Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində və qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə paytaxtın 49 nömrəli şəhərdaxili və 515 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Bu barədə Ucnoqta.az-a AYNA-dan məlumat verilib.
Bildirilir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 25 noyabr 2025-ci il, saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov - tel: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən 515 nömrəli (Xırdalan şəhəri - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus marşrutu üzrə 1 lotda dekabrın 16-da;
49 nömrəli ("28 May" m/st - 68 nömrəli məktəb) avtobus marşrutu üzrə 1 lotda dekabrın 19-da baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.