“Biznesdə hər zaman “B” planı olmalıdır”

19:18 - 12 Fevral 2020 - Müsahibə

Mehman Bədəlzadə: “İşi qurmaqdan çox onu davam etdirmək çətindir”

“Work and travel” proqramı ilə bir neçə dəfə Amerikada işləməyə gedir. Və artıq proqramla bağlı detallı məlumatlı olduqdan sonra isə bu sahə üzrə öz işini qurmağa qərar verir. Və artıq uzun müddətdir ki, bu sahədə çalışır. Müsahibimiz "USE Study Group”un təsisçisi Mehman Bədəlzadədir.
Qeyd edək ki, M.Bədəlzadə 1986-cı ildə Qubada dünyaya göz açıb. Quba özəl türk liseyini bitirdikdən sonra İqtisad Universitetinə daxil olub, beynəlxalq iqtisadi münasibətlər üzrə oxuyub. Avstraliyanın Sidney Universitetində onlayn şəkildə magistratura təhsili alıb.

- Bir qrup tələbə elə tələbə vaxtı işləməyə başlayır, bir qisim isə universiteti bitirməyini gözləyir. Siz işləməyə nə vaxt başlamısınız?
- Mən birinci kursdan yarımştat işləməyə başlamışam. Dərsdən əlavə gündəlik vaxtım olurdu və onu işləməyə sərf edirdim.

- Hansı işlərdə çalışırdınız? Öz sahənizlə bağlı idi?
- İşimin təhsilimlə bağlılığı yox idi. İlk olaraq ingilis dili müəllimliyi etdim. Ümumilikdə, tələbə vaxtı oteldə, əmlak şirkətində işlədim. Ancaq bu işlərdə mən dərs vaxtı çalışırdım. Yay aylarında isə “Work and travel” proqramı vasitəsilə Amerikada işləyirdim.

- 1-ci kursda oxuyanda ingilis dilini tədris edəcək dərəcədə mükəmməl harda öyrənmişdiniz?
- Mən Quba özəl türk liseyini bitirmişdim. Orda tədris ingilis dilində idi. 5 il ingilis dilində orda təhsil almışdım. 2003-də orta məktəbi bitirmişdim. 2003-2004-cü illərdə isə “Flex” proqramı vasitəsilə bir il Amerikada orta məktəbdə oxumuşam. Ona görə 1-ci kursda oxuyanda, ingilis dili ilə bağlı heç bir problemim yox idi.

- “Work and travel” proqramı ilə getmək üçün tələbənin pulu olmalıdır. Bu pulu özünüz işlədiyiniz işlərdən qazanırdınız, yoxsa evdən alırdınız?
- Yox, valideynlərdən almamışdım. 1-ci il dostumdan borc götürüb getdim. Qayıdanda borcumu ödədim. Sonrakı illərdə isə artıq işləyib gəlmişdim, əlimdə pul var idi, üstəlik də Azərbaycanda işlədiyim yerlərdə də maaşım artmışdı, ona görə proqramın xərcini özüm qarşılayırdım. Təcrübəm artırdı, fərqli, yüksək maaş verən işlərə keçdikcə gəlir də artırdı.

- Bəs öz işinizi qurmaq qərarı verməyiniz necə oldu? Nə vaxt başladınız?
- Mən "USE Study Group”u qurmaq qərarına 2008-ci ildə - sonuncu kursda oxuyanda gəldim. Çünki şirkətdə təqdim etdiyim bütün xidmətlərin proqramlarında iştirak etmişdim, məlumatım var idi. Ona görə bu tip şirkət qurmağı planlayırdım. Təhsil şirkətləri ilə bağlı təcrübəliydim. Bəziləri ilə müqavilə ilə işləyirdim. Onlara tələbə cəlb edirdim, onunla bağlı da mənə ödəniş edilirdi. Hardasa 2 ay belə işlədim. Əslində, ona sırf iş də deməzdim. Çünki özüm o şirkətin xidmətindən istifadə edirdim, sadəcə tanışları da yönəldirdim. Onun özü də bir təcrübə oldu. Ona görə şirkəti qurmaqla bağlı məlumatsız deyildim. Bir də maliyyə lazım idi, onu da “Work and travel”dən qayıdanda böyük məbləğ etdim, onu düzgün şəkildə istifadə etmək üçün öz işimi qurdum. O da uğurlu alındı.

- İşin reklamını necə apardınız?
- İlkin mərhələdə ətrafımdakı insanları bu işimizlə tanış etdik. Daha sonra artıq sosial şəbəkələr üzərindən reklamımızı apardıq. Çünki bizim təklif etdiyimiz proqramlardan istifadə edənlər gənclər idi ki, onların da olduğu yer əsasən sosial şəbəkələrdir. Biz də bu istiqamətdə reklamımızı qurub işimizi gördük.

- Neçənci ildə işi qurdunuz?
- 2009-da.

- Artıq 10 ildir. Bir işi qurmaqla yanaşı, onu davam etdirmək də çətindir. Bu müddətdə qurduğunuz işi ayaqda saxlamaq prosesi necə getdi?
- Mənə görə işi qurmaqdan çox onu davam etdirmək çətindir. 10 il uzun bir vaxtdır. Hər bir biznesin qalxan və enən diapazonları var. Onları düzgün şəkildə gəzsəniz, yəqin ki sizdə biznes  uğurlu alınacaq. Biznesdə hər zaman “B” planı olmalıdır. Təbii ki bir iş sıfırdan qurulursa və illərlə davam edirsə, orda zaman-zaman problemlərin olması da qaçılmazdır. Əsas olan onları həll etməkdir. Ona görə işi bu qədər ayaqda saxlamaq heç də asan olmayıb. Üzləşdiyimiz problemlər bizi daha da möhkəmlətdi. Hətta o problemlərdən biz bəzi fürsət də əldə etdik. İşin uğurlu olmasının ən vacib tərəflərindən biri də düzgünlük və şəffaflıqdır. Partnyorlarla münasibətdə sən şəffaf olursansa, çətin dönəmlərdə onların sənə köməyi dəyir.

- İşçi cəlb etmək məsələsi necə oldu? İlk vaxtlardan artıq işçiləriniz var idi?
- İlk vaxtlar əslində işçi cəlb etməmişdim, sadəcə olaraq bir nəfər köməkçim var idi. İkimiz işləyirdik. Adı Nəsib idi, hazırda Amerikadadır. İşlə yanaşı, həm də dost idik. Daha sonra Cavid adlı qrup yoldaşımla birlikdə çalışmağa başladıq. İlk vaxtlar bütün işi özüm görürdüm, onlar mənə bəzi xırda sənədləşmə işlərində köməklik edirdilər. Demək olar ki, əsas işçi mən idim. Fəaliyyətə başladığım ilk il yarım belə olub.

- Çox gənc yaşda rəhbər olmusunuz. Rəhbər olmaqla bağlı ilk vaxtlar səhv etdiyiniz hansı məqamlar olurdu?
- İlk məqamlarda təbii ki səhvlər olurdu. O səhvləri mən informasiya azlığından edirdim. Yəni oxuyub öyrənə biləcəyim informasiyalarım var idi, bununla bağlı araşdırıb oxuyurdum, öyrənirdim. Ən böyük səhvlər təcrübəsizliklə bağlı olurdu. Məsələn, kimisə işə götürürdüm. Müsahibə mərhələsindən sonra ona işləri öyrətməyə başlayırdım. Həmin adam hər hansı bir işi bacarmayanda, kömək edirdim, yaxud həmin işi onun yerinə özüm görürdüm. Bir müddət sonra fərqinə vardım ki, həmin işçi 7-8 aydır işləyir, ancaq bəzi işləri hələ də onun yerinə mən edirəm. Və artıq mən üzərimə iki-üç qat artıq yük götürmüş olurdum. Götürdüyüm işçinin faydası 100 deyil, 50-60 faiz olurdu. Ən böyük səhvim isə, işə götürdükdən sonra çox xoşgörü ilə yaxınlaşıb onlara yardımçı olmaqdır. Belə olan halda bir müddət sonra görürsən ki, bütün işi özün görürsən. O, heç nə etmir.

- Zamanla bu cəhətdən təcrübə sizə nəyi öyrətdi?
- Təcrübə onu öyrətdi ki, bir kadrı işə götürmək üçün ilk olaraq onu yoxlama müddətindən keçirmək lazımdır. Ən vacib faktor mənim üçün bu oldu. İşçiyə bələd olmaq önəmlidir. Bu gün bir çox adam şikayət edir ki, diplomum var, universitet məzunuyam, amma iş tapa bilmirəm. Əslində iş çoxdur, amma iş tapılmamasının ən böyük səbəblərindən biri özləridir. Çünki stabil olaraq bir yerdə işləmək üçün iş ədəbi, etikası olmalıdır. O adamlar bundan çox kənardırlar deyə, iş tapmaqda çətinlik çəkirlər. Ola bilər ki, diplomları var, iş cəhətdən əvvəllər sertifikatlar alıblar, amma onlar da köhnəlir. Kadr yeniliyə uyğunlaşmalıdır. Əks halda onlar yeni dünyaya ayaq uydura bilmirlər.

Digər tərəfdən, mən öyrəndim ki, işlədiyimiz proses ərzində mən işçiyə hər zaman yeniliklərə qapı açmalıyam ki, öyrənsin. Amma təbii ki bu yenə də insanın özündən asılıdır. Əgər insan öyrənmək istəyirsə, onu öyrətmək lazımdır. Öyrənmək istəməyənin işinə xitam vermək daha yaxşı olar.

- Bildiyim qədərilə başqa sahədə də nə isə iş qururdunuz. O nə ilə bağlıdır?
- Təbii ki, təhsil sahəsində işə başlayandan 5-6 il sonra yeni bir istiqamətlərə də əl atmağa başladım. Mənim üçün təhsilə ən yaxın sahə turizm idi. Çünki mütəmadi olaraq bizdən gedən tələbələr var. O tələbələrin bəziləri gedib gələndən sonra səyyah kimi səfərlər etmək istədiklərini bizə bildirirdilər. Məsləhətlər almaq istəyirdilər. Çünki onlar bizim proqramda iştirak edəndən sonra bizim ofis onlar üçün doğma olurdu. Bu doğmalıq daimi olaraq bizdə qalırdı. Və bu şəkildə turizm şirkətini başladım. Hazırda bu şirkət üzərində işlər gedir. Çünki turizm işinin sırf yeni çağa, yeni dünyaya ayaq uydurmasını istəyirəm. Bunun başında da duran odur ki, yeni çağ elektronik, yəni internet üzərindən olan biznes tələb edir. Turizm biznesini də internet üzərində qurmaq istəyirəm. Hazırda bununla bağlı dördüncü ildir çalışmalarım gedir. İnternet veb saytı hazırlanacaq. O hazır olduqdan sonra insanların bilet almasını vaxt cəhətdən daha səmərəli edəcək. Bilet və turizm ehtiyaclarını ödəməsi üçün belə bir platforma yaradıram.

Bununla paralel olaraq da sırf mənəvi və əsəb iş gərginlikdən sonra rahat iş sistemi qurmuşam. O da kənd təsərrüfatı - “Ranchi MMC” adlanan ördəkçilik biznesidir. Ördəkçilikdən daha çox zövq alıram, nəinki maddi maraq güdürəm. Kiçik bir təsərrüfatım var, həftənin bir, yaxud yarım gününü ora ayırıram. Gedib sadəcə sinir dinlənməsi edirəm.

Könül Oruc


Xəbər xətti