“Muğam həyatımın bir hissəsi, özü də önəmli bir hissəsi deməkdir”

Əməkdar artist, xanəndə Təyyar Bayramov: “Muğam məni Təyyar Bayramov etdi”

“Müəllimlik peşəsi əzablı günlərlə, tələbəyə sənətin bütün sirlərini öyrətməklə zəngin olmalıdır. Mən müəllimliyi də Mənsum müəllimin simasında sevmişəm”. “Üç nöqtə” qəzetinin bu dəfəki qonağı Respublikanın əməkdar artisti, xanəndə Təyyar Bayramovdur.

- Başlayaq elə UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının rəsmi açılış mərasimindəki çıxışınızdan…
- Mənim üçün böyük bir şərəf oldu. Bu şəraiti mənə yaratdığına görə Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm. Çıxışlarımda qeyd etmişəm, konsertdən təqribən 2 ay əvvəl mənə məlumat verdilər ki, Sami Yusuf ölkəmizdə çıxış edəcək və oğlum Kənanı da o tədbirdə görmək istəyir. Bir ay keçdikdən sonra isə yenidən zəng etdilər ki, sizi də bu tədbirdə görmək istəyirik. Mənə xoş oldu. Sami Yusif Azərbaycana gəldi və biz bütün qüvvəmizi ortaya qoyub məşqlərə başladıq. Gərgin məşq prosesi olsa da əzmlə çalışırdıq, yorulmurduq. Çünki, bu tədbirdə ölkəmizi təmsil edirdik. Sonunda çox gözəl bir kompozisiya ilə dinləyicilərin rəğbətini qazandıq.

- Muğam Təyyar müəllim üçün nə deməkdir?
- Muğam mənim üçün həyatımın bir hissəsi, özü də önəmli bir hissəsi deməkdir. Əgər mən əvvəl Bayramov Təyyar idimsə, muğam məni Təyyar Bayramov etdi, xalqa tanıtdı. Onun sayəsində mən ölkəmizi 30 ölkədə təmsil etdim. Muğam mənə hazırda müsahibə aldığınız Azərbaycan Milli Konservatoriyasında müəllim olmaq, Əlibaba müəllim Məmmədov, Arif müəllim Babayev, Alim müəllim Qasımov, Mənsum müəllim Qasımov, Aygün xanım Bayramova, Nəzakət xanım Teymurova və digər sənətkarlarımızla birlikdə çalışmaq, Opera və Balet Teatrı kimi möhtəşəm bir məkanın səhnəsində çıxış etmək imkanı verdi. Bunların hər birini muğama borcluyam.

- Muğamı ifa edərkən necə hansı hissləri keçirirsiniz?
- İnsan hər dəfə eyni hissdə ola bilmir. Əhval-ruhiyyə böyük rol oynayır. Ola bilir ki, xoş ovqatda olursan, ola da bilir ki, pis. Bunu özün hiss etsən də, dinləyiciyə hiss etdirməməlisən.

- Bilirik ki, siz hüquq elmindən imtina edib muğama gəlmisiniz. Heç peşmançılığınız olubmu?
- Xeyr, qətiyyən olmayıb. Bəzən insanın görünməyən bir tərəfi olur. Ola bilər ki, üzə çıxanda insan parlaya bilsin. Peşmançılıq o zaman olardı ki, hansısa bir uğura imza atmazdım. Bir də Allahın yazısı deyilən bir şey var. Demək ki, mən muğamda olmalı və Vətənimizi musiqi sferasında təmsil və təbliğ etməli idim. Bir haşiyəyə çıxım. Mən bu sənətə gəlişimi Mənsum müəllim İbrahimova borcluyam.

- Bir az da Opera və Balet teatrı səhnəsindəki ilk rolunuzdan danışaq.
- Operaya 2004-cu ildə Mənsum müəllimin təşəbbüsü ilə getmişəm. İlk rolum “Leyli və Məcnun” operasında İbn Səlam olub. Ustadımla bir səhnəni bölüşmüşəm ki, bu da mənim üçün böyük bir şərəfdir. Daha sonra digər rollarda yer alsam da, İbn Səlam mənə çox doğmadır.

- Hazırda bu teatrda hansı tamaşalardasınız? Və rollarınız haqqında...
- “Şah İsmayıl”da Şah İsmayıl baş rolunun, “Natəvan”da aşıq, “O olmasın, bu olsun”da xanəndə, “Aşıq Qərib”də Aşıq Sarı rollarının ifaçısıyam.

- Uşaqlıq xatirələrinizin bol olduğu bir məkanı - Ağdamı necə xatırlayırsınız?
- Şirin uşaqlıq xatirələrimin zəngin olduğu məkan sonra acılı günlərlə yadda qalıb. Uşaqlığım Ağdamda o qədər gözəl keçib ki...Lakin sonradan oranı mənfur düşmənlərimiz işğal etdi. İnşaAllah bir gün yenidən ora qayıdarıq və o gün yaxınlarda olar.

- Oğlunuz sizin istəyinizlə bu sənətdədir ya sizə baxıb sənət sevgisi yaranıb?
- Təbii ki, mənə baxıb və sənətə sevgisi yaranıb. Hər zaman evdə milli musiqiyə qulaq asıldığına görə o abu-havada böyüyüb. Bir maraqlı faktı qeyd edim, uşaqların böyük qismi cizgi filminə baxmağı sevdiyi halda mənim oğlum kiçik yaşlarında milli musiqiləri dinləyərdi və “Şah İsmayıl”, “Leyli və Məcnun” tamaşalarına baxardı. Ona görə də, demək olar ki, operadan parçaları bu gün əzbərdən bilir. Oğlum da ustadımın-Mənsum müəllimin yetirməsidir.

- Tələbə olmaq ya müəllim? Bunlardan hansı daha məsuliyyətlidir?
- Hər ikisinin ayrı-ayrılıqda məsuliyyəti var. Tələbə kimi sən nəsə öyrənirsən, müəllim kimi isə sən nəsə öyrədirsən. Öyrənməlisən ki, öyrədə biləsən. Müəllimlik peşəsi əzablı günlərlə, tələbəyə sənətin bütün sirlərini öyrətməklə zəngin olmalıdır. Mən müəllimliyi də Mənsum müəllimin simasında sevmişəm. Müəllimlikdən söz düşmüşkən tələbələrim haqqında da qeyd etmək istəyərdim. Ölkəmizdə keçirilən son 3 muğam müsabiqəsinda mənim tələbələrim-Məhəbbət Səfərov, Almaxanım Əhmədli, Pərviz Qasımov, Rəvanə Əmiraslanlı, Xəyal Hüseynov, Faiq Əkbərov layiqli yer tutublar. Mən bu uğurlarımı da Mənsum müəllimə borcluyam. Çünki, o məni bu sənətə gətirib, müəllimlik peşəsini sevdirməsəydi, mən bunlara sahib olmazdım.

- Təyyar müəllim üçün xalq musiqilərindən hansı daha doğmadır, yəni onlardan hansını özünün uğurlu musiqisi hesab edir?
- Bilirsiniz ki, mən incəsənətdə “Şahnaz” muğamı ilə tanınmışam. Yəni, hara getmişəmsə, məndən bu muğamı istəyiblər. Düzdür, digər mahnıları da ifa edirəm, amma “Şahnaz” muğamında mənə bir doğmalıq var. Bəlkə də, sənətə onunla başlamışam, ondan irəli gəlir ki, “Şahnaz” muğamı mənə əzizdir. Bəlkə də, ruhuma bu muğam yaxındır.

- Təyyar müəllim, dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm.
- Siz də çox sağolun.

Rövşən Tahir
Fotolar: Elgün Calalzadə

Tarix
25 Sentyabr 2019 [11:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-09-25 11:43:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin