“Sanki, mənim çiynimə bir missiya qoyulub, sən hamını dəfn etməlisən”

20:44 - 17 Sentyabr 2019 - Müsahibə

Zamirə xanım Dadaşova: “İtki deyəndə tənhalıq yadıma düşür”

“Mən gücsüzəm, sadəcə kənardan məni güclü görürlər. Əslində mən güclü deyiləm, mən məcburam güclü olmağa. Həyat məni məcbur edir ki, güclü olum. Yəni, mənim başqa çıxış yolum, başqa bir variantım var?”
“Üç nöqtə” redaksiyasına ürəyini bu dəfə hər kəsə “Ürəyini mənə aç” deyən aparıcı Zamirə xanım Dadaşova açdı.

-İtirmək hissi, bunu Zamirə xanım necə ifadə edə bilər?
- Əslində mənim üçün gözlənilməz bir sual oldu. İtirmək, acı, kədər… İtki nədir? Mənim üçün qardaşdır, anadır, bacıdır, doğmalarındır ki, onlar yanında deyil. Kimsə təəssüf edir ki, mən malımı, mülkümü itirdim, amma mənim üçün itki insanla bağlıdır. İtki deyəndə tənhalıq yadıma düşür. Bu elə bir hissdir ki, tək-tənha özün-özünlə qalırsan, gecələri sevmirsən. Bəzən deyirlər ki, övladların-iki oğlun, həyat yoldaşın var, onlara bax, sevin. Onları sevirəm, amma məni onlar tam şəkildə xoşbəxt eləmir. Sanki, nəsə çatmır və mən o boşluğu doldurmaq üçün nəsə axtarıram. Hərdən deyirəm ki, kaş anam olaydı, qardaşım olaydı...İtki, bax, budur, qorxu. O qorxu ki, üzr istəyirəm, 7 aylıq hamilə olduğum zaman 6 nəfər ailə üzvümü itirməklə başladı və bu gün belə içimdə itirmək qorxusu var.

- Çətin günlərinizdə hansı güc sizə yenidən ayaqda durmağa imkan yaratdı?
- Atam. Hadisə olanda Qubaya getmişdik, dedilər ki, üçü də sağdır. Fikirləşdim ki, 6 nəfər idilər, necə üçü sağdır? Düşündüm ki, yəqin, digərlərinə heç nə olmayıb, ona görə deyirlər ki, üçü də sağdır. Sonra məlum oldu ki, ailə üzvlərimdən üç nəfər yerində keçinib, anam, bacım, bacımın qızı isə xəstaxanada ağır vəziyyətdədir. Onları da itirdim. Beləcə, mən bir gündə 6 nəfəri dəfn elədim. Ağır günlərin ixtiyarında mən və atam qaldıq. Özümə dedim ki, atama görə ayaqda durmalıyam. Heç unutmaram, atamın əlindən tutduğum günü. Yaxınlaşıb, dedim ki, oğlumun adını İlkin qoyacam, soyadını isə Dadaşov. Qoy, sənin soyadını yenidən daşıyan bir oğul olsun.

- Hərdən gücsüzlüyün nə demək olduğunu hiss edirsiniz və bu nə zaman olur?
- Mən gücsüzəm, sadəcə kənardan məni güclü görürlər. Əslində mən güclü deyiləm, mən məcburam güclü olmağa. Həyat məni məcbur edir ki, güclü olum. Yəni, mənim başqa çıxış yolum, başqa bir variantım var?(susur və ağlayır)

- Özünüzə nəyi heç vaxt bağışlamarsınız?
- Bilmirəm, nəyi bağışlamaram. Həyatda yalnışlarım, səhvlərim olub, lakin demirəm ki, onları özümə bağışlamaram. Elə bir şey yoxdur. Həmin an üçün ola bilər, deyəm ki, yalnış etdim, amma sonra düşünürəm ki, hər bir yalnışın da səbəbi var, heç nə elə belə deyil. Yalnış addım atırsansa, kiməsə qarşı yalnış nəsə edirsənsə, inanın ki, səbəbi olur. Səbəbsiz heç nə yoxdur. Bəzən özündən qaçmaq, bəzən unutmaq üçün bunu edirsən. Amma kiməsə pislik etmək üçün yalnış addım atmaram.

- Olubmu, hansısa bir çətin duruma düşmüsünüz və həmin anda ananızın ruhu sizi xilas edib?
- Bir-iki dəfə nə olub? Baxın, mən avtomobil idarə edirəm. Bir dəfə bir qadın qarşıma necə çıxmışdısa az qaldı ki, qəza törədim, lakin hansısa bir qüvvə məni xilas elədi. Düzdür, günah mənim deyildi, lazım olmayan yerdən yolu keçirdi, amma bütün hallarda sürücü günahkar olur. O zaman düşündüm ki, Allah məni xilas elədi və həmişə də belə fikirləşmişəm. Heç vaxt deməmişəm ki, anamın, yaxud bacımın ruhu məni qorudu.

- Özünüzə nəyi etiraf etməkdən qorxursunuz?
- Yoxdur elə bir şey, yoxdur. Hər şeyi çox rahat şəkildə özümə etiraf edə bilirəm. Özümü yaxşı tanıyıram, doğrumu da bilirəm, yalnışımı da. Yəni ona görə etiraf edib qorxacağım bir şey yoxdur özümə.

- Ötən illərə geri qaytarmaq olsaydı, Zamirə xanım ömrünün hansı ilinə qayıdardı?
- Mən bir şey deyim, olmayacaq şeyləri istəmirəm, arzulamıram. Heç ağlımın ucundan da keçmir ki, kaş filan ilə qayıdardım. Bir şey ki, mümkün deyil, niyə arzulayım? Mən reallıqla yaşayıram. Amma mən hal-hazırda da 2004-cü ildə qalmışam. O ildən bu tərəfə keçə bilmirəm. Yaşayıram, geyinirəm, bəzənirəm, amma bir acım, dərdim var axı, onu unuda bilmirəm.

- Bu qədər ağrılı-acılı, faciəvi həyatınız var. Ola bilməz ki, xoşbəxt anlar bu həyatın içində yer almasın. Onları necə xatırlayırsınız?
- Xoş məqamlar bu acıların qarşısında o qədər acizdir ki, nəzərə çarpmır. Xoşbəxtlik ani bir hissdir, nəyəsə sevinə bilərsən, bu ötüb keçər. Amma dərd, kədər elə bir duyğudur ki, ömrü boyu səni müşayiət edir. Nə olardı ki, bu tərsinə olardı. İnsanın ruhu xoşbəxt olmalıdır, mənim isə ruhum xoşbəxt deyil. Ona görə də xoş anları xatırlaya bilmirəm. Acılarım o qədər çoxdur ki... Sanki, mənim çiynimə bir missiya qoyulub, sən hamını dəfn etməlisən. Mən o insanam ki, bu il bacımı da məzara yola saldım. Düşünün, mən onun sonuncu sistemini öz əllərimlə damarından ayıran insanam.

- Söhbətimizə qəmli notlarla başlayıb onu xoş cümlələrlə bitirmək istəsəm də, alınmadı. Sizi bundan da artıq üzmək istəmirəm. Ona görə də müsahibəni burada yekunlaşdırıram, həyat isə davam edir. Biz isə davam edən bu həyatda yaşamalıyıq ki, sevdiklərimizin qarşısında öz öhdəliklərimizi layiqincə yerinə yetirə bilək. Dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm.

- Mən də sizə, kollektivinizə təşəkkür edirəm.

Rövşən Tahir

Xəbər xətti