Heydər Əliyev respublikada ictimai-siyasi sabitliyi təmin etdi

00:00 - 15 İyun 2016 - KİVDF

Ümummilli lider dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda böyük işlər gördü

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdışına dəqiq qiymət verməkdən ötrü həmin dövrdəki  vəziyyəti düzgün analiz etmək lazımdır. Bilirik ki, sovet hakimiyyətinin son illəri və müstəqilliyin ilk dövrü Azərbaycan üçün çox ağır və mürəkkəb olub. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində keçmiş SSRİ miqyasında Azərbaycan qədər ağır, çətin vəziyyətlə üz-üzə qalmış ikinci respublika misal çəkmək mümkün deyil. Birincisi, ona görə ki, xalqımızın müstəqillik istəyi hər zaman güclü olub. Məhz buna görə də, Azərbaycanda bu prosesə qarşı həyata keçirilən tədbirlər də başqa respublikalardan fərqli idi. İkincisi, bizim xalqımıza qarşı erməni lobbisi, o cümlədən sovetlər hakimiyyətinin rəhbərliyi güclü  fəaliyyət göstərirdilər. Üçüncüsü, Azərbaycanın o dövrdə müstəqillik uğrunda mübarizəsinə yardım və kömək edən heç kim yox idi. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Onun sözlərinə görə, belə bir şəraitdə xalqın yeganə ümidi Ümummilli lider Heydər Əliyev idi. "Qorbaçov hakimiyyətinin 1980-ci illərdə Heydər Əliyevə qarşı kampaniyasını hamımız yaxşı bilirik. Təəssüf ki, Azərbaycanda da  zamanında Heydər Əliyevin dəstəyi ilə çalışmış, müxtəlif vəzifələrə yüksəlmiş bir sıra insanlar da o prosesə qoşulmuşdu. Buna baxmayaraq, xalqımız Ulu öndərin Azərbaycanın inkişafı naminə gördüyü misilsiz işləri unutmamışdı, sovetlər dövründə Onun respublikamızı hansı səviyyədə inkişaf etdirdiyini yaxşı xatırlayırdı. Eləcə də, insanlar Ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə Onun nə dərəcədə xalqımıza, muxtar respublikaya verdiyi dəstəyi müşahidə edirdilər",-deputat deyib.
Əli Hüseynli qeyd edib ki, bütövlükdə, o dövrdə gərgin hadisələr baş verirdi. "Amma belə vəziyyətlərdə həmişə Ümummilli lider Heydər Əliyev milli maraqlarımızı müdafiə edib. 20 Yanvar faciəsi ilə əlaqədar Moskvada verdiyi qətiyyətli bəyanat, sonra Moskvadan Bakıya dönməsi, Azərbaycan parlamentində cəsarətli çıxışları, sonra da Naxçıvana rəhbərlik etdiyi dövrdə blokada şəraitində bu bölgənin qorunması ilə bağlı gördüyü işlər Ulu öndərimizin hər zaman xalqımızın maraqlarını uca tutduğunu bir daha təsdiqləyir.
1993-cü ildə də gərgin vəziyyətdə xalqın köməyinə Heydər Əliyev çatdı. Çünki  ölkədə çox mürəkkəb vəziyyət idi, hərc-mərclik hökm sürürdü və müəyyən qüvvələr respublikanı parçalayırdı. Xarici təhdidlərindən başqa Azərbaycanda vətəndaş müharibəsi də başlayırdı. Bu, çox dəhşətli proses idi. Belə bir zamanda Heydər Əliyevin hakimiyyətə qayıdışı labüd idi, bu qayıdış xalqın israrlı istəyinə çevrildi. İnsanlarda böyük əminlik yaranmışdı ki, Azərbaycanı belə bir vəziyyətdən yalnız Heydər Əliyev kimi dahi şəxsiyyət xilas edə bilər.
Ona görə də, 15 iyun 1993-cü ildə təbii proses baş verdi və xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdı".
Deputat bildirib ki, həmin dövrdə ictimai-siyasi sabitliyin təmin olunması da ən acib məsələlərdən biri idi. "Təbii ki, o dövrdə qarşıda duran əsas vəzifə respublikada ictimai-siyasi sabitliyin təmin edilməsi idi. Gəncə hadisələri zamanı qarşı-qarşıya duran qüvvələr xalqı təmsil etmirdilər. Həm hakimiyyət, həm də ona qarşı olan qüvvələr öz maraqlarını düşünürdü. Vətəndaş qarşıdurması da bu hərc-mərcliyin nəticəsi olaraq yaranmışdı. Vətəndaş qarşıdurması, separatizm halları AXC-Müsavat hakimiyyətinin uğursuz daxili və xarici  siyasət nəticəsində baş vermişdi. Bütün bunlardan isə əziyyət çəkən Azərbaycan xalqı idi.
Ona görə də, ilk növbədə respublikada sabitliyi təmin etmək, dövlət institutlarını bərpa etmək lazım idi. Ulu öndərin hakimiyyətə qayıdışına qədər heç bir dövlət institutu normal işləmirdi. Nazirlik, komitə, hərbi strukturların rəhbərləri həmin qurumları özləri istədikləri kimi idarə edirdilər. Bunun nəticəsi idi ki, Heydər Əliyev hakimiyyətə qayıdanda dövlət institutları dagılmışdı, torpaqlarımız işğal olunurdu. Amma nə qədər çətin olsa da, Ulu öndərimiz qısa müddətdə respublikada ictimai-siyasi sabitliyi təmin etdi. Eyni zamanda, atəşkəs rejiminin yaradılması da vacib addım oldu. Həmçinin, qısa zamanda qonşu ölkələrlə normal münasibətlər bərpa olundu, hüquqi islahatlar aparıldı, qanunsuz silahlı qüvvələr zərərsizləşdirildi. Bütün bunlardan sonra Azərbaycan inkişaf yoluna çıxdı".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, ölkəmiz müstəqilliyini bərpa etdiyi ilk illərdə müəyyən təxribatlar, dövlət çevrilişinə cəhdlərlə də üz-üzə qaldı. "Bəli, belə problemlər oldu. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlərin göstərilməsi müstəqil dövlətçiliyimiz üçün növbəti sınaqlar oldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini qəti şəkildə dəstəkləməsi nəticəsində bu təhlükəli cəhdlərin qarşısı alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu. 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və Ümummilli liderimizə dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı". O bildirib ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, sivil cəmiyyətin formalaşmasında 1995-ci ildə qəbul olunmuş milli Konstitusiyanın rolunu böyük oldu. " Demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın - Əsas Qanunun rolu qat-qat artır. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfındən hazırlanmış ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda - ümumxalq səsverməsində qəbul edilmişdir. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları öz əksini tapmışdır. 
Bildiyiniz kimi, ölkəmizdə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşmış, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Ümummilli liderimiz vicdan azadlığının təmin edilməsini, tolerantlıq mühitinin formalaşmasını əsl vətəndaş cəmiyyətinin formalaşdırılması üçün mühüm amil sayırdı və respublikaya rəhbərliyi dövründə bu amilləri dövlət həyatının ayrılmaz hissəsinə çevirmişdi. Əminliklə demək olar ki, bu gün ölkəmizin məhkəmə-hüquq sistemi beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Bu sahədə aparılan islahatlar hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsi, ölkəmizdə insan hüquqlarının təmin edilməsi və qorunması üçün böyük əhəmiyyət kəsb etmişdir". 

Xəbər xətti