tələb edir. Bizim partiya təbliğatının əsasında da yuxarıda qeyd etdiyimlər dayanır”.

T. Qafarlı

Xəbər xətti