Xəstəliklərin müalicəsində sümük iliyi transplantasiyası önəmli yer tutur

10:50 - 27 Mart 2022 - Leykoz

Sümük iliyi transplantasiyası sağlam qan hüceyrələri əmələ gətirməsi üçün kök hüceyrələrinin xəstəyə nəql edilməsidir

Bu müalicə metodu ilə xəstələrin irsi və bədxassəli hematoloji xəstəliklərdən tamamilə sağalma şansları olur”

İrsi və bədxassəli hematoloji xəstəliklərdə qan hüceyrələrini yaradan sümük iliyi normal funksiyalarını itirdiyi üçün sümük iliyində qan hüceyrələrinin əmələgəlmə prosesində bir sıra problemlər yaranır.  Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin Sümük iliyi transplantasiyası şöbəsinin müdiri, hematoloq Nərgiz Əliyevabildirib. Onun sözlərinə görə,  bu xəstəliklərin müalicəsində sümük iliyi transplantasiyası önəmli yer tutur. “Sümük iliyi transplantasiyası sağlam qan hüceyrələri əmələ gətirməsi üçün kök hüceyrələrinin xəstəyə nəql edilməsidir. Bu müalicə metodu ilə xəstələrin irsi və bədxassəli hematoloji xəstəliklərdən tamamilə sağalma şansları olur”.
117 xəstə sümük iliyi transplantasiyası üçün öz növbəsini gözlədiyini bildirən Nərgiz Əliyeva qeyd edib ki, onlar donorları olan şəxslərdir. “Hazırda mərkəzdə 6 palata var. Əməliyyat olunan xəstələr iki aya qədər nəzarətdə saxlanıldıqdan sonra evə buraxılırlar. Xəstələr evə buraxıldıqdan sonra növbə gözləyənlər əməliyyat edilə bilərlər. İl ərzində 30-dan çox xəstəni əməliyyat edə bilirik. Otuz iki nəfər isə uğurla əməliyyat olunub, sümük iliyi tam tutub və onlar sağlam həyatlarını davam etdirirlər. Ümumiyyətlə bu günə qədər 127 xəstəyə sümük transplantasiyası köçürülüb. 32 nəfər isə proqram çərçivəsində əməliyyat olunub. Pasiyentlərdən ən böyüyünün 19, ən kiçiyinin 3 yaşı var. Ölkədə donor bankının yaradılması ilə bağlı aidiyyəti üzrə müraciət olunub və yaxın gələcəkdə bu proseslər həyata keçiriləcək”, - deyə N. Əliyeva bildirib.

Şöbə müdiri Milli Hematologiya və Transfuziologiya Mərkəzində 3500 talassemiya xəstəsinin qeydiyyatda olduğunu da diqqətə çatdırıb. “Onlar xəstəlik dərəcəsinə uyğun olaraq müalicə edilir və dərman preparatları ilə təmin olunurlar”.

Nərgiz Əliyeva vurğulayıb ki, köçürülmüş kök hüceyrələr təxminən 3 həftə ərzində yeni sümük iliyinin fəaliyyətinə başlanğıc verir: Bu müddət ərzində xəstəyə qan məhsulları (eritrosit, trombosit kütlələri, yeni dondurulmuş plazma) və antibakterial, antiviral, antifunqal müalicələri aparılır. Əməliyyatdan sonra xəstələr üç ay steril bokslarda saxlanılır, donor sümük iliyi fəaliyyətə başlayandan sonra onu evə buraxırıq. Lakin əməliyyatdan sonra iki il müddətində xəstə yenə də hematoloqların nəzarətində olur. Yenə də qeyd etmək istəyirəm ki, bu əməliyyatdan əvvəlki, əməliyyatın gedişi və əməliyyat sonrası bütün prosedurlar dövlətin yardımı ilə həyata keçirilir”

N. Əliyevanın dediyi kimi sümük iliyi donorları bankının yaradılması çox vacibdir. Bu məsələ talassemiyalı uşaqların valideynləri tərəfindən çoxdandır ki, müzakirə olunur. Xəstə uşaqların valideynləri donor axtarmaq üçün sümük iliyi donorlarının dünya bankına müraciət etməyə məcburdurlar və uyğun donor tapıldığı zaman onlar sponsorların, fondların, insanların ianələrinin dəstəyi ilə uşaqlarını Türkiyəyə və ya Rusiyaya aparır və orada transplantasiya etdirirlər.

Beləliklə, əgər qohum donor yoxdursa, xaricdə transplantasiyaya külli miqdarda vəsait xərcləmək lazım gəlir. Hər bir valideyn uşağının sağlam olmasını arzulayır və bunun üçün çox şeyə hazırdır. Göründüyü kimi sümük iliyi donorları bankının yaradılması bu problemin həllində müsbət rol oynaya bilər.

Transplantasiyasından keçən xəstələr növbəti illərdə uşaq sahibi ola bilərmi?

Bəzi hallarda, mayalanmaya kimyəvi terapiyaya təsir edə bilər. Uşaq sahibi olmağı planlaşdıran ailələr in vitro mayalandırma metodundan istifadə etməklə bəzən buna nail olurlar. Müalicəyə başlamazdan əvvəl vaxt olduğu təqdirdə, sperma və ya yumurtalığın dondurulması seçim kimi nəzərə alına bilər.

Həkim nəzarəti

Transplantasiya olunmuş xəstə evə yazıldıqdan sonra da bir neçə ay həkim nəzarətində olmalıdır. Həkim nəzarətində olan xəstədə hər hansı bir narahatlıq olarsa dərhal həkim tərəfindən müdaxilə olunmalıdır. Bu barədə Talassemiya Mərkəzindən bildirilir ki, ilk 3 ay həftədə 1-2 dəfə kontrol müayinə vacibdir. “Daha sonra kontrol müayinələr 15-30 gün ərzində aparılır. İlk bir il ciddi bir problem yaşanmazsa kontrol müayinələri 2-3 ayda bir aparılır. Kontrol müayinələrin aparılma müddəti xəstənin ümumi vəziyyətindən asılıdır. Rutin müayinələrimizdən başqa oftalmoloqun müayinəsi, tənəffüs funksiyası sınaqları, densitometriya aparılması lazımdır.

Bəzən nəql edilən kök hüceyrələr yeni sümük iliyi əmələ gətirə bilmir. Bu halda yeni qan hüceyrələrinin əmələ gəlməsi prosesi baş vermir. Xəstənin hemoqramına baxaraq iliyin tutub-tutmamasını müəyyənləşdirmək mümkündür. Belə hallarda yenidən transplantasiya ehtiyacı yarana bilər”.

Qeyd edək ki, SİT sonrası əsas xəstəlik təkrarlaya bilər. Standart hazırlıq rejimi ilə olunan transplantasıyalar zamanı təkrarlama riski 25-30%-dir. Əgər vericidən alınan kök hüceyrənin alıcının sümük iliyində tutması uğursuz olarsa və ya transplantasiya sonrası xəstəlik təkrarlanarsa ikinci dəfə ilik köçürmək mümkündür. Aparılacaq müalicənin seçimi və kök hüceyrə mənbəyi şəraitdən asılıdır.

İnfeksion xəstəliklərdən qorunmaq üçün maska taxılmalıdır

Maska taxmalıdırlar. Maska taxmaqla hava damcı yolu ilə yoluxan infeksion xəstəliklərdən qorunmaq mümükündür.

Qapalı və sıx məkanlardan uzaq durmalıdırlar. Kateteri olan xəstələr kateter baxımına diqqət etməlidirlər. Kateterin yerində qizartı, istilik, qolda şişkinlik müşahidə olunarsa dərhal həkimə müraciət etmək lazımdır. Qrip və digər infeksion xəstəliyi olan insanlarla eyni məkanda durmamalı, xəstə insanları evlərinə dəvət etməməlidirlər. Bu barədə Talassemiya Mərkəzindən bildirilir. “Bütün otaq bitkiləri evdən uzaqlaşdırılmalıdır. İmmun sistem düzəldikdən sonra torpaqla təmas qurmamaq şərtilə birkiləri yenidən evə qaytara bilərlər. Transplantasiya sonrası heyvanlardan uzaq durmaq məsləhətdir. İmmun sistem düzəldikdən sonra öpməmək şərtilə heyvanları sığallamaq onlarla eyni evdə olmaq olar. Evi təmizləyərkən toz qalxacaq şəkildə təmizlənməməlidir. Evdə toza səbəb olacaq təmir işləri təxirə salınmalıdır. Əgər uşaqlara peyvənd olunacaqsa canlı peyvəndlər olunmamalıdır. Həşarat dərmanları, boyalar sümük iliyini qıcıqlandıra bildiyi üçün onlarla təmas qadağandır. Şəxsi gigiyena qaydalarına riayət etmək vacibdir. Hər gün duş qəbul etmək, əlləri diqqətlə yumaq (xüsusilə tualetdən, yemək öncəsi, başqa biri ilə təmas zamanı) lazımdır. Ağız içində çox miqdarda mikrob olduğu üçün ağız gigiyenasına xüsusilə diqqət yetirmək lazımdır. Dişləri mütəmadi fırçalamaq vacibdir. Diş ətləri, ağız içi, dildə ola biləcək ərp və yaraların olduğu halda dərhal həkimə müraciət etmək lazımdır. Fiziki aktivlik xəstənin bədənini gücləndirir, zehni işini artırır. Həkimin məsləhəti ilə mütəmadi olaraq idman hərəkətləri etmək vacibdir”.

 Xatirladaq ki, talassemiya qırmızı qan hüceyrələrindəki hemoqlobinin sintezinin pozulması ilə əlaqədardır və irsi qan xəstəliyidir. Talassemiya daşıyıcısı olanların demək olar ki, xüsusi şikayətləri olmur.  Onlar bu xəstəliyin daşıyıcısı olduqlarını çox vaxt təsadüfən, başqa problemlə bağlı müayinə zamanı qan analizi nəticəsində öyrənirlər. Valideynlərdən, sadəcə, biri talassemiya daşıyıcısı olduqda övladın talassemiya xəstəsi olma ehtimalı sıfra bərabərdir. Lakin ata və ananın hər ikisi talassemiya daşıyıcısı olduqda, onların övladı 25 faiz ehtimalla tamamilə sağlam, 50 faiz ehtimalla talassemiya daşıyıcısı, 25 faiz ehtimalla isə talassemiya xəstəsi olaraq dünyaya gəlir.

Pünhan Əfəndiyev

Yazı "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.

Xəbər xətti