Həyatda uğur qazanmaq, əmin addımlar atmaq üçün sağlam təməl vacibdir. Uşaqlarımızın, yeniyetmələrimizin, gənclərimizin düzgün yolda irəliləməsi üçün ailə, bağça, məktəb və digər sosial mühitlərdə onların psixologiyasında müsbət iz qoyacaq şəkildə davranmaq lazımdır.
Nəyin doğru, nəyin yanlış olduğu onların anlayacağı uyğun bir dillə izah edilməli, nümunələrlə göstərilməlidir. Həyatda onlar qarşılarına çıxacaq mümkün hadisələrlə bağlı məlumatlandırılmalı, hər bir hadisə zamanı necə davranmaları ilə bağlı məsləhətlər verilməlidir. Amma bütün bunlar yuxarıda da qeyd olunduğu kimi onların yaşına, psixoloji vəziyyətlərinə, yaşadıqları mühitə uyğun olmalıdır. Mütəxəssislər də bildirir ki, lap erkən yaşlardan bütün bunlara nəzarət edilməsi vacibdir ki, burada da ən çox valideynlərin üzərinə iş düşür.
Uşaqlarla düzgün davranmağın yollarından bəhs edən psixoloq Vəfa Əkbər bildirir ki, deyirlər, uşaqlar ağ səhifə kimidir. Ora nə yazsan, gələcəkdə də onunla rastlaşacaqsan. Başqa bir deyimdə isə bildirilir ki, uşaq evin güzgüsüdür. Yəni evdə valideynlər necə davranırlarsa, uşaqlar da onları eynilə əks etdirir.
Uşaqlara tərbiyə vermək, onları düzgün qaydada böyütmək isə elə də asan iş deyil. Həmçinin valideynlər onlarla necə davranmaq lazım olduğunu, onların nələri sevəcəyini və onları necə sevindirmək mümkün olduğunu bilsələr, çox yaxşı olar.
Uşaqları sevindirməyin o qədər də çətin olmadığını bilirsiniz. Düzgün üsul seçməniz, övladınızın fərdi xüsusiyyətlərini nəzərə almanız bu işdə sizə yardımçı olar. Övladlarınız eyni tərbiyədə, eyni ailə mühitində böyüsə də, hər birinin özünəməxsus xüsusiyyətləri olduğunu unutmayın. Onların fərdi xüsusiyyətlərini nəzərə almanız yalnız bu işdə deyil, tərbiyə zamanı, onlarla davranarkən, qaydalar qoyarkən, dərs tapşırıqlarını yerinə yetirərkən və digər nüanslarda sizin lazımınız olacaq.
Birlikdə ev işləri görün. Bu işləri əyləncəli vəziyyətə gətirə bilərsiniz. İşlərinizi planlayaraq, onunla birgə ev işləri görməniz marağına və sizə yardım edə bildiyi, ona güvəndiyiniz üçün xoş hiss yaşamasına səbəb olar. Avtomobilinizi təmir edərkən, evdə təmir işləri apararkən balaca oğlunuzun köməyindən yararlanın. Bu zaman siz həmçinin şəxsi davranışınızla ona nümunə olduğunuzu unutmayın.
Ona kitab hədiyyə edin. Kitab hədiyyə etmək üçün xüsusi bir günün olmasını gözləməyin. Yaşına uyğun və maraqlı hekayələrdən ibarət kitablar övladınızın sevincinə səbəb olar.
Birlikdə film izləyin. Film maraqlı olduğu qədər övladınızın yaşına uyğunluğuna da diqqət edin. Film izləmə zamanını övladınız üçün əyləncəli edin.
Gəzintilər təşkil edin. Onun sevdiyi yerlərə getməniz övladınız üçün daha xoş olar. Bu zamanı ona həsr etməyə çalışın. Telefonla məşğul olmanız və digər işlərinizi gəzinti zamanına saxlamanız övladınıza xoş olmayan hisslər bəxş edər.
Birlikdə oyunlar oynamanız onun xüsusi sevincinə səbəb olmaqla yanaşı, ona olan qayğınızın, sevginizin və diqqətinizin də göstəricisi olar. Domino, dama, şahmat, puzzle yığmaq kimi oyunlardan istifadə edə bilərsiniz.
Birlikdə şirniyyatlar hazırlayın. Bu zaman övladınızın bu işdə özünəməxsus rolu olduğunu hiss etdirin. “Mətbəxi çirkləndirmə”, “dayan, mən edim” və digər bu kimi ifadələr əvəzinə “Səninlə birgə iş görmək olduqca maraqlıdır”, “Mənə kömək etdiyin üçün təşəkkür edirəm”, “Şirniyyatımız hazır olandan sonra çirkli mətbəximizi bir yerdə təmiz edərik”, “Sən edə bilərsən, amma diqqətli ol” ifadələri daha uğurludur.
Kiçik belə olsa sevdiyi hədiyyələrlə övladınızı mükafatlandırın. Sizin qayğınız övladınız üçün hər zaman gərəklidir. Sevgi ilə, qayğı və mehribanlıqla davranmanız psixoloji sağlam övlad böyütmənizin təməli olar.
Psixoloq qeyd edir ki, müasir dövrdə valideynlər uşaqların inadkarlığından tez-tez şikayət edirlər. Onlarla necə davranacaqları barədə məlumatsız olurlar. Bəs tez-tez inadkarlıq edən, valideynin sözünə qulaq asmayan uşaqla onlar necə davranmalıdır?
Mütəxəssis bununla bağlı bildirir ki, “xeyr”, “lazım deyil”, “istəmirəm” deyən uşaqla inadlaşmaq, onu cəza ilə qorxutmaq, kimin dediyi olacaq deyə yarışa girmək olmaz: “Bəzən uşaq məhəbbətinizi, səbrinizi, onu nə qədər sevdiyinizi bilmək üçün “yox” deyib inad edə bilər. Əgər qəzəblənib üstünə qışqırsanız “mən haqlıyam, məni sevmirlər” deyə düşünər”.
Uşaq inad edərsə, bunun səbəbini soruşun: “Göstərilən səbəbin nə qədər gülməli və əsassız olmasına baxmayaraq, səbirlə onu dinləyin. Özünüzü uşağın yerinə qoyun. Narahatlıq və qorxularını anlamağa çalışın. Ona səbirlə, əsəbiləşmədən qulaq asdığınızı görəndə uşaq duyğularını ifadə etməyi öyrənir. Uşaq istəklərinin yerinə yetirilmədiyini görəndə o, daha da inad göstərə bilər. Anasından, atasından inciyən uşaq intiqam hissi ilə də inadkar ola bilər. Eyni zamanda, uşağı qardaş-bacısıyla müqayisə edərək qısqanclığa səbəb olmayın”.
Psixoloq deyir ki, inadına çox əhəmiyyət verilən uşaq ondan bir silah kimi də istifadə edə bilər: “Uşağa nə söylədiyiniz yox, necə söylədiyiniz önəmlidir. Onun inad etməsini istəmirsinizsə, anidən əmr verməyin, öncədən onu hazırlaşdırın”.
Mütəxəssislər onu da vurğulayır ki, özünə inamlı uşaq yetişdirmək istəyən valideynlər bəzi məsələlərə də diqqət etməlidirlər. Məsələn, onlar uşaqlarla necə davranmalı, nələrə diqqət etməlidirlər?
Özünə inamlı uşaq yetişdirmək, olduqca mürəkkəb bir məsələ olsa da, əsasən valideyn və uşaq arasında sevgi-intizam tarazlığının yaxşı şəkildə qurulmasından asılıdır. Ümumiyyətlə, müasir valideynlərdə, mənəvi dəyərlərimizə də bağlı olaraq, uşaqlara sevgi verməklə bağlı heç bir nöqsanları yoxdur. Ancaq təəssüf ki, valideynlərin əksəriyyəti uşaqlara sərhəd qoyma məsələsində natamam qalırlar. Belə ki, uşaqların erkən dövrlərdən etibarən sağlam psixoloji inkişafı üçün valideynin sərhəd qoymasına, yəni intizam yaratmasına ehtiyac var. Sərhədlərin olmadığı bir şəraitdə uşaqlar özlərini nəzarətsiz niyyətlərdən, qorxulardan və narahatlıqdan yaranan bir xaosun içində tapırlar. Valideynin uşağa heç sərhəd qoymaması, əsas inam hissi dediyimiz və daha sonra uşaq üçün özünə inama çevriləcək olan insan psixologiyasındakı ən əhəmiyyətli mexanizmin işləməməsi deməkdir. Uşaqlarda güvən hissi xaricdən içə doğru inkişaf edir. Əgər siz uşağınıza onu qoruyub saxladığınızı, yeri gələndə onu təhlükələrdən uzaq tutmaq üçün müdaxilə edəcəyinizi, hisslərinə nəzarətini itirdikdə ona dəstək verəcəyinizi göstərməsəniz uşağınız özünü güvəndə hiss eləmir. Yəni əslində uşağınız sizi həmişə özündən daha böyük, daha yetkin, daha güclü bir şəxsiyyət olaraq görməyə ehtiyac duyur. Bir valideyn bu rolu lazımınca yerinə yetirməli, uşağının bütün hərəkətlərinin tənqidçisi olmaq əvəzinə onun oyun yoldaşı kimi davranaraq həyata keçirməlidir. Xülasə, psixoloji cəhətdən sağlam uşaq yetişdirmək istəyiriksə, erkən yaşlardan etibarən uşaqlara sevgi verməklə birlikdə sərhəd da qoymağımızın lazım olduğunu bilməliyik. Sevgi-intizam tarazlığı yaratmaq üsulları uşağın böyüdükdən sonra da bütün həyatı boyu öz müsbət təsirlərini göstərəcək. Ailələrin bu tarazlığı mütləq yaratmaları, çətinlik çəkdikdə isə mütəxəssislərdən kömək almaları tövsiyə olunur.
Göründüyü kimi, insanın gələcək həyatının sağlam təməllər üzərində qurulması lap kiçik yaşlarından psixologiyasının düzgün istiqamətə yönləndirilməsindən birbaşa asılıdır. Buna görə də valideyunlər yuxarıda sadalanan nüanslara xüsusilə diqqət yetirməli və bununla əlaqədar psixoloqların, mütəxəssilərin məsləhətlərindən faydalanmalı, lazım gələrsə kömək üçün müraciət etməlidir.