“Həyatda ən böyük lotereyam qadınım idi”

18:45 - 21 May 2019 - Müsahibə

Ramiz Məmmədov: “Çox yaxşı əl qabiliyyətim var idi, şəkərburaya çox gözəl naxış vururdum”

“Ürəyimdə elə bir iz qoyub ki, onu əbədi yaddan çıxara bilmərəm. Teatrda mühasibat bölümünə təzə gəlmişdi. Onunla elə teatrda tanış olduq. Necə deyərlər, bir könüldən, min könülə ona aşiq oldum. Nişanlandan sonra onu teatrdan işdən çıxartdım.

Çünki mən də orda aktyor idim, bəzi səbəblərdən dolayı birlikdə işləməyimiz düz gəlmirdi. Çox savadlı qadın, gözəl insan, qayğıkeş ana, mehriban həyat yoldaşı idi. Onunla 35 il birlikdə xoşbəxt ömür sürdük.

Keçən il iyunun 13-də rəhmətə getdi, şəkər xəstəliyi var idi. Hər zaman deyirəm ki, insan ata-anadan yetim qalmır. Kişi həyat yoldaşından yetim qalır. O, mənə həm ata, həm ana, həm qardaş idi. O, mənim üçün hər şey idi. Çox gözəl övladlar tərbiyə edib. Mənə ağıllı, savadlı iki oğul verib. Dünyada bundan gözəl mükafat nə ola bilər?”

Müsahibimiz “Üç nöqtə” qəzetinin qonağı Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, xalq artisti Ramiz Məmmədovdur.

“Şəklim 5 il şərəf lövhəsindən asılı olub”

1951-ci il sentyabr ayının 26-da Bakı şəhərində “Sovetski”də anadan olub. Uşaqlıq illərinin çox maraqlı və yaddaqalan keçdiyini deyir: “161 nömrəli məktəbdə oxumuşam. Amma bir müddət sonra 20 nömrəli təzə məktəb açıldı və valideynlərim məni burda oxumağa göndərdi. Həm tərbiyə, həm də təhsil baxımından bura çox müasir məktəb idi. Bu məktəbdə çox nadinc uşaqlar yox idi, bəlkə də elə ən nadinci mən idim (Gülürük).

Beşinci sinfə qədər dərslərimi çox yaxşı oxumuşam, əlaçı olmuşam. Şəklim 5 il şərəf lövhəsindən asılı olub. Yetkinlik illəri başlayandan sonra əlaçılıqdan düşdüm və şəklimi şərəf lövhəsindən çıxardılar. Uşaqlıq illərim yadımdan heç zaman çıxmır. Xatirəmdə bir mənəviyyat kimi qalıb”.

“Uşaqlarla məhəllə-məhəllə “müharibə” oynayırdıq”

R.Məmmədov deyir ki, uşaqlıqda çox gözəl, biri-birindən maraqlı oyunlar oynayıblar: “ “Kosaltı ağac”, “Naqquli”, “Qayış götürdü”, “Ənzəli”, “Şuma qədər”, “Çərpələng uçurtmaq” və s. oyunlar çox böyük məna kəsb edirdi. O vaxtı məhəllələrdə qaz yox idi, hamı odun sobası yandırırdı.

Sobanı yandırmaq üçün də odun, taxta lazım olurdu. Bakıda meşə yox idi, taxta tapmaq çətin idi. Gedib sexlərdən tullantı taxtaları götürüb uclarını yonurduq və “Şuma qədər” oyununu oynayırdıq. Sonra da aparıb evdə sobada yandırırdıq. Bundan başqa uşaqlarla məhəllə-məhəllə “müharibə” aparırdıq. Uşaqlar hamısı yığışırdı, aşağı məhəllə ilə yuxarı məhəllə “müharibə” edirdik. Taxtadan qılınc, qalxan, ox, dəbilqə düzəldirdik.

Bu oyunları oynadığımız üçün artıq uşaqlıqdan bilirdik ki, babalarımız bu vasitələrlə döyüşüblər, cəng ediblər. O nostalji hisslərlə müharibə edirdik, uduzan tərəf udan tərəfin dediklərinə tabe olurdu. Həqiqətən çox maraqlı oyunlar idi. İndiki uşaqlar, gənclər ancaq telefonla oynayır. Biz bütün bunları canlı etmişik. Canlı olanda uşağın düşüncələri, mənəviyyatı tamam fərqli olur. Mədəniyyət, etika o qədər bir-birinə bağlanmışdı ki, o dövrün insanları, tərbiyəsiz, avara ola bilməzdi”.

“Şəkərburaya çox gözəl naxış vururdum”

Keçmiş xatirələrindən çox böyük maraqla bəhs edən xalq artisti deyir ki, o vaxtı analar, nənələr, xalalar, bacılar bir yerə yığışır, novruz bayramına bir ay əvvəldən hazırlıq görürmüşlər: “Novruz bayramında şəkərburanı, paxlavanı, qoğalı odun sobasında bişirirdik.

10 ailənin qadınları bir yerə yığışıb hər gün bir ailə üçün şirniyyat, biş-düş edirdilər. Çox yaxşı əl qabiliyyətim var idi. Şəkərburaya çox gözəl, səliqəli naxış vururdum. Şəkərbura bişirən kimi, deyirdilər ki, Ramiz gəlsin naxış vursun. Əlbəttə, tək mən deyildim, yaşıdlarım hamısı o işlə məşğul olurdu.

Bu da incəsənətin bir növüdür. İndi hamı hazır şirniyyatlar alıb yeyir. Anam o vaxtı deyirdi ki, çöldən almayın, evdə özünüz hazırlayın. Evdən şirniyyatın o qoxusu çıxmalıdır”.

“Aktyorluq fəaliyyətim, sehirli aləmə düşməyim elə burdan başladı”

R.Məmmədov bildirir ki, məktəbdə həmişə qabaqcıl olmağa, çoxlu kitablar oxumağa çalışıb: “Dövrümüzün uşaqları ancaq dərslə məşğul olmur, müxtəlif dərnəklərə gedirdi. Məhəlləmizin qızları da tikiş, tar, kamança dərnəyinə gedirdilər. Uşaqlar həm dərnəyə gedir, həm də dərslərini oxuyurdu.

Birinci-dördüncü siniflərdə kamança dərnəyinə, daha sonra təyyarə düzəldilən dərnəyə getmişəm. Kamançada çox yaxşı ifa edirdim. “Kukla” mahnısının sözlərini yazan Cahangir Məmmədovun dram dərnəyi var idi. Ora Fuad Poladov, Pərviz Bağırov və s. gedirdi.

Onların məşqi bizim kamança məşqimizlə eyni vaxta düşürdü. Onlar səhnədə məşq edir, biz də gedib baxırdıq. Bütün bunlar məni özünə cəlb edirdi. Artıq qərar verdim ki, kamançaya yox, dram dərnəyinə gedəcəm. Beləliklə, 6-cı sinifdən etibarən “Yuri Qaqarin” adına dram dərnəyinə getməyə başladım.

Kamança dərnəyində ansamblın rəhbəri gəlib atama dedi ki, Ramiz istedadlı uşaqdır, dərnəyə gəlsin. Atam dedi ki, uşaq özü dram dərnəyini istəyir, məcbur edə bilmərəm. Elə aktyorluq fəaliyyətim, sehirli aləmə düşməyim elə burdan başladı. Bəzən bataqlıq da deyirlər, ordan çıxmaq olmur (Gülür).

1966-cı ildə Rəhbəri Nizami Əbülfəzoğlu olan İnşaatçılar Mədəniyyət Evinə getdim. Daha sonra 4-5 aylıq Ağadadaş Qurbanovun “Damğa” Xalq Teatrında dərnəyə getmişəm. O vaxtı harda yaxşı tamaşa qoyudularsa, ora qaçırdıq ki, bizə rol versinlər. Burdan sonra “26-lar” klubunda Lütfi Məmmədbəyovun dərnəyinə gəldim, bura çox məşhur Xalq Teatrı idi”.

“Əsgərliyim təkər üstündə keçib”

Qazaxıstanda hərbi xidmətə yola düşən müsahibimizin xidmət etdiyi hərbi hissə Daxili İşlər Nazirliyinin nəzdində diviziya imiş: “Dustaqları mühafizə edirdik, onları qatarla bir şəhərdən digər şəhərə aparırdıq. Demək olar ki, əsgərliyim təkər üstündə, yollarda keçib.

Gedib-qayıdandan sonra 1-2 gün istirahət edirdik, yenidən yola çıxırdıq. Bəzən dustaqlardan bəziləri qaçmağa cəhd edirdi. Həmin dustaqlarıdan birinin cəhdinin qarşısını aldığım üçün mənə 10 günlük məzuniyyət verdilər ki, evə gəlim. Guya qəhrəmanlıq etmişdim (gülür). Amma evə gəlmədim.

Çünki evə gələndən sonra təzədən ayrılıq hisslərini yaşamaq istəmədim. Düşündüm ki, birdəfəlik xidmətimi edib qayıdaram. Çünki ordakı uşaqlar gedib gələndən sonra aylarla özlərinə gələ bilmirdilər. Orda çox insanlar gördüm, çox talelərlə tanış oldum. Həqiqi cinayətkarlar da olub, heç nə üstündə şərlənib həbs yatanlar da.

O vaxtı 3 qəpik artıq aldığına görə, bir nəfərə 3 il iş vermişdilər. İki bacı kartof soyanda bacısı ilə zarafatlaşıb bacısının boğazına vurub. Elə damarın üstünə düşüb ki, qız yerindəcə keçinib. Bütün bunlar təsadüfən olan şeylərdir. 14 yaşlı qıza 8 il iş vermişdilər. Əsgərlik mənə çox şey öyrətdi, Allaha yaxınlaşdırdı.

Dünyada hər şey Allahın əlindədir. Özümüzü necə aparırıqsa, Allah da bizə elə münasibət göstərir. Bu dünyada insanlara qalan yaxşılıqdır. İstər qadınlarımız, istərsə də kişilərimiz maddiyyata aldanıb qaçırlar, amma əsas olan mənəviyyatdır. Maddiyyata qaçanda mənəviyyat yaddan çıxır. Mənəviyyatsız insanı da Allah qəbul etmir”.

“Bu günə qədər 70-ə yaxın rol oynamışam”

R.Məmmədov əsgərlikdən qayıdandan sonra “26-lar” klubuna dərnəyə gedib və 1973-cü ildə instituta daxil olub: “Bizdən əvvəlki 5-ci kursun “Diplom” tamaşası var idi, mənə orda rol vermişdilər. Qoqolun “Evlənmə” əsərini oynayırdılar və orda bir rol oynadım. Bununla da teatr həyatım həll olundu.

1975-ci ildə rejissor Niyaz Şərifov məni Musiqili Komediya Teatrına dəvət etdi. Teatra getdim, lakin aktyor ştatına qəbul etmədilər. Direktor dedi ki, yerimiz yoxdur, bir müddət xorda işlə, sonra götürərik. Direktorun “biraz”ı 4 il oldu. Buna baxmayaraq maaş alırdım. O vaxtı teatra daxil olmaq olduqca çətin idi, hər aktyoru teatra götürmürdülər. Gərək özünü yaxşı göstərərdin ki, səni teatra dəvət edərdilər. İlk rolum “Qaynana”da Nəsibə Zeynalova ilə Əli rolu idi.

“Gurultulu məhəbbət”də Həsən, “Gözün aydın”da Qəhrəman, “Boşanaq evlənərik”də Ağacan, “O olmasın, bu olsun”da qəzetçi Rza bəy, Hambal və ən sonda Məşədi İbad rollarını oynamışam. Bu günə qədər saysız-hesabsız rollar oynamışam. Teatrda oynamadığım rol yoxdur.

Bir müddət əvvəl oynadığım rolları saydıq, 70-ə çatdı. Əsl obraz teatrda, o tamaşalarda yaranır. Çox məhsuldar bir aktyor olmuşam. İranda “Fəcr” festivalında Məşədi İbad rolunu oynadım, laureat oldum. “Qızıl Dərviş”, “Zirvə” mükafatlarını almışam. 2000-ci ildə mənə ümumilli lider Heydər Əliyev tərəfindən “Əməkdar artist” adı verildi. Prezidentimiz “İlham Əliyev” sağ olsun, “Xalq artisti” fəxri adına layiq gördü. Neçə illər prezident mükafatçısı olmuşam. Əgər versələr, son illər təqaüd gözləyirəm”.

“Həyatda ən böyük lotereyam qadınım idi”

Ailə həyatından çox böyük sevgiylə bəhs edən aktyor deyir ki, həyat yoldaşı çox gözəl qadın olub. 33 yaşında evlənib: “Düzdür, bu yaşıma qədər sevgi də, məhəbbət də olub. Amma ürəyimdə elə bir iz qoyub ki, onu əbədi yaddan çıxara bilmərəm. Teatrda mühasibat bölümünə təzə gəlmişdi.

Biz onunla elə teatrda tanış olduq. Necə deyərlər, bir könüldən, min könülə ona aşiq oldum. Nişanlandıqdan sonra onu teatrdan işdən çıxartdım. Çünki mən də orda aktyor idim, bəzi səbəblərdən dolayı birlikdə işləməyimiz düz gəlmirdi. Bundan sonra univerisitetlərdən birinin mətbuatında korrektor işlədi. Çox savadlı qadın, gözəl insan, qayğıkeş ana, mehriban həyat yoldaşı idi. Biz onunla 35 il birlikdə xoşbəxt ömür sürdük.

Keçən il iyunun 13-də rəhmətə getdi, şəkər xəstəliyi var idi. Hər zaman deyirəm ki, insan ata-anadan yetim qalmır. Kişi həyat yoldaşından yetim qalır. O mənə həm ata, həm ana, həm qardaş idi. O mənim üçün hər şey idi. Çox gözəl övladlar tərbiyə edib. Ağıllı, savadlı iki oğul verib mənə. Dünyada bundan gözəl, bundan dəyərli mükafat nə ola bilər? Aktyorlar göz qabağında olduğu üçün bəzən görürsən ki, ailə-uşaqla çox məşğul ola bilmirlər.

Səfərlər olur, günlərlə xarici ölkələrə getmək lazım olur. Bəzi həyat yoldaşı bunu anlamır. Mənim həyatda ən böyük lotereyam qadınım idi. Hər zaman məni başa düşürdü, cəfakeş, zəhmətkeş qadın idi. Evimizin həm qulluqçusu, həm də xanımı idi. Onu həmişə əlimizin üstündə saxlamışıq. Həyatdır, gəlimli-gedimli dünyadır. Arzu edirdim ki, ondan əvvəl mən gedim, amma olmadı...”.

Könül Oruc

Xəbər xətti