Təhlükəli zərərvericilərə qarşı mübarizə davam edir

11:47 - 3 Oktyabr 2018 - ÖLKƏ İÇİ

Tovuz rayonu ərazisində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərvericilərə və xəstəliklərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən rayon ərazisində zərərvericilərə qarşı 317 hektar sahədə fitosanitar müşahidələr həyata keçirilib və 92 hektar sahənin Tut qalxanlı yastıcası,18 hektar sahənin isə Yaponiya yalançı qalxanlı mumlu yastıcası ilə sirayətləndiyi müəyyən edilib.
Tovuz rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyələr əsasında təsərrüfat sahibləri tərəfindən Tut qalxanlı yastıcasına qarşı 3 hektar sahədə, Yaponiya yalançı qalxanlı mumlu yastıcasına qarşı isə 6 hektar sahədə kimyəvi mübarizə aparılıb. Mübarizə tədbirlərində Siperpol (1,0-1l/ha), Desis (0.5-1l/ha) və Bi-58 (1-2.5l/ha) kimyəvi prepararlarından istifadə edilib.
Tut qalxanlı yastıcasına qarşı kimyəvi və aqrotexniki mübarizə tədbirlərinin aparılması tövsiyə edilir. Aqrotexniki  mübarizə zamanı zərərverici aşkar edilmiş ağacların qabıqlarını payızda və yazın əvvəllərində dəmir fırça ilə təmizləmək lazımdır. Kütləvi halda sirayətlənmiş budaqları kəsmək və bir yerə yığaraq yandırmaq, eləcə də ağacların dibinə fosfor və kalium gübrələri vermək tövsiyə olunur.       

Yaponiya yalançı qalxanlı mumlu yastıcasına qarşı karantin tədbirlərinə düzgün əməl edilməli, yastıca yayılmış rayonlardan başqa rayonlara tunglərin və calaq üçün çubuqların göndərilməsinə yol verilməməlidir. Zərərverici ilə sirayətlənmiş bağlarda sentyabr-oktyabr aylarında  yarpaqlar, qurumuş budaqlar və bitki qalıqları sahədən kənarda toplanaraq yandırılmalıdır.

Xəbər xətti