İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır

18:11 - 15 Aprel 2019 - KİVDF

İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur

Mülki-hüquqi müqavilələr üç qrupa bölünür: 1) əmlakın verilməsi barədə müqavilələr; 2) işlərin görülməsi barədə müqavilələr; 3) xidmətlərin göstərilməsi barədə müqavilələr. Bu təsnifat Azərbaycan Respublikasının möcvud mülki qanunvericiliyində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.1-ci maddəsində qeyd olunur ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Ümumiyyətlə, bu maddə  ilə ilkin müqavilə tənzimlənir. Maddənin digər bəndlərinə əsasən, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. O ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Bu müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.

Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur.

 Bununla belə, nəzəri baxımdan əmlakın verilməsi barədə müqavilələr qrupuna daxil olan müqavilələri eyniləşdirmək nisbətən asandır. Çünki MM-nnin 135.2-ci maddəsində (Əşya hüququnun obyektləri‖) mülki hüquq münasibətlərinin obyekti kimi əmlakın tərifi verilmişdir: istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.  Mülki Məcəllənin 135-ci maddəsinə görə, bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. Əşyalar isə daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. Təyinatı istehlak olunmaqdan və ya özgəninkiləşdirilməkdən ibarət olan daşınar əşyalar istehlak edilən əşyalardır. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir.

 

 Daha ciddi problem isə işlərin görülməsi və xidmətlərin göstərilməsi barədə müqavilələrin fərqləndirilməsindədir. Əmlakın verilməsi barədə müqavilələrdən fərqli olaraq, işlərin görülməsi və xidmətlərin göstərilməsi barədə müqavilələrin predmeti əmlak deyil, hər hansı fəaliyyətdir. Sadə desək, bu müqavilələr üzrə borclu kreditora nə isə verməli deyil, onun üçün nə isə etməlidir. Buna görə də müqavilə predmeti olan bu fəaliyyətin hansı hallarda iş, hansı hallarda isə xidmət olması problemin məğzidir. Təbii ki, məişətdə və bəlkə də hətta filoloji baxımdan bu terminlərin ciddi fərqi yoxdur. İş görən xidmət göstərir, xidmət göstərən isə iş görür. Lakin məsələnin hüquqi təsnifatla bağlı olması və bu təsnifatın sırf nəzəri deyil, həm də real praktiki əhəmiyyət daşıması iş və xidmət arasında fərqin müəyyən edilməsini zəruri edir. Əmlakdan fərqli olaraq, iş və xidmətin tərifi MM-də verilməyib. Digər normativ-hüquqi aktlarda da onların birmənalı anlayışları mövcud deyil. Belə ki, məsələn “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində işlər dedikdə binanın, qurğunun və ya obyektin layihələşdirilməsi, tikintisi, yenidən qurulması, sökülməsi, təmiri, o cümlədən tikinti meydançasının hazırlanması, avadanlığın qurulması, inşaat, quraşdırma, tamamlama və ya torpaq işləri, habelə bunlarla əlaqədar qazma, geodeziya, elmi-konstruktor, geoloji-kəşfiyyat, peykdən çəkiliş, nəşr və çap işləri, seysmik tədqiqat və satınalma müqaviləsinə əsasən digər işlər , xidmətlər dedikdə xidmətlər - mallardan və işlərdən başqa, hər hansı digər satınalma predmeti nəzərdə tutulur.  Göründüyü kimi, burada iş və xidməti biri-birindən fərqləndirən meyar müəyyən edilyib. Buna görə də borclunun hər hansı hərəkətini iş hesab etmək olar. Təsadüfi deyil ki, elə həmin maddədə işləri görən və xidmətləri göstərən eyni terminlə podratçı adlandırılır.

Bu qanunun 1-ci maddəsi isə onun tətbiq dairəsini tənzimləyir. 1-ci maddəyə əsasən, Qanun, bu qanunun 1.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir. Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir (1.2).

Ümumiyyətlə, bu qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir.

Xəbər xətti