Ana səhifə
24 Sentyabr 2018

Qazaxıstansayağı sənayeləşmə

Xarici investisiyalardan daxili istehsalın yüksəlişinə doğru

ABŞ dollarının təsir gücünün artdığı bir zamanda inkişaf edən bazarlar özünə gəlməyə başlayır. Amerikanın ticarət müharibəsi investorları Ağ evin “proteksionist maraqlarına” daxil olmayan ölkələrə diqqət yetirməyə sövq edir. Bu mənada Mərkəzi Asiya, xüsusilə də Qazaxıstan daha perspektivli görünür.

Bu ölkənin Moskva ilə yaxından siyasi əlaqələrinin olmasına baxmayaraq, Qazaxıstan iqtisadi yüksəliş nümayiş etdirir. Son bir neçə ildə ölkədə Ümumi Daxili Məhsulun həcminin 4 faiz artması da bunu təsdiqləyir. Bütün bunlar ilk növbədə təbii sərvətlərdən istifadə ilə bağlıdır. Qazaxıstan isə son 40 ildə iri neft yataqlarının aşkara çıxarılması sahəsində dünyada öndə gedən ölkələrdən birinə çevrilib. Bundan əlavə, burada qaz və dağ-mədən sənayesi də uğurla inkişaf edir. Son illər ölkədə sənayeləşmə Proqramının işlənməsi də təsadüfi deyil.
Buna görə də investorlar üçün əlverişli və imtiyazlı mühit yaranır. Ancaq onlar da bunun müqabilində dövlətin prioritet hesab etdiyi konkret sahələrlə (maşınqayırma, neft-kimya, yüngül sənaye və s.) bağlı layihələr reallaşdırmalıdırlar. Maraqlı və diqqətçəkən bir məqama nəzər yetirək: yerli hakimiyyət orqanları 658 investisiya layihəsi üçün 60 milyard dollar həcmində vəsait ayırmağı qərara alıb. Özü də bunun 2020-ci ilə qədər həyata keçirilməsi nəzərdə tutulub.

Ümumiyyətlə, ölkəyə xarici kapitalın cəlb edilməsi məqsədilə Qazaxıstan iqtisadi əməkdaşlıq etdiyi beynəlxalq təşkilatları təmsil edən vətəndaşlarla vizasız rejim tətbiq edir (bura ABŞ da daxil olmaqla dünyanın 45 ölkəsi aiddir).
Belə bir strategiyanın nəticəsidir ki, yerli hakimiyyət dairələri xarici kapitalın ölkəyə cəlb edilməsi sahəsində əsaslı irəliləyişə nail olub. Təkcə 2018-ci ilin 7 ayı ərzində Qazaxıstana 6,7 milyard xarici sərmayə cəlb edilib. Bu isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artım deməkdir. Qazaxıstanın 26 illik müstəqillik dövründə isə ölkəyə 300 milyard ABŞ dolları həcmində xarici investisiya yatırılıb.

Qeyd edək ki, Qazaxıstanda investorları cəlb edən əsas sahələrdən biri kənd təsərrüfatıdır. Nəhəng və münbit torpaq sahələri Qazaxıstana dünyanın bir çox ölkələrinə taxıl məhsulları ixrac etməyə imkan verir. Heyvandarlığa dövlət tərəfindən xüsusi qayğı və diqqətin göstərilməsi isə nəinki bu sahədə inkişafın yüksəlişi ilə, üstəlik məhsulların eksporta göndərilməsi ilə nəticələnir. Yeri gəlmişkən, ölkədə belə məhsulların ekoloji cəhətdən təmiz olması xüsusi nəzarətə götürülüb və elə bu səbəbdəndir ki, bazarlarda buna tələbat çox artıb. Kənd təsərrüfatındakı bu uğurlar təbii ki, xarici bazarlarda, xüsusilə Çində Qazaxıstanın mövqeyini xeyli möhkəmlədib.
Çin Xalq Respublikası bu gün Qazaxıstana birbaşa investisiya qoyuluşuna görə dördüncü yeri tutur. 2017-ci ildə iki ölkə arasında ticarət dövriyəsinin həcmi 10,5 milyard dollar olub və bu da 33 faiz artım deməkdir. Qazaxıstanda çinlilər artıq neft-qaz, kimya və yeyinti sənayesi, habelə maşınqayırma, bank, loqistika və s. sahələr üzrə 1200 müəssisə yaradıblar. Bu il sənayeləşmədə əməkdaşlıq və sərmayə qoyuluşu 51 layihə üzrə 28 milyard ABŞ dollarına çatıb.

Qazaxıstan təkcə biznesin inkişafı və maliyyə perspektivləri baxımından deyil, həm də siyasi stabilliyinə görə də investorları özünə cəlb edir. Belə ki, Qazaxıstan Prezidenti yanında Xarici İnvestorlar Şurası artıq 20 ildir ki, fəaliyyət göstərir. Şura xarici investorlarla bağlı birbaşa dialoqa girir və hər hansı problemin yaranacağı təqdirdə məsələnin operativ həllinə nail olur.
Bu gün sözügedən Şuranın tərkibinə Qazaxıstanda fəaliyyət göstərən dünyanın 24 nəhəng investisiya institutlarının və kompaniyalarının nümayəndələri daxildir: Doyçe Bank (Almaniya), Beyker və Mak Kenzi (ABŞ), Koq Holdinq (Türkiyə), Total (Fransa), Arselor Mittal (Böyük Britaniya), LUKOYL (Rusiya) və s.
Xarici investorların ölkəyə cəlb edilməsi məqsədilə Qazaxıstan Astanada Beynəlxalq Maliyyə Mərkəzi yaradıb. Əsas məqsəd maliyyə bazarının inkişafı, səhmlərin idarə olunması, sahibkarların özlərini rahat hiss etməsinin təmin olunması və yeni maliyyə texnologiyalarının tətbiqidir.
Astana Beynəlxalq Maliyyə Mərkəzi bu ilin yayından fəaliyyətə başlayıb və yüksək texnoloji infrastruktura malikdir. Mərkəz ABŞ-ın NASDAQ və Şanxayın fond birjası ilə əlaqəli iş qurub. Burada bütün işlər ingilis dilində aparılır və əsasən ingilis hüquq qaydaları tətbiq olunur.

Beynəlxalq Maliyyə Mərkəzi əslində Dubayda fəaliyyət göstərən analoji təşkilatın iş prinsiplərinə əsaslanır. Yəni, mərkəz maliyyə bazarının bütün üzvləri ilə - adi kompaniyalar, özəl banklar, brokerlər, islam maliyyə institutları və digər qurumlarla əməkdaşlıq etməyə hazırlaşır. Bununla yanaşı, Astana Dubaydan fərqli olaraq nümayəndələrin Qazaxıstan ərazisində mütləq şəkildə olmasını tələb etmir.
Bütövlükdə götürdükdə, Qazaxıstan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən Mərkəzi Asiyada və postsovet məkanında ən sabit ölkələrdən biridir. Bu ölkə artıq beynəlxalq səviyyədə siyasi etibar qazanıb, üstəlik yerli hakimiyyət orqanlarının investorlar üçün yaratdığı əlverişli şərait burada iqtisadi perspektivlər vəd edir.
Yeri gəlmişkən, son illər ölkədə özəlləşməyə xüsusi diqqət yetirilir. Yerli hakimiyyət indi daha cəlbedici sahələri satışa çıxarır.

 

Tarix
11 Sentyabr 2018 [10:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin