Daha 5 rayonun müəllimləri imtahan verəcək

13:06 - 29 Noyabr 2016 - Xəbər

2-4 dekabr tarixlərində Göygöl Olimpiya İdman Kompleksində Göygöl, Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, qiymətləndirmədə qeyd olunan rayonların ümumi təhsil müəssisələrində çalışan 7500 nəfərədək müəllim iştirak edəcək. Ötən il Gəncə şəhəri üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də Gölgöldə keçiriləcək imtahanlara cəlb ediləcək.
Şuşanın Bərdə rayonunda yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri bu imtahanlarda iştirak edəcəklər.
Hər bir müəllim dq.edu.az saytına daxil olaraq “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda müəllimlər həmin səhifəyə daxil olmaqla məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət etmək mümkündür.

Xəbər xətti