Hindistan və ABŞ ikitərəfli ticarət sazişinin (BTA) imzalanması ilə bağlı Vaşinqtonda keçirilən danışıqlarda davamlı irəliləyiş əldə ediblər.
Ucnoqta.az bildirir ki, bu barədə ANI xəbər agentliyi məlumat verib.
"ABŞ və Hindistan nümayəndə heyətləri arasında danışıqlar müsbət və effektivdir, razılaşmaya doğru irəliləyir. Məsləhətləşmələr demək olar ki, başa çatıb. Çox az məsələ həll olunmayıb", - deyə ABŞ rəsmisi ANI-yə bildirib.
22 apreldə başa çatması planlaşdırılan danışıqların hazırkı mərhələsi BTA-nı imzalamadan əvvəl tərəflər arasında fikir ayrılıqlarının həllinə yönəlib.
Danışıqlarda Hindistan nümayəndə heyətinə Ticarət nazirinin müavini Darpan Cayn, ABŞ nümayəndə heyətinə isə ABŞ Ticarət Nümayəndəsi Ofisinin (USTR) nümayəndəsi Brendan Linç rəhbərlik edir. Ticarət sazişinin imzalanması ilə bağlı rəsmi açıqlama tezliklə gözlənilir.
ANI qeyd edir ki, Vaşinqtonda keçirilən danışıqlar Hindistanın ABŞ ticarət tariflərini azaltmaq və Vaşinqtonla iqtisadi əməkdaşlığı gücləndirmək səylərinin bir hissəsidir. Hindistan rəqib ölkələrlə müqayisədə mallarının Amerika bazarına güzəştli çıxışında israr edir.