Ruslan Sabirli: “Mentalizmi Azərbaycana mən gətirmişəm”

10:36 - 5 Noyabr 2019 - Müsahibə

“Uşaqlıqda kimsə yalan danışanda bilirdim”

“Mənim missiyam insanların yalanlarını ifşa etmək deyil. Ona görə də insanların yalanlarını üzə vurmuram. Heç buna enerji də sərf etmirəm. Sadəcə, özüm üçün cavabı alıram və ona uyğun yoluma davam edirəm. Ola bilər, sual verəsiniz ki, sevdiyiniz insanlar yalan danışsa, necə? Onlarda qlobal yalanlar olmur, olmadıqları üçün də sevdiklərimdir”. Ucnoqta.az-ın suallarınıaktyor, mentalist Ruslan Sabirli cavablandırır.

- Ruslan bəy, zəhmət olmasa ilk olaraq özünüzü oxuculara təqdim edin...
- Ruslan Sabirli kimdir? Tamaşaçılar məni aktyor kimi tanıdığından elə deyim ki, Ruslan Sabirli aktyordur. Amma mən aktyorluqla yanaşı digər işlərlə də məşğul oluram. “Booktrailer” festivalının təsisçisiyəm. O festivalın ki, bizim xalqı maarifləndirir. Daha sonra mən mentalistəm. Bir sözlə, aktyor, prodüsser və mentalist Ruslan Sabirli.

- Hazırda aktyor kimi fəaliyyət göstərirsinizmi?
- Hal-hazırda heç bir kinoya və seriala çəkilmirəm. Səbəb isə özümü efirdə olan serial və kinolarda görməməyimdir. Düşünürəm, bir dövr var idi ki, serialları istedadlı insanlar çəkirdi və yaxşı işlər ortaya çıxırdı, həm senari baxımından, həm rejissorluq baxımından, həm də komanda baxımından. Amma sonra təəssüf ki, bu hal zəiflədi. Demirəm ki, istedadlı insanlar yoxdur. Xeyr, onlar da var. Amma istedadsızlarla müqayisədə azdırlar.

- Oynadığınız rollar içərisində sizə ən yaxın olan hansı olub?
- Xarakterimə yaxın obraz “Muradına çatan günəş” serialında “Murad” obrazı olub. Polis kapitanı idim. Çox düzgün, ədalətli insanı canlandırırdım. Sevdiyim isə “Sənə inanıram” serialında “Həmid” obrazı olub. Bu obraz məni digər rollardan daha çox tamaşaçılara, sən - Rövşənə sevdirib. Özümün də bu obraza bir simpatiyası var idi və onu oynamaq çox maraqlı gəlirdi mənə. Qəfil qərarlar verən bir obraz idi “Həmid”. Düzdür, xarakterimdən fərqli bir obraz idi, amma sevirdim.

-“Həmid” kimi sual verim sizə. “Həmid” serialda senaridən kənar nəyi görmək istəyərdi?
-İstəyərdim, “Əminə” ölməsin. Yaşasın, “Həmid”lə birlikdə xoşbəxt olsun. Ölməmişdən öncə isə istəyərdim ki, “Əminə”nin başına pis hadisələr gəlməsin. “Əminə” uşaq düşüncələrinin qurbanı olmasın.

-“Sənə inanıram”ın “Həmid”i olmaq necə bir hiss idi?
-Çox gözəl. Ümumiyyətlə, aktyorluq peşəsinin özü maraqlıdır. Çünki, sən aktyor kimi özün olmursan, kiminsə həyatını canlandırırsan, fərqli həyatları oynayırsan. Fikirləşirəm ki, aktyorluqda bir sehr, bir sirr var. Sən müxtəlif taleləri canlandırdıqca həmin sehr və sirr səndə maraq oyadır. Aktyorluq dünyasına daxil olan insan oradan ayrılmaq istəmir. Bir də bunu deyim, aktyorluq peşəsi yalan peşədir. Təsəvvür edin, Ruslan Sabirli gəlir və tamaşaçıları “Həmid” kimi inandırır. Xaraktercə yalanı sevməsəm də, amma aktyorluğu sevirəm. Paradoksal bir haldır.

-Bir az da mentalizmdən danışaq. Bunun nə demək olduğunu insanlarımıza aşılayaq...
-İlk olaraq deyim ki, mən yenilikçi insanam. Çox sevirəm ki, yeniliklər edim. Mentalizmi də Azərbaycana mən gətirmişəm. Bu “Booktrailer” festivalında da belə olmuşdu. Heç kimin ondan xəbəri olmayanda mən o festival barəsində məlumat vermişdim. Mentalizm nədir? Mentalizm bacarıqdır, qabiliyyətdir. Sözün kökü “mental”dır. Mentalizm insan şüuruna və fikrinə əsaslanır. Burada sən digər insanın fikrinə təsir edirsən, onun beynindən bəzi məlumatları oxuya bilirsən. Bilirsiniz ki, informasiyanın müəyyən bir hissəsi gözlə qəbul edilir. Məhz göz kontantı ilə mən fikirlərə müdaxilə edirəm.

-Özünüzdə mentalist qabiliyyətlərin olduğunu nə zaman aşkarlamısınız?
-Uşaqlıqdan. Uşaqlıqda kimsə mənə yalan danışanda bilirdim. Gözlərinə baxaraq bunu anlayırdım. O vaxt bunu qeyri-adi hal kimi qəbul etmirdim. Elə bilirdim ki, hamıda belədir. Böyüdükcə anladım ki, xeyr, hər kəsdə belə hal yoxdur. Uşaq vaxtı bir foks göstərənlə tanış olmuşdum. O, bir kart fokusu göstərmişdi və seçdiyim kartı tapmışdı. Mən ondan xahiş etmişdim ki, bunu mənə də öyrətsin, o isə öyrətməmişdi. Demişdi ki, get, özün tap. Məndə maraq oyandı. Gəldim evə, başladım düşünməyə. Ailə üzvlərimə kart seçdirib gözlərinə baxa-baxa tapmağa başladım. Sonradan həmin foksçuya bunu göstərəndə sual verdi ki, bunu necə tapırsan?

-Ruslan bəy, qabiliyyətlərinizdən danışaq. Nələri bacarırsınız?
-Belə bir cümlə var: “İstedadlı insan bütün sahələrdə istedadlıdır”. Mentalizmlə bağlı soruşursunuzsa, insanların fikrini oxuya bilərəm, başqasının düşüncəsinə təsir göstərə bilərəm. Əlimdə enerji var, kiməsə təsir edə bilərəm. Mentalizmin çox qolları var. Gələcəkdə onların hər biri ilə insanları tanış edəcəm.

-Qeyri-adi vergiyə sahibsiniz. Heç olubmu, kiminsə fikrini oxuyasınız ki, nə düşünür? Yaxud da kimsənin fikrinə təsir göstərdiyiniz məqamlar olubmu?
-Sizə deyim, o qədər dürüst adamam ki, sui-istifadəni heç bir zaman qəbul etməmişəm. Çalışmışam ki, nailiyətlərimə düzgün yanaşım. Mentalizmi səhnədə çıxış edərkən, dostlar xahiş edərkən göstərmişəm. Başqa situasiyalarda istifadə etməmişəm və fikrim də yoxdur.

-Nələrinsə başınıza gələcəyini əvvəlcədən hiss edə bilirsinizmi?
-Hərdən olur. Çox ekstrimal şeyləri əvvəlcədən hiss edirəm. Onlar da ki, neqativ olduqları üçün danışmaq istəmirəm.

-Bildiyim qədərilə musiqilər də bəstələyisiniz. Bir az da bəstəkarlıq fəaliyyətinizdən danışaq.
-Özümü bəstəkar hesab eləmirəm. Bunu başqa nə cür adlandırmaq olar, bilmirəm. Gəlin, həvəskar bəstəkar deyək. Melodiyaları sevirəm. Əhvalıma düşəndə, ilham pərim gələndə piano arxasına keçib nələrsə bəstələyirəm. Artıq 10-a yaxın musiqi var. Yaxınlarda bir disk buraxıb, dost-tanışa hədiyyə etmək istəyirəm. Musiqilərin bəziləri “youtube”da var.

-Yəqin ki, işləriniz çox olur? Bəs mütaliəyə necə vaxt ayıra bilirsinizmi?
-Mütaliəyə zaman ayırıram. Amma bədii ədəbiyyata deyil. Daha çox elmi əsərlər oxuyuram. Ki, özümü təkmilləşdirim və yeni-yeni biliklər əldə edim. Oxuduqlarımın fonunda bədii ədəbiyyata vaxt ayırmağı zaman itkisi kimi qəbul edirəm. Gənclik dövrümdə oxumuşam, lakin indi yalan deməyərək söyləyirəm ki, xeyr, bədii ədəbiyyat mütaliə etmirəm.

-Həyatınızda yalan danışmısınız? Buna sizi nə vadar edib?
-Yalanı sevmirəm və danışmıram. Ola bilər, uşaq vaxtı yalan danışaram. Oxucu deyə bilər ki, necə olur? Axı uşaq ən azı bir dəfə də olsa, yalan danışır. Mən onları yalan hesab etmirəm. Bunu da vurğulayım, əgər danışacağım yalan kiminsə həyatını xilas edərsə, o zaman danışaram. Başqa istənilən halda heç bir zaman yalan danışmaram. Bir az öncə dedim, axı mən düzgün  insanam. Buna görə də dürüstlüyü sevirəm.

-İnsanları tez inandıra bilirsiniz?
-Bəli. İnandıra bilirəm. Bu yəqin ki, Allah tərəfindən verilmiş bir qabiliyyətdir. İnsanlarla ünsiyyətdə onların səmimiyyətini, güvənini tez qazana bilirəm. Bu da bir xoşbəxlikdir ki, hər kəsə nəsib olmur.

-Bəs sizi inandırmaq asandır?
-Xeyr, əlbəttə. Çünki, insanların qeyri-səmimiliyini görə bilirəm, yalan danışmaqlarını duya bilirəm. Ona görə də məni inandırmaq çətindir.

-Ətrafınızda qeyri-səmimi insanların sayı çox olub?
-Olub deyəndə ki, indi də var. Niyə olub? Niyə keçmiş zaman? Sizin ətrafınızda yoxdur? O qədərdir ki. Siz haradan bilirsiniz ki, sizin fotoqrafınız sizinlə səmimidir?

-Dediniz ki, insanlar yalan danışanda bilirəm. Bəs bu vergi sizi onlardan uzaq tutmur?
-Mənim missiyam insanların yalanlarını ifşa etmək deyil. Ona görə də insanların yalanlarını üzə vurmuram. Heç buna enerji də sərf etmirəm. Sadəcə, özüm üçün cavabı alıram və ona uyğun yoluma davam edirəm. Ola bilər, sual verəsiniz ki, sevdiyiniz insanlar yalan danışsa, necə? Onlarda qlobal yalanlar olmur, olmadıqları üçün də sevdiklərimdir.

-Heç tənhalaşmırsınız? Axı insan yalan danışan birisindən uzaq olmaq istəyir...
-Mən insanları demək olar ki, yaxın buraxmıram. Heç bir halda ! Yalnız seçilmiş insanlar yaxınımda ola bilərlər. Onların da sayı azdır. Bir də, mən daxilən tənha insanam, tənha qalmağı sevirəm. Tənhalığa qapılmasam, enerjimi bərpa edə bilmərəm.

-Ruslan bəy, həyatda nədən qorxursunuz?
-Qorxu hissi...Heç nədən qorxmuram. Bəziləri deyir ki, ölümdən qorxuram. İnanın səmimiyyətimə ölümdən də qorxmuram.

Rövşən Tahir
Fotolar: Elgün Calalzadə

Xəbər xətti