Ayla xanım Osmanova: “Teatra həmişə maraq olacaq”
“İlk gördüyümüz sima olur, amma ruh önəmlidir. Siması gözəl, lakin ruhu olmayan aktyor uzun müddət səhnədə qalmaz, qala bilməz! Gec-tez özü uzaqlaşacaq. Adi insan götürək, siması gözəl, içi boş nə qədər davam edər bu dostluq, bu münasibət?! Səhnə də elə, ruhu olmayan, ürəyi dolu olmayan aktyoru çox daşımaz”. “Üç nöqtə” qəzetinin qonağı Gənc Tamaşaçılar Teatrının quruluşçu-rejissoru Ayla xanım Osmanovadır.
-Ayla xanım, zəhmət olmasa özünüzü təqdim edin.
-Ayla Bəhram qızı Osmanova.
-Özünü təqdimat niyə bu qədər sadə oldu?
-Ondan ötrü ki, təmtəraqlı təqdimatları sevirəm. Özümdən razı deyiləm, ona görə də sadəcə adımı, soyadımı və atamın adını qeyd etdim. Özümü təqdimatla bağlı uzun-uzadı danışmağı sevmirəm. Qoy kimlərsə mənim haqqımda danışsın, mənim danışmağıma ehtiyac yoxdur.
-Uşaqlıq illəriniz...
-Kim dedi ki, mən artıq böyümüşəm (gülümsəyir)? Gözəl və xoşbəxt bir uşaqlıq illəri yaşamışam. Valideyinlərim sağolsunlar, onları sevirəm.
-İncəsənəti seçərkən əsas amil sizin üçün nə oldu?
-Məncə, digər bir sənəti də seçsəydim, orda da uğur qazanardım. İncəsənət isə başqa bir dünyadır və onun tayı-bərabəri yoxdur. İnsanların ruhunu qidalandırmaq gözəldir. İncəsənət insanların qəlbinə və düşüncəsinə təsir edən bir sənət növüdür. Zaman keçdikdə anladım ki, insanlığın inkişaf etdiyi dövrdə yaradılan ən mükəmməl bir peşə növüdür ki, bu peşənin nədən ibarət olduğunu ömrü boyu öyrənməyə dəyər.
-Teatr sizin üçün nə deməkdir?
-Mən incəsənət ailəsində dünyaya göz açmışam. Balaca vaxtlarımdan teatrda ara-sıra teatrın səhnə arxasında olmuşam. Deyim ki, bu səhnə arxasında olmaq məni o qədər özünə cəlb eləyirdi, bu düz söz olmaz. Sadəcə hərdən-birdən bu gündə izah edə bilməyəcəyim elə bir möcüzə baş verirdi ki, bu an mən nəzərlərimi səhnədən çəkə bilmirdim. Sonra peşə seçimində anamla məsləhətləşib sənədlərimi incəsənətə verdim. Lakin atamdan gizlin, atam bilsəydi, icazə verməyəcəkdi! Çünki atam sənəti sənət kimi sevir, özünün bu sənətdə olduğuna görə yox. O, bu gündə sənət uğurlarını çox tez unudaraq yeni bir işlərə can atır. Ara-sıra mənə də bunu tövsiyyə edir ki, bir uğurun şöhrəti ilə yaşamağa dəyməz. Çünki şöhrət çox tez unudulur, daim nəsə öyrənmək istəyi isə adama ruh yüksəkliyi verir, təvazökarlıqdan uzaqlaşdırmır. Məhz bundan sonra sənət özü həmin şəxsi qoruyur
-Niyə teatr rejissoru?
-Rejissorluq bir bir sənət növü kimi teatr tam formalaşandan sonra yaranıb. Belə ki, bu sənət, artıq teatr sənətini başqa cür istiqamətləndirmək üçün nəzərdə tutulub. 20-ci əsrdə əbəs yerə demirdilər ki, bu əsr təkcə atom əsri kimi yox, tarixdə rejissor əsri kimi də yadda qalacaq . Başqa rejissorluq sahələri məhz bundan sonra yaranıb. Mən teatr rejissorluğunu minimal səhnə atmosferində tamaşaçılara bəşəri hisslər aşılaya bilən bir sənət növü olduğu üçün sevirəm. Rejissorluq sənəti bu gün çox asan sayılan bir sənət növünə çevrilib dünyada. Jurnalist rejissurası, dramaturq-yazıçı rejissurası, texniki rejissura amili mövcuddur ki, Azərbaycanın sənət aləmində də bu yetərincədir. Rejissorluq təkcə maraqlı forma düşünüb texnikanın köməyi ilə bu formanı bəzəyən şəxsin məşğul olduğu yox, aktual ideya ətrafında bir komanda formalaşdıran bir sənət növüdür .
-İncəsənətdə heç bir şey gizlin qalmır. Bəlli ki, arxaca görülən işlər də. Sizə qarşı belə hallar olub?
-Əgər səni hamı sevirsə, deməli, səndə nəsə problem var. Mən “işini gör” prinsipi ilə yaşayan xanımam. Hərdən görəndə ki, uğur mənə mane olur, kənara çəkilirəm. Yəni qırağa çəkilməyi də bacarıram. Necə deyərlər, "Time out" fasilə verirəm. Oxuyuram, öyrənirəm, müşahidə aparıram və yenidən (susur)...Bilirəm ki, mən çox cavanam, enerjim boldur, çox işləyə bilərəm, amma (yenə susur)...
-Olub ki, heç qurduğunuz tamaşa gözlənilən nəticəni verməsin?
-Özüm nədənsə narazı olmuşam. Hazırladığım tamaşalar barədə kimsə tərəfindən mənfi fikir deyilməyib. Çünki mən bir işi görürəmsə, ya mükəmməl görəcəm, ya da heç yaxın durmayacam. Ona görə deyirəm ki, özüm narazı qalmışam.
-Sizcə, bugün teatrlarımıza maraq var?
-Əlbəttə. Nə qədər ki, teatr var, o zamana qədər də teatra həmişə maraq olacaq. Yalnış bir ifadədir, teatra maraq yoxdur. Hər bir dövrün öz teatrı var, bunu yadda saxlayın. Teatr bir xəzinədir və sən tamaşaya baxdıqdan sonra ordan əli boş çıxa bilmərsən, mütləq özünlə nəsə aparacaqsan. Tamaşaçının zövqünü oxşamaq və onda daha da maraq yaratmaq bizim borcumuzdur. Bu gün teatr gərəkli olmağa çalışır.
-Aktyorlar hər zaman deyir ki, biz rejissordan asılıyıq. Bu asılılığı necə izah edə bilərsiniz?
-Necə ki, yaxşı aktyor rejissordan asılı olduğu kimi, yaxşı rejissor da yaxşı aktyordan asılıdır. Asılılıq ancaq bundan ibarətdir.
-Hansı yerli və xarici aktyorlara pərəstiş edirsiniz?
-Eləsi yoxdur və məncə, olmayacaq da. Bəyəndiyim çoxdur, izləyirəm filmlərini, tamaşalarını, valeh oluram, bu mənə bəs edir. Pərəstiş etmək, kiminsə pərəstişkarı olmaq mənlik deyil, bacarmıram.
-Xarici ölkələrdən söz düşmüşkən, bir az da xarici səfərlərinizdən danışaq
-Axrıncı səfərimiz Fevral ayında Türkiyənin Diyarbəkir şəhərində baş tutan Beynalxalq "Solo" festivala oldu. Pərvinin “Mən öləndə, Ağlama” əsəri ilə festivala dəvət aldıq. Gözəl qarşılandıq, uğurla qayıtdıq. Səfərlər, istər xarici, istərsə də yerli, çox böyük bir stimuldur. Səfərlər yeni nəfəsdir, yeni tanışlıqlardır. Düz deyiblər çox gəzən çox bilər. Çox bilmək isə dünyagörünüşün artmasıdır. Öyrənib, müşahidə edib, nə vaxtsa, o yığdıqlarını verirsən yeni tamaşaya. Axı bildiyimiz, yaşadığımız, öyrəndiyimiz hər şey sənətə çevrilir.
-Sizcə, aktyorun siması gözəl olmalıdır?
-Sual çətindir, amma maraqlıdır. İlk gördüyümüz sima olur, amma ruh önəmlidir. Siması gözəl, lakin ruhu olmayan aktyor uzun müddət səhnədə qalmaz, qala bilməz! Gec-tez özü uzaqlaşacaq. Adi insan götürək, siması gözəl, içi boş nə qədər davam edər bu dostluq, bu münasibət?! Səhnə də elə, ruhu olmayan, ürəyi dolu olmayan aktyoru çox daşımaz. Gözəgəlimli olmaq bəs edir.
-Tamaşa başa çatandan sonra tamaşaçılarla qalıb söhbət edirsiniz, onların fikirlərini öyrənirsiniz?
-Heyif ki, bizdə elə bir imkan yoxdur. Amma mənim mono tamaşam var. O tamaşa kiçik səhnədə oynanılır. Biz, yəni tamaşanın dramaturqu Pərvin xanım, aktrisa Səbinə xanım və mən çalışırıq tamaşaçıların rəyini alaq. O tamaşa hər dəfə oynanılanda bizim üçün premyera kimi gəlir. Çünki qəribə bir sehri var.
-Film çəkmək kimi bir istəyiniz varmı?
-Var, amma, amma, amma... Mükəmməl olması üçün hələ çox çalışmalıyam. Bunun üçün ilk növbədə mənə çox yaxşı bir ssenarist lazımdır. Onu hələ də axtarıram.
-Tamaşanı yaradarkən hansı çətinliklərlə üzləşirsiniz?
-Hamısı mənə xoşdur, xırdası da, böyüyü də. Tamaşa yaradarkən gərqinlik, çətinlik olmasa, onda o nə tamaşa olar? Şikayətini belə etmək istəmirəm. Bu yaradıcılıq prosesidir və bunun uğurunu qəbul edirsənsə, çətinliyini də qəbul etməlisən.
-Hansısa bir rolun sizə pis təsir etdiyi olubmu?
-Təsirlənmişəm, deyərdim. Obrazları necə var, elə qəbullanıram. Özüm aktyora onun obrazını izah edəndə, müzakirə edəndə real faktlarla danışıb çox normal qəbul edirəm. Çünki mən ondan qabaq rolu incəliyib, araşdırıb obrazın yaşadığı bütün həyatı öyrənib gəlirəm. Olub, aktyor ağlayıb, düşüb təsirinə, çünki obrazı o yaradacaq, o oynayacaq. Bu mənim işimdir, mən izah etməliyəm, mən aktyoru təsirləndirib, ona anlatmalıyam. Mənə hər dəfə hansısa bir obraz pis təsir etsə, daha nə oldu. Bəli, olub, baxmışam, hətta gözümdən yaş da axıb, amma unutmuşam dərhal. Həyatdakı insanların oynadığı rollar pis təsir edə bilər, səhnədə baş verənlər yox.
-Gələcək planlarınızı öyrənmək istəyərdim…
-O da məndə qalsın, çox danışdım. Qismət olacaq, hamsını görəcəksiniz. Bir onu deyə bilərəm, dayanmaq olmaz. İrəli addımlamaq bütün gənclərin borcudur.
-Son illərdə çəkilən filmlərdən, səhnəyə qoyulan tamaşalardan hansının adını çəkə bilərsiniz ki, ona ləzzətlə baxmısınız?
-Mən bunu yəqin hələ uzun müddət deyəcəm, Akademik Milli Dram Teatrında qurulan C.Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşası. O möhtəşəm bir işdir , baxmamısınızsa, məsləhət görürəm, baxın. Tərif etməyəcəm, çünki səhv anlaşıla bilər, amma deməsəm də, olmaz. Ləzzətlə baxdığım filmlər də çoxdur, lakin bunlar arasında “ən ləzzətli” deyiləni yoxdur. Xoşum gələn bir filmin adını çəkim, “Red balloon”. 34 dəqiqəlik bu fransız filmindən ləzzət alıb, nəsə nəticə çıxarmamaq mümkünsüzdür.
-“Dəli yığıncağı” tamaşasına professor Qulu Məhərrəmlinin dəvəti ilə baxmışam. Hörmətli professor sağ olsun ki, biz tələbələri möhtəşəm bir tamaşaya dəvət etmişdi. Siz də çox sağolun, çox sağolun ki, mənim dəvətimi qəbul edib müsahibə verdiniz. Minnətdaram.
-Mən də sizə təşəkkür edirəm.
Rövşən Tahir