ABŞ İraqın neft nazirinin müavininə, ərəb ölkəsindəki bir neçə enerji şirkətinə və ərazisində fəaliyyət göstərən iki silahlı qrupa sanksiyalar tətbiq etmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib.
Onun sözlərinə görə, ABŞ-ın qara siyahısındakıların hamısı "İraqın suverenliyini sarsıdır", onun təbii sərvətlərini talan edir, İran hökumətini maliyyələşdirir və ABŞ vətəndaşlarına qarşı zorakılığa təhrik edir.
Piqot iddia edir ki, nazir müavini Əli əl-Bahadli "İran neftinin İraq nefti ilə saxtakarlıqla qarışdırılmasına" və bu xam neftin Tehranın xeyrinə satılmasına şərait yaradıb.
Diplomat aydınlıq gətirib ki, "Kətaib Seyyid əl-Şuhəda" və "Əsaib Əhli əl-Haq" qruplarına qarşı da məhdudiyyətlər tətbiq edilib. ABŞ Dövlət Departamentinin rəsmisi bildirib ki, onlar "terrorçu fəaliyyətləri maliyyələşdirmək üçün İraq iqtisadiyyatından istifadə etməyə davam edirlər".