“Qanunların aliliyi bərqərar olmuş cəmiyyətlər sivil cəmiyyətlərdir”

11:47 - 13 Mart 2020 - KİVDF

Rauf Zeyni: “Milli maraqlara xidmət edən heç bir QHT heç bir xarici təsirlərə məruz qalmayıb”

Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında qarşılıqlı əlaqələr  mövcuddur. Bunu “Üç Nöqtə”yə Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib. Onun sözlərinə görə,  hüquqi dövlət və vətəndaş cəmiyyəti özü vəhdətdə olan anlayışlardır. Onları bir-birindən ayırmaq mümkün deyil. Hüquqi dövlət o dövlətlər hesab olunur ki, orda vətəndaş cəmiyyətləri yüksək səviyyədə təmin olunur. Biz ona görə də, deyirik ki, “Kamil Vətəndaş, Sivil Cəmiyyət, Güclü Dövlət”. Bu o deməkdir ki, kamil vətəndaş öz hüquqlarını bilən vətəndaşdır, o təkcə savadlı və təhsilli deyil, o həm də vətəni üçün vuruşan, onun nüfuzunu qoruyan vətəndaşdır. Təhsil müəssisələri savadlı kadr yetişdirirsə, biz də vətəndaş yetişdiririk. Qanunların aliliyi bərqərar olmuş cəmiyyətlər sivil cəmiyyətlərdir. Qanunların aliliyi təmin olunan məhkəmə hüquq sistemi, ədalət mühakiməsi yüksək səviyyədə olan cəmiyyətlərdə insanlar öz hüquqları ilə bağlı heç bir problem yaşamırlar. Bu mənada da hüquqi dövlət vətəndaş cəmiyyəti vəhdətdədir, onlardan biri geridə qalarsa, bu o deməkdir ki, bizim problemlərimiz hələ də həll olunmayıb.

Azərbaycan bu gün regionda iqtisadi cəhətdən lider dövlətdir və milli-mənəvi dəyərlərin qorunması, təhlükəsizliyimizin qorunması baxımdan inkişaf mərhələsinə keçib. Azərbaycan 120 dövlətin birləşdiyi Qoşulmama Hərəkatına rəhbərlik edir. Bu o deməkdir ki, biz həm bu 120 dövlətə, eyni zamanda BMT-də üzv olan 200-ə yaxın dövlətə örnək olmalıyıq. Bunun üçün də bizim qarşımızda duran vəzifələr çoxdur. Biz bu fürsətlərdən istifadə edib həm Azərbaycanı dünyada tanıtmalı, həm də torpaqlarımızın işğalından tutmuş, Xocalı soyqırımını və bütün gerçəklikləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Eyni zamanda beynəlxalq təcrübəni öyrənib özümüzün inkişafını da təmin etməyə çalışmalıyıq.

Onun sözlərinə görə, vətəndaş cəmiyyətləri öz nizamnamələrinə uyğun olaraq, qanun çərçivəsində öz fəaliyyətləri ilə məşğul olurlar. Aralarında 3-5 təşkilat var ki, kənar təsirlərə məruz qalıb, onların proqramları ilə  işləyirlər. Amma Qalanları hamısı milli maraqlara xidmət edir. Xüsusilə bizim foruma üzv olan 730 təşkilatın hamısı milli maraqlara milli inkişafa xidmət edirlər. Mən Forum adından demək istəyirəm ki, milli maraqlara xidmət edən heç bir QHT heç bir xarici təsirlərə məruz qalmayıb. Bu gün onları dəstəkləmək lazımdır. Təsirlərə məruz qalanlar isə müvəqqətidir. Cəmiyyətimiz sivil, dövlətimiz yüksək səviyyədə inkişaf edəndən sonra, bu problemlərin hamısı keçmişdə qalacaq və o təşkilatlar da itib batacaqlar.

Bəs, Milli QHT forumuna daxil olmayan QHT-lərin fəaliyyəti nə yerdədir, bəs onlara kim dəstək verir, kim nəzarət edir? Bununla bağlı Rauf Zeyni bildirdi ki, onlara qanun nəzarət edir. QHT-lər azaddır, media azaddır. Bu qədər saytlar və s. var var. Hər bir qeyri-hökumət təşkilatı QHT-ə Dövlət Dəstəyi Şurasına, Gənclər təşkilatları Gənclər Fonduna, KİV-lər KİVDF-yə müraciət edirlər. Eyni zamanda ölkənizdə bu və ya digər tədbirləri, layihələri maliyyələşdirməkdən ötrü özəl qurumlar var ki, onlara da müraciət olunur.  

 O bildirib ki, müharibə şəraitində yaşayan Azərbaycanın vətəndaş cəmiyyətləri problemlərimizin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayırlar. Onun sözlərinə görə, Azərbaycanda açıq hökumətin təşviqi, şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi, rəqəmsal hökumətə keçid, islahatların aparılması, ASAN xidmətdən ta “səlis” layihəsinə qədər bütün proseslər dünya ictimaiyyətinin diqqətindədir. Avropa İttifaqı, Avropa Şurası, ATƏT bizim inkişafımızın bütün mərhələlərini müşahidə edir. Beynəlxalq aləmdən təcrid olunmamışıq və yeri gəldikdə onlar bizə öz tövsiyələrini verirlər. Azərbaycan beynəlxalq mühitdə kifayət qədər fəal iştirak edir. Bundan irəli gələrək vətəndaş cəmiyyətləri də öz tövsiyələrini, proqramlarını illik hesabatlarını daim həm aidiyyəti qurumlara, o cümlədən də beynəlxalq təşkilatlara təqdim edirlər. Ölkə başçısı dəfələrlə qeyd edib ki, bizim siyasətimizin mərkəzində vətəndaş, vətəndaşın rifahı durur.  Ona görə də bütün məsələlər ölkəmizin və dünyanın nəzarətindədir. Vətəndaş cəmiyyəti də maraqlıdır ki, bu prosesləri  sürətlə keçək. Rəqəmsal hökumətin  yaranması və vətəndaş - məmur məsafəsini sıfıra endirmək, korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirmək ideyası əsas götürülür ki, bu da şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi ilə mümkündür. Vətəndaş cəmiyyəti ilə dövlətimizin inkişafı da əlbəttə ki, bir-biri ilə vəhdət şəklində bağlıdır. Bu istiqamətdə də öz önəmli fəaliyyətimizi gücləndirməliyik.

Eləcə də, vətəndaş cəmiyyətlərinin subyektləri olan diasporalarımız, icmalar bu gün müxtəlif xarici ölkələrdə, parlamentlərdə, diasporlarda tədbirlər keçirərək səsimizi dünya ictimaiyyətinə çatdırır, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönündə işlər aparırlar. Eləcə də bu məsələlər Avropa Şurasında, ATƏT və Avropa İttifaqında da qaldırılır. Biz, o cümlədən dünyanın bir çox aparıcı media qurumları ilə işlər aparırıq. Bu mənada diqqəti Beynəlxalq Avrasiya Fondunun dəstəyi ilə Azərbaycan haqqında çəkilən 5 filmə yönəltmək olar. Milyonlarla dəyəri olan həmin filmlər Müasir Azərbaycan və onun hansı inkişaf yolu keçməsindən bəhs edir.

Bu gün Azərbaycan  turizm, dialoqlar,  idman, düşüncə mərkəzinə çevrilib. Beynəlxalq forumların keçirildiyi məkan olub. O forumlarda dünyanın aparıcı liderləri, dövlət başçıları, nazirlər, Nobel mükafatçıları, tanınmış ictimai-siyasi xadimlər iştirak edib, dünyanın vəziyyətini müzakirə ediblər. Bunlar hamısı Bakının düşüncə mərkəzi olduğunu dünyaya göstərdi və forumda iştirak edən nüfuzlu simalar bu informasiyanı öz ölkələrinə daşıdılar. Bunlar hamısı bizim ölkə başçısı cənab İlham Əliyevin, 1-ci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanımın böyük dəstəyi nəticəsində baş verib. Aparılan siyasət YUNESKO-dan tutmuş, bizim Qoşulmama Hərəkatına qədər ağır, çətin, eyni zamanda keçdiyimiz şərəfli bir yolun nəticəsidir. Bu, bu gün bizim ölkənin gəlib çıxdığı beynəlxalq zirvənin göstəricisidir. Bu gün həyata keçirilən Beynəlxalq İqtisadi layihələr Azərbaycan dövlətinin ciddi nailiyyətlər əldə etməsinin göstəricisidir. Biz bu nailiyyətləri daha da gücləndirməli, inkişaf etdirməliyik.

Əvvəl Bakı-Ceyhan-Tbilisi neft boru kəmərinin çəkilişi kimlərəsə nağıl kimi görünürdü.  Sonra Bakı – Ərzurum -Qars, Bakı - Tbilisi - Qars, TANAP, TAP və sairə layihələr reallaşdı və bu gün də Azərbaycanın nə dərəcədə böyük ciddi nailiyyətlər əldə etməsini göstəricisi kimi çıxış edir. Biz bu göstəriciləri daha yüksəklərə qaldırmalıyıq.
Dövlət vətəndaş cəmiyyətinə dəstəyin verilməsi ilə bağlı öz işini görür. Bəs ondan kənar kimlər, hansı qurumlar vətəndaş cəmiyyətlərinə öz maliyyə dəstəyini verə bilər və bu prosesdə nə dərəcədə aktivdirlər? Bununla bağlı  Rauf Zeyni bildirib ki, hamı vətəndaş cəmiyyətinin inkişafına maliyyə dəstəyi verə bilər. Bunlar cəmiyyətdə imkanı olan, o cümlədən ürəyində xeyriyyəçilik istəyi olan, “öncə vətən” düşüncəsi ilə yaşayan istənilən şirkət rəhbəri, şəxs, sahibkar ola bilər. Vətəndaş Cəmiyyəti bizim hamımızın əldə etdiyi  nailiyyətdir. Bu gün müstəqil olaraq  Vətəndaş Cəmiyyətinə öz dəstəyini verənlər var.  Amma bütövlükdə bu çox azdır. Ölkəmizdə aparıcı sahibkarlar var ki, onlar da bu istiqamətdə öz töhfələrini verməlidir.

Tahirə

Xəbər xətti