Dövlət orqanları Müvəkkilə şikayət verə bilməzlər

18:11 - 22 May 2019 - KİVDF

Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır

Azərbaycan Respublikasında konstitusiya nəzarətini həyata keçirən orqan AR Konstitusiya Məhkəməsidir. Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsinin genişləndirilməsi nəticəsində hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından pozulmuş insan hüquq və azadlıqlarının bərpa olunması məqsədilə şikayət vermək hüququ əldə edib.

Bununla da, konstitusiya şikayəti üzrə ərizəçilər öz hüquqlarının müdafiəsi və bərpası üçün daha effektiv mexanizm əldə etməklə yanaşı, Konstitusiya Məhkəməsi insan hüquqları ilə əlaqədar ictimai münasibətlərin tənzimlənməsində daha fəal iştirak etmək imkanı qazandı. Burada diqqəti çəkən məqam ondan ibarətdir ki, Konstitusiyanın 130-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş “hər kəs” ifadəsi yalnız Azərbaycan Respublikasının vətəndaşlarını deyil, eyni zamanda, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də Konstitusiya Məhkəməsinə müraciət etmək imkanını təsbit etdi.

Həmin maddəyə əsasən, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.

VI hissədə qeyd edilib ki, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Qeyd edilməlidir ki, bu, çox mütərəqqi və yalnız hüquqi dövlətə xas olan bir yanaşmadır. Konstitusiya Məhkəməsinin fəaliyyət göstərdiyi illər ərzində xarici vətəndaşlar tərəfindən də Məhkəməmizə birbaşa şikayətlər verilir, bu şikayətlər qanunvericiliklə verilmiş səlahiyyətlər çərçivəsində araşdırılaraq müvafiq qərarların qəbul edilməsi ilə nəticələnir.

Həmçinin İnsan hüquqları üzrə müvəkkil (ombudsman) insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından sorğu vermək, məhkəmələr isə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərhi ilə əlaqədar müraciət etmək hüququ əldə edib. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilib.

Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının və Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə aid deyildir. Lakin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlər istisna təşkil edir.

Qeyd edək ki, müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasını, ona əməl edilməsini, təmini vəziyyətinin öyrənilməsini, monitorinqini və təhlilini, habelə çatışmazlıqların və pozuntuların aşkar edilməsini, pozulmuş hüquqların bərpasını və pozulmasının qarşısının alınmasını özündə ehtiva edir. İnsanlar öz şikayətlərini Müvəkkilə müxtəlif vasitələrlə verə bilərlər. 

Aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərən Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.  “İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunun 8-ci maddəsi ilə insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydası tənzimlənir. 

Bu maddəyə əsasən, Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin (bundan sonra "ərizəçi" adlandırılacaq) insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır. Bildirilir ki, şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları verə bilərlər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər. 

Bundan başqa, qeyd edilib ki, dövlət orqanları Müvəkkilə şikayət verə bilməzlər. Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndərilməlidir.

Bu qanunun 9-cu maddəsində insan hüquqlarının pozulmasına dair şikayətin məzmunu tənzimlənir. Bu maddəyə əsasən, insan hüquqlarının pozulmasına dair şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır. Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər.

Anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər Müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilə bilər.. Şikayət şifahi verildikdə, Müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır. Ərizəçinin xahişi ilə Müvəkkil onun barəsində məlumatları gizli saxlamalıdır.

Qeyd edilənlərlə yanaşı, hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda Müvəkkilin öz təşəbbüsü ilə araşdırma aparmaq səlahiyyəti də vardır. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndərilir.Müvəkkil insan hüquqlarının pozulmasına dair daxil olan şikayətləri səlahiyyətlərinə aid olduqda baxılmaq üçün qəbul edir.

Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. Müvafiq dövlət orqanı və ya vəzifəli şəxs həmin mülahizəni 10 gün müddətində Müvəkkilə təqdim etməlidir. Bu. “İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunun 12-ci maddəsi ilə tənzimlənir.

Maddədə insan hüquqlarının pozulmasına dair şikayətə baxılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi qaydası öz əksini tapıb. Bildirilib ki, Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. 10 gün müddətində mülahizə Müvəkkilə təqdim edilməlidir.

 

Xəbər xətti