“Bir qrup az tanınan saytlar birinci Qarabağ müharibəsi zamanı qoşunlarımız tərəfindən işğal olunmuş Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistana verilməsi təklifini mənə aid edərək “stəkanda fırtına” yaratmağa çalışdılar. Deyirlər ki, İctimai Televiziyanın bazar günü proqramına şərhimdə Başkənd kəndinin strateji əhəmiyyət kəsb etmədiyini deməklə ölkəmizin mənafeyinə xələl gətirmişəm”.
Ucnoqta.az xəbər verir ki, bu fikirləri deputat Rasim Musabəyov öz feysbuk hesabında qeyd edib.
Deputatın sözlərinə görə, Ermənistanın nəzarətində qalan dörd Azərbaycan eksklavı (Ölkəsinin əsas ərazisindən aralda olan və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan qeyri-suveren region - red.) ərazi baxımından keçmiş Ermənistanın Başkənd anklavı (Bir dövlətin ərazisinin başqa bir və ya bir neçə dövlətin quru ərazisi ilə əhatə olunması -red.) ilə müqayisə olunsa da, İrəvanı İranla birləşdirən yol Kərkidən, Ermənistanı Gürcüstanla birləşdirən əsas magistral isə Yuxara Əskəpardan keçir: “Başkəndin yalnız rayon yollarının kəsişməsində yerləşdiyi halda kəndlərimizin strateji əhəmiyyəti danılmazdır. İşğal olunmuş Azərbaycan anklavları keçmiş Ermənistan anklavı Başkənddən daha qiymətlidir”.
R.Musabəyov qeyd edib ki, bu hal gələcək Ermənistan-Azərbaycan danışıqlarında mütləq şəkildə eksklav kəndlərinin taleyi həll edilərkən nəzərə alınmalıdır və Başkəndin Ermənistana verilməsindən söhbət getmirdi: “Mən sadəcə olaraq vurğuladım ki, Azərbaycanın eksklavlarla bağlı danışıqlarda mövqeyi Ermənistanın mövqeyindən güclüdür. Ancaq bəziləri üçün həqiqətdən uzaq olsa belə, cəlbedici başlıq daha vacibdir”.