“Sosial problemlər obyektivlərdə”

14:19 - 24 Noyabr 2016 - Cəmiyyət

23 və 24 noyabr 2016-cı il tarixlərində həyata keçirilən “Sosial problemlər obyektivlərdə” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olub. Layihənin birinci günündə açılışı edən layihə rəhbəri Cəmil İmranov ilk öncə hər kəsi salamlayıb və onlara layihə barədə qısa məlumat verib, layihənin əsas məqsədinin gəncləri sosial problemləri işıqlandırmağa və onları ictimaiyyətə daha qabarıq şəkildə çatdırmağa sövq etməkdən ibarət olduğunu bildirib: “Layihədə əsas məqsəd gəncləri bu yönümlü problemlərlə maraqlanmağa və onları ictimaiyyətə çatdırmağa çağırmaqdır. Layihədə əsasən 4 kateqoriyaya: insan sağlamlığı, gender bərabərliyi, heyvan haqları və ətraf mühitin qorunmasına aid olan şəkillər yer alıb.”

Daha sonra isə söz Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Nərgiz Xələfə verilib. Gənclərin sosial problemlərin işıqlandırılmasında və xüsusilə, onların həllindəki əvəzolunmaz rolundan danışıb:
“Gənclər hər bir sahədə olduğu kimi, sosial problemlər sahəsində də əllərindən gələni əsirgəməməli və öz tövhələrini verməlidirlər. Onlar cəmiyyətin ən aktiv və təsiredici qüvvələridirlər.”
Daha sonra isə Nərgiz Xələf gəncləri bununla kifayətlənməməyə və öz üzərlərində daha çox işləməyə çağırıb. Nərgiz Xələfin çıxışından sonra Cəmil İmranov açılışı Gənclər fonduna dəstəyə görə minnətdarlığını bildirib və layihə iştirakçılarının sertifikatlarla təltif olunacaqlarını nəzərə çatdırıb. Daha sonra isə sərgi iştirakçıları “coffee break”ə yollanıblar, fotolarsa sərgini izləməyə gələnlər tərəfindən izlənilib.
Layihənin ikinci günündə açılışdan sonra layihə rəhbəri Cəmil İmranov iştirakçıların nəzərinə çatdırıb ki, gün ərzində təşkilat komitəsi üzvlərindən ibarət münsiflər heyəti tərəfindən 1-10 arası ballıq sistemlə səsvermə keçiriləcəkdir və yekun nəticələr əsasən 4 ən çox səs yığan şəkil sertifikatlardan əlavə fərqlənmə diplomu ilə də təltif olunacaqdır.
Layihənin sonunda layihə rəhbəri bütün iştirakçıları sertifikatla təltif edib. Daha sonra isə o, AGAT sədri Nərgiz Xələfi səsvermə əsasında fərqlənən iştirakçıları diplomla təltif etmək üçün dəvət edib. Mükafatlandırma mərasimindən sonra iştirakçılar, layihə rəhbəri və təşkilat komitəsi birgə xatirə şəkli çəkdirib.


Xəbər xətti