Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır

18:16 - 19 İyun 2019 - KİVDF

Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə isə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər

Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

Beləliklə, çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Yuxarıda göstərilən prinsiplərin apellyasiya icraatında tətbiqi hər zaman tam şəkildə həyata keçirilir.

Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Ikincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.

Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən ne eat cudex ultra petita partium - məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində temtum devolutum qantum appelatum - nə qədər şikayət - o qədər qərar qaydasına çevrilir.

Məcəllənin 366-cı maddəsi ilə apellyasiya mümkünlüyünün yoxlanılması tənzimlənir. Maddəyə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

Məcəllənin 367-ci maddəsində bildirilir ki, əgər apellyasiya mümkün hesab edilirsə, məhkəmə əks tərəfə  apellyasiya şikayətini və ona əlavə edilən sənədləri rəsmi qaydada verir. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra  20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. Etiraz və izahat işdə iştirak edən şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən imzalanmış etiraza və ya izahata onların işi aparmaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilir. Etiraza və ya izahata əvvəllər birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbləri izah olunmaqla, başqa sənədlər də əlavə edilə bilər.

Qeyd edək ki, işin baxılmağa təyin olunması. İşə apellyasiya instansiyası məhkəməsində baxılmanın müddətləri 368-ci maddə ilə tənzimlənir. Bu maddədə bildirilir ki, əgər apellyasiya mümkün hesab olunarsa, məhkəmə işə baxılması vaxtını təyin edir. Apellyasiya instansiyası məhkəməsi təyin olunmuş vaxtda işə baxılmasını təmin etmək üçün zəruri hazırlıq işləri görür. Qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir.

Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edib. Bu maddədə bildirilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.  Məcəllənin 372.6-cı  maddəsinin birinci cümləsinə görə onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə yoxlayır.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayıb ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana kecirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.

Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.

MPM-in 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.  Bu müddəadan göründüyü kimi, qanunverici apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apellyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirir. Mübahisənin predmetinin bölünməz olması məsələsi tərəflərin şikayət və etirazlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfindən müəyyən olunur.     

MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. (MPM-in  2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz.

Qeyd edək ki, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikasının ərazisində hər hansı haldan asılı olmayaraq, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur.

Azərbaycan Respublikasının ərazisindən kənarda Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının Dövlət bayrağını daşıyan və yaxud tanınma nişanı olan dəniz, çay və yaxud hava gəmilərində və ya onların olduğu limanlarda tətbiq olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin məkana görə tətbiqinin digər qaydaları da müəyyən oluna bilər.

Xəbər xətti