Azərbaycançılıq bir ideologiya kimi cəmiyyətdə tam dəstəklənir

18:58 - 16 İyun 2016 - KİVDF

Azərbaycanda azad, demokratik və hüquqi dövlət qurulub

 Böyük siyasətin miqyası həm də onun uzun tarixi dövrün reallıqlarına cavab verərək yetirdiyi varislər tərəfindən uğurla davam etdirilməsi, cəmiyyəti irəli aparması, xalqı xoş güzərana qovuşdurması ilə ölçülür. Bu mənada Ulu öndər Heydər Əliyevin formalaşdırdığı böyük siyasət çağdaş demokratik Azərbaycanın ideya-siyasi palitrasının fövqündə dayanaraq alternativsiz bir strategiya kimi cəmiyyətdə tam dəstəklənir və ən layiqli varis - Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. 
Prezident İlham Əliyev Öz səlahiyyətlərini icra etdiyi illər ərzində Heydər Əliyev siyasətini uğurla həyata keçirdiyini sübut etmişdir. Dövlət başçımız əsası Ulu öndər tərəfindən qoyulan daxili sabitlik sahəsində qazanılmış nailiyyətləri siyasi həmrəyliyin təmin olunması və milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirmiş, faktiki olaraq dönməzliyə çevirmişdir. Azad, demokratik və hüquqi dövlət quruculuğu zamanı isə daxili sabitliyin qorunub saxlanılması ölkədə həm iqtisadi inkişafa, həm də dövlət quruculuğu prosesinə təkan verən, onu sürətləndirən amillərdən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizdə böyük uğurlar qazanılmışdır. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Onun sözlərinə görə, cəmiyyətimizdə belə bir fikir mövcuddur ki, Azərbaycanın indiki inkişafı məhz qurtuluşdan başlanır.  "Qurtuluş məfkurəsi Azərbaycının inkişafı  üçün fundament rolunu oynadı. Biz qonşu ölkələrdə vəziyyəti  analiz edəndə görürük ki, onlar Azərbaycanın 1993-cü ildə yaşadıqlarını indi yaşayırlar. Ukrayna hadisələri buna bariz nümunədir. Bir sıra ölkələr milli təfəkkürün, vətəndaş cəmiyyətinin formalaşdırılması prosesini başa çatdırmayıb. Bizim üçün qurtuluş məfkurəsinin əhəmiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan azad, demokratik dövlət kimi fərqli siyasi baxışların, düşüncələrin mövcud olduğu ölkədir. Ola bilsin ki, iqtidarın siyasəti ilə razılaşmayanlar var. Amma bizim əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri ondan ibarətdir ki, vətəndaş cəmiyyəti, xalqın formalaşması prosesi başa çatıb. Bütün bunların əsasında isə məhz qurtuluş məfkurəsi dayanır. Çünki insanlar o dövrdə bir dəfə, amma tam dəqiq və düzgün nəticə çıxarıblar ki, bir daha o vəziyyətə qayıtmaq olmaz. Həmin çətinliklərdən çıxış yolu bu oldu ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə dəvət olundu, Onun qurduğu dövlət var, müəllifi olduğu Konstitusiya var və bizim bir inkişaf yolumuz var. Bu isə dövlətin xilasıdır, dönməz yoludur, qurtuluş məfkurəsi isə əbədidir. 1990-cı illərin əvvəlində yaşadığımız ağır vəziyyətin bir daha təkrarlanmaması üçün Heydər Əliyev yoluna sadiq olmaq və bu yolu davam etdirmək lazımdır".
Deputat bildirib ki,  nə müxalifət, nə də onların ideya daşıyıcıları bir daha Azərbaycan hakimiyyətində ola bilməzlər. "Onların nə qədər xaricdən havadarları olsa da belə, xalq buna nə indi, nə də gələcəkdə imkan verməz. Çünki Azərbaycan çox dəyişib. O formatda olan siyasət adamları müasir dövrdə heç qəbul olunmurlar. Bunu özləri də bilirlər. Doğrudur, bu qüvvələr hələ 1993-cü ildə Ulu öndər hakimiyyətə qayıdandan sonra Onun nüfuzuna zərbə vurmaq üçün çirkin yollara əl atdılar. Bilirsiniz ki, 1993-cü ilin iyun ayından sonra bir neçə rayonumuz Ermənistan tərəfindən işğal olundu. Həmin qüvvələr isə iddia edirdilər ki, torpaqlar Heydər Əliyev hakimiyyətə gələndən sonra işğal olunub. Amma xalqı altadmaq mümkün deyil. Çünki o dövrdə ordu ayrı-ayrı şəxslərin dəstələrindən ibarət idi və həmin dəstələr isə AXC-Müsavat cütlüyünə aid olan adamlara məxsus idi. O dövrdə həmin dəstələr geri çəkilməklə bağışlanmaz səhvlərə yol verdilər. Yəni bu işğala da onlar şərait yaratdılar. Belə olmasaydı, torpaqlarımızı ermənilər belə asanlıqla işğal edə bilməzdilər. Doğrudur, ermənilər işğalçıdır və onlar xarici havadarlarının dəstəyi ilə işğalı reallaşdırdılar. Amma dediyim kimi, bu işğalın asanlıqla reallaşmasının günahkarı məhz AXC-Müsavat cütlüyünün hakimiyyətində təmsil olunan şəxslərdir.
Amma Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu nəticəsində, Onun tarixi müraciəti əsasında  könüllülər, sağlam insanlar orduya getdilər, erməni işğalı dayandırıldı və bir neçə  uğurlu əməliyyatlar keçirildi. Ermənilərin məqsədi isə daha geniş ərazilərin işğal edilməsi idi, amma bu məqsədlərinə nail ola bilmədilər".
Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan rayonlarının işğalı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmləri var və o dövrdə hakimiyyətdə, vəzifədə olan şəxslər etdikləri cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.
Deputat bildirib ki,  hazırda Azərbaycanın gücünü həmin illərlə müqayisə etmək mümkün deyil. Bu il aprelin əvvəlində cəbhədə baş verən  hadisələr bunu təsdiqlədi. Həmin günlərdə də radikal müxalifət ara qarışdırmağa cəhdlər etdi, amma alınmadı. "Onlar xalqın gücü və hakimiyyətlə birliyinin  təsiri altında qalmağa məcbur oldular. Aprel hadisələri xalqımızın torpağa nə qədər bağlı olduğunu və bir qarış torpağın belə itirilməsinə yol verməyəcəyini göstərdi. Xalqımızda böyük ruh yüksəkliyi var və bu məsələdə hakimiyyətin siyasətini  dəstəkləyir". 
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovisə bildirib ki, 15 İyun-Qurtuluş günü xalqımızın ən gözəl bayramlarından biridir. Ona görə ki, bu Qurtuluş günü olmasaydı, yəni Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydı, indi nə ümumiyyətlə Azərbaycandan, nə də ölkəmizdəki bugünkü əmin-amanlıqdan, inkişafdan  danışmaq olmazdı. Çünki o vaxtlar respublikada vəziyyət çox ağır idi, Azərbaycan dağılıb gedirdi. "Mən söhbətimizə lap əvvəldən başlamaq istərdim. Milli Qurtuluşa gedən yol haradan, necə başladı? Bildiyiniz kimi, Ümummilli lider Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya gəldi. Ulu öndər məlum səbəblərdən Bakıda qala bilmədi və doğulduğu Naxçıvana getmək məcburiyyətində qaldı. Burada insanlar Onu çox yüksək səviyyədə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. Ulu öndər, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Seçkilərdən bir qədər sonra-17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Sovetinin sessiyası çağırıldı və sessiyaya sədrlik Heydər Əliyevə həvalə olundu. Bəhs olunan tarixi sessiyada bir sıra qərarlar qəbul edildi, o cümlədən Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı. Heydər Əliyev cəsarət nümunəsi göstərərək Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağının Naxçıvan Ali Məclisində qaldırılmasına nail oldu. Mən xüsusi vurğulamaq istəyirəm ki, Heydər Əliyev Naxçıvan Ali Məclisində üçrəngli bayrağımızın  Muxtar Respublikanın dövlət rəmzi kimi qəbul edilməsinə nail olmaqla ikinci dəfə Azərbaycanın müstəqilliyinin əsasını qoydu. Qurtuluşa gedən yolumuz da məhz buradan başladı. Sonradan-1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.
Əlbəttə, indi bu deyilənlər kimlərəsə adi görünə bilər. Ancaq bəhs olunan dövr kifayət qədər mürəkkəb idi. Belə ki, hələ sovet ittifaqı dağılmamışdı, kommunist partiyası qalırdı. Ancaq ortada Heydər Əliyev fenomeni var idi və Ulu öndər Öz müdikliyi, uzaqgörənliyi və cəsarəti sayəsində üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsinə nail oldu. Heydər Əlyev müdrikliyi və cəsarəti ilə bizə müstəqilliyin yolunu göstərdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyalarında da böyük cəsarət nümayiş etdirərək Dağlıq Qarabağla, respublikamızın müstəqilliyi ilə bağlı fikirlərini açıq şəkildə söylədi. Ancaq təəssüf ki, salonda əyləşənlərin bəziləri-onların bir çoxunun karyera qazanmalarına, vəzifə pillələrində yüksəlmələrinə Ulu öndər ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə böyük dəstək göstərmişdi-ayaqlarını yerə döyməklə Heydər Əliyevə hörmətsizlik nümayiş etdirdilər. Ona göstərilən bu kimi təzyiqlərə baxmayaraq, Ulu öndər sonrakı dönəmlərdə də Azərbaycanın müstəqilliyi ideyasının müdafiəsində dayandı". 
( ardı var)

Xəbər xətti