Koronavirus Avropaya qayıtdı - VİDEO

12:34 - 23 İyun 2020 - Xəbər

İspaniyanın Araqon bölgəsinin Ueska əyalətində karantin tədbirləri yenidən tətbiq olunacaq. Bu ərazidə koronavirus infeksiyasının yenidən yayılması aşkarlanıb.

Bu barədə “EuroNews” xəbər yayıb.

Bu, Avropa İttifaqına üzv olan dövlətlərdə karantin bitdikdən sonra yeni məhdudiyyətlərin tətbiq olunduğu ilk haldır.

Bundan başqa, yoluxma ocaqları daha iki böyük aqlomerasiyada aşkarlanıb. Söhbət ölkənin paytaxtı Madriddən və Barselona şəhərindən gedir.

Almaniyadakı vəziyyət də narahatlıq doğurur: Şimali Reyn-Vestfaliyada yerləşən ən böyük ət emalı zavodunda 1 500-dən çox yoluxma halı müəyyən edilib.
Portuqaliya hökuməti yeni hallarla bağlı restoranlara, barlara, kafelərə və dükanlara komendant saatı tətbiq edib. Məlumata görə, mayın sonundan iyunun sonuna qədər - bir ay ərzində Portuqaliyada koronavirusa yoluxanların sayı 9 000 nəfəri ötüb. Ümumilikdə, ölkədə 40 minə yaxın yoluxma halı qeydə alınıb. 1 500 nəfər isə bu xəstəlikdən ölüb.

Qeyd edək ki, koronavirusa yoluxma hallarının artması təkcə Aİ dövlətlərində deyil, Britaniyada da, xüsusən Şimali Uelsdə müşahidə olunur.

ÜST bir müddət əvvəl mövcud vəziyyətdə, əsasən də Avropada pandemiyanın ikinci dalğasının başlanmasının sadəcə vaxt məsələsi olduğu barədə xəbərdarlıq etmişdi.///oxu.az

Xəbər xətti