Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq edib

18:22 - 6 Mart 2020 - KİVDF

Milli Məclisinin ilk iclası bir həftədən gec olmayaraq çağırılacaq

2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Konstitusiyanın 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılıb. Bu maddəyə əsasən, Seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib. Bəs, bu iclasda  daha kimlər iştirak edə bilər?  “Konstitusiya Məhkəməsi haqqında” qanunu 54 maddəsin də bu məsələ tənzimlənir. Bu maddənin in 5-ci bənsinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin nəticələrinin düzgünlüyünü yoxlamaq üçün keçirilən Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri, habelə Konstitusiya Məhkəməsi tərəfindən dəvət edilmiş digər şəxslər də iştirak edirlər.

İclasda məruzəçi hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib. Məruzəçi hakim qeyd edib ki, Mərkəzi Seçki Komissiyası (MSK) fevarlın 9-da VI çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər yoxlanıb. Qeyd edək ki, Milli Məclisə seçkilər zamanı seçkilərin yekunlarının yoxlanılması və təsdiqi Seçki Məcəlləsinin 171-ci maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.  Protokollar fevralın 26-da  Konstitusiya Məhkəməsinə təqdim edilib. Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Məcəlləyə uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər (171.3).

171.3 maddəsinə uyğun olaraq martın 5-də Konstitusiya Məhkəməsinin iclası keçirilib.

İclasda daha sonra hakim Rəfael Qvaladze seçkilərlə bağlı məhkəmələrə daxil olan şikayətlər barədə məlumat verib. Respublika Prokurorluğu bildirib ki, prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə 67 şikayət təqdim edilib, həmin şikayətlər aidiyyatı üzrə MSK-ya göndərilib və seçkilərin nəticələrinə təsir göstərməyib. R.Qvaladze əlavə edib ki, Milli Məclisə seçkilərlə əlaqədar Bakı Apelyasiya Məhkəməsinə seçkilərlə bağlı 72 şikayət ərizəsi daxil olub: "Bakı Apelyasiya Məhkəməsinə daxil olan ərizələrdən 13 iş aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib, 16 iş üzrə iddia mümkün sayılmayıb, 41 iş üzrə iddia əsassız olduğu üçün təmin edilməyib. Sumqayıt Apelyasiya Məhkəməsinin məlumatına görə, həmin məhkəmədə Mərkəzi Seçki komissiyasının qərarı ilə bağlı 20 işə baxılıb. 12 iş üzrə iddia təmin edilməyib, Gəncə Apelyasiya Məhkəməsində Mərkəzi Seçki Komissiyasının qərarları ilə bağlı 18 inzibati işə baxılıb. Onlardan 15 iş üzrə iddia təmin edilməyib, 3 iş isə aidiyyəti üzrə göndərilib. Şirvan Apelyasiya Məhkəməsinə 24 ərizə daxil olub. 16 ərizə təmin edilməyib, 4 ərizə mümkün sayılmayıb, 1 ərizə aidiyyəti üzrə göndərilib. Şəki Apelyasiya Məhkəməsinin məlumatına görə, həmin məhkəmədə MSK-nın qərarı ilə bağlı 18 ərizəyə baxılıb. 15 iş üzrə ərizələr təmin edilməyib, 3 iş üzrə isə ərizələr mümkün sayılmayıb. Naxçıvan Ali Məclisinin məlumatına görə, MSK-nın qərarından məhkəməyə 1 ərizə daxil olub və iddia təmin edilməyib. Ali Məhkəmənin məlumatına görə, həmin məhkəmə tərəfindən 78 işə baxılıb. Onlardan 64 iş üzrə Apelyasiya Məhkəmələrinin qərarları dəyişdirilmədən saxlanılıb. 3 iş üzrə məhkəmə qərarları ləğv edilib, 9 iş üzrə isə şikayət mümkün sayılmayıb".

İclasda Mərkəzi Seçki Komissiyasının sədri  Məzahir Pənahov çıxış edib.  M.Pənahov bildirib ki, namizədlərin irəli sürülməsi və onların qeydə alınması prosesi Seçki Məcəlləsinə  ( Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi ( maddə 146),  Milli Məclisə seçkilər zamanı namizədin qeydə alınması (maddə 148). uyğun şəkildə həyata keçirilib və seçkilərdə 1314 namizəd iştirak edib. O qeyd edib ki, seçkiqabağı təşviqatla bağlı namizədlər üçün lazımi şərait yaradılıb və onların seçicilərlə görüşməsi üçün heç bir məhdudiyyət qoyulmayıb. Namizədlərin təşviqat aparması üçün KİV-lərin imkanlarından istifadəsi üçün hər cür şərait yaradılıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilər olub.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edib. 573 məntəqədə 340 689 məcburi köçkün səs verib. Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib. Parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası və "AJF&Associates İnc." təşkilatı (Amerika Birləşmiş Ştatları) (birgə), Rəy Monitoqrinq Mərkəzi, "İnsan Hüquqları XXI əsr – Azərbaycan" Fondu və Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu (birgə) "exit poll" keçirəcək qurum kimi qeydə alınıb.

İclasda daha sonra ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov çıxış edib. O, seçkilərin qanunvericiliyə uyğun şəkildə keçirildiyini deyib və müsbət rəy verib.

Çıxışlardan sonra hakimlər müşavirəyə yollanıb. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq edib.

Qeyd edək ki, Milli Məclisə seçilmiş deputatların qeydə alınması Seçki Məcəlləsinin 173-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, dairə seçki komissiyası seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş namizədə dərhal bu barədə məlumat verir. Deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim edirlər (173.1). Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.

Yeni seçilmiş Milli Məclisin ilk iclası isə bir həftə ərzində keçiriləcək. Bu məsələ  Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə,  Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

Xəbər xətti