Cümşüd Zeynalov: “Əsl sənətlə məşğul olan daim yaşayacaq”
“Üç nöqtə” qəzetinin qonağı istedadlı aktyor Cümşüd Zeynalovdur.
-Səhnəyə ilk gəlişiniz nə vaxta təsadüf edib?
-Bir çox sənət adamları kimi məndə də bu peşəyə sevgi və maraq orta məktəb illərinə təsadüf edir. Məktəbdə təşkil olunan tədbirlərdə yaxından iştirak edirdim. Ssenari yazırdım, səhnəciklər hazırlayıb özümdə rol alırdım. Təbii ki, bunların hamısı məktəbli dünya görüşü səviyyəsində olurdu. Peşəkar səhnədə ilk addımım Gənc Tamaşaçılar Teatrında İ.Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşasında “Aydın” obrazı olub.
-Teatr görmək istədiyiniz kimidir, ya yox?
-Teatrın bugünkü durumundan, əlbəttə ki, razıyam. Niyə razı olduğumu açıqlaya bilərəm. Akademik Milli Dram teatrının tarixinə nəzər salsaq, görərik ki, həmişə görkəmli sənətkarları olub. Bu gün də həmin teatrın səhnəsində görkəmli sənətkarlar kifayət qədərdir. Yüksək keyfiyyətli tamaşaların hazırlanması üçün istənilən yaş kateqoriyasında istedadlı aktyor və aktrisalarımız var. Cənab Prezident İlham Əliyevin diqqəti nəticəsində teatrlarımız yüksəliş dövrünü yaşayır. Qrim otaqlarından tutmuş asılqan otağına kimi hər bir şərait yaradılıb. Dünyanın ən müasir işıq avadanlıqları, səs aparatları ilə teatrlarımız təmin olunub. Akademik Milli Dram Teatrı bu diqqət və qayğı nəticəsində keyfiyyətli tamaşalarla öz tamaşaçılarının sayını günbəgün artırır. Teatrımızın baş rejissoru və bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətovun təşəbbüsü ilə üç əlavə yeni səhnə yaradılıb: A.M.Şərifzadə səhnəsi, Tofiq Kazımov səhnəsi, Mehdi Məmmədov səhnəsi. Bunun nəticəsi olaraq bu gün Akademik Milli Dram Teatrında eyni vaxtda iki tamaşa nümayiş olunur. Belə haldan bir aktyor kimi, əlbəttə ki, razıyam.
-Cümşüd bəyin sənət yoluna baxırıq: Bakı Bələdiyyə Teatrı, Gənc Tamaşaçılar Teatrı, Vahid Satira Teatrı və Akademik Milli Dram Teatrı. İlk üç teatrdan uzaqlaşmağınıza nə səbəb olub ki, müxtəlif zamanlarda onları tərk etmisiniz?
-GTT-da tələbə vaxtı bir tamaşada oynamaq üçün dəvət aldım və həmin tamaşa repertuarda olan müddətdə bu teatrda çalışdım. Sənət müəllimim rejissor Xalq artisti Ağakişi Kazımovun məsləhəti ilə bütün enerjimi təhsilə sərf etmək üçün teatrdan uzaqlaşdım. Təhsilimi başa vurduqdan dərhal sonra (hərbi xidmətimi təhsil almamışdan öncə keçmişəm) mərhum sənətkarımız Xalq artisti Amaliya Pənahovanın yaratdığı və rəhbəri olduğu BBT-nın aktyor truppasına Molyerin "Skapenin kələkləri" tamaşasındakı Oktav obrazını oynayaraq qəbul olmuşdum. Şəxsi problemlərdən dolayı bir müddət sonra teatrdan uzaqlaşmalı oldum. Teatrdan uzaqlaşmağıma baxmayaraq teletamaşalarda, bədii filmlərdə, seriallarda davamlı olaraq rol alırdım. Hətta həmin illərdə xarici seriala da dəvət aldım və çəkildim. Sonralar Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tərkibində mərhum dostum rejissor və ssenarist Marif Məmmədovun yaratdığı Vahid Satira Teatrının aktyor turuppasına daxil oldum. Teatr fəaliyyətini dayandırdığı günə kimi orada çalışdım. Artıq 10 ilə yaxındır isə, Akademik Milli Dram Teatrında çalışıram.
-Bu vaxta qədər 4 müxtəlif teatrda çalışmısınız. Onlardan sizə ən doğma olanı hansıdır?
-Bütün teatrlar gözəldir. Hər birinin istedadlı aktyorları və gözəl tamaşaları var. Azərbaycanın hər bir teatrına hörmətim və sevgim var. Ən çox sevdiyim teatr təbii ki, ana teatrımız olan Akademik Milli Dram Teatrıdır. Gənc Tamaşaçılar Teatrına isə səhnədə addımladığım ilk teatr olduğu üçün həmişə özəl sevgim olacaq. Bələdiyyə Teatrı rəsmi olaraq ştatla işlədiyim teatr olub. İlk dəfə aktyor maaşını bu teatrda almışam. Bu gün həm GTT-nin, həm də BBT-nin aktyorları ilə dostluq münasibətim var. Akademik Milli Dram teatrında çalışmaq tələbəlik arzum olub. Tələbəlik illərində ən çox tamaşalarına baxdığım teatrın Dram Teatrı olduğunu desəm, yanılmaram. Artıq səhnə taleyimi bu teatra bağlamışam. Çox xoşbəxtəm ki, ən çox sevdiyim teatrda çalışıram.
-Gənc aktyorların bəziləri reytinq yığıb reklamdan pul qazanırlar. Bunu necə qiymətləndirirsiz?
-Əgər hər hansı bir aktyor, cavan və ya yaşlı olsun, fərq etməz, reytinq yığırsa, burda pis bir şey yoxdur. Söhbət reytinqi necə yığmaqdan gedir. Fərq burda bir şeydədir. Necə ki bu müğənnilərdə mövcuddur. Bəzən şou biznesin ən savadsız müğənnisi belə, ciddi sənətlə məşğul olan bir müğənnidən daha çox reytinq yığa bilir. Bu, o anlama gəlməməlidir ki, həmin müğənni daha səviyyəlidir. O, sosial şəbəkələrdə baxış sayı yığa bilər. Bu zövq məsələsidir. Gələcək göstərəcək kim sənətlə məşğul olub. Əsl sənətlə məşğul olan daim yaşayacaq. Belə bir deyim var, tez alışan tez sönər. Əgər reytinq yığmısansa, bunun sayəsində pul qazanmaq təbii haldır. Allah hər kəsin ruzisini versin. Kim hansı yolu seçibsə, həmin yolda uğurlar arzulayıram.
-Mənə bir sual maraqlıdır. Hazırda teatr niyə klassik ənənələrini inkar edir?
-Buna səbəb nədir? Söhbət Dram Teatrından gedirsə, bizim teatrda klassik ənənələr qorunub saxlanılır. Bizim çox hörmətli sənətkarlarımız var ki, onlardan ibrət götürürük. İstər sənətdə olsun, istərsə də həyatdakı davranışlarından.Teatr zamanın tələbi ilə ayaqlaşmalıdır. Sözün düzü mən bilmirəm, o hansı klassik ənənədir ki, indi imtina olunub. Mənim zənnimcə, bu sənət ocağında teatrın klassik ənənələri qorunub saxlanılır. Teatrımız şanlı keçmişini hər zaman böyük fəxarət hissi ilə yad edir. Keçmişinə dəyər verərək daim mərhum sənətkarlarına yubiley tədbirləri keçirib onların ruhuna öz hörmət və izzətini bir daha göstərmiş olur.
-İncəsənətdə "olmaz" deyə bir şey varmı?
-Bəli var. Söhbət sənətdən gedirsə, işinə laqeyd yanaşmaq olmaz. Fərqi yoxdur, incəsənət olsun və ya digər peşələr. Qeyri-etik səhnələri sənət adı ilə ictimai yerdə göstərmək olmaz. İslam tarixinin böyük şəxsiyyəti Məhəmməd peyğəmbərin gözəl bir hədisi var: “Özünə rəva bilmədiyin bir şeyi heç kimə rəva bilmə”. Bir daha qeyd edirəm, sənət adı altında bayağı, etikadan kənar bir şeyləri cəmiyyətə aşılamaq olmaz.
-Aktyor nələri bacarmalıdır? Ümumiyyətlə, bu sənətdə aktyorun bacara bilmədiyi bir şey olmalıdır ya yox?
-Aktyorun ilk növbədə istedadı və ürəyi olmalıdır. Aktyorun gözəl səsi ola da bilər, olmaya da. Bu o anlama gəlməməlidir ki, o aktyor yaxşı aktyor deyil. Yaxşı rəqs edə də bilər, etməyə də, yaxşı qılınc oynada da bilər, at çapa da bilər və ya çox da yaxşı bacarmaya da bilər. Bunlar köməkçi vasitələrdir. Hər şeyin kökündə ürəyinin olmağı, tamaşaçını ovsunlamaq bacarığı dayanır ki, bu iki məqam vacibdir.
-Niyə bəzi aktyorlar özlərini yalnız komedik, bəziləri dramatik obrazda görür?
-Məncə, aktyorun özünü komedik və ya dramatik obrazda görməsi vacib deyil. Vacib olan rejissorun səni hansı obrazda görməsidir. Bəzi aktyorlarda komedik, bəzilərində dramatik obrazlar, az bir qismində isə hər ikisi daha gözəl alınır. Düzgün rol bölgüsü daha vacibdir. Aktyoru çərçivəyə salmaq olmaz. Bəzən olur ki, bir-birinə yaxın obrazları hər dəfə eyni aktyora verməklə, sanki, aktyoru qəlibə salırlar. Bu isə aktyoru bir xəttlə inkişaf etdirir. İstər komedik, istərsə də dramatik fərqi yoxdur, aktyorun vəzifə borcudur ki, istənilən obrazı oynasın. Qiyməti isə sonda tamaşaçı verəcək.
-Aktyor titul üçün yaşayır?
-Bu suala qəti şəkildə “hə” və ya “yox” cavabını vermək düzgün olmaz. Bu sənəti sevəndə və seçəndə yəqin ki, heç kim titul üçün seçmir. Peşəkar aktyor sırf sənəti ilə məşğul olmalıdır. O ki, qaldı titul sözsüz ki, layiq olan aktyora stimul vermək üçün lazımdır. Əziyyətinin bəhrəsini görmək xoş bir hissdir. Əgər bu titullar səndə həvəs və məsuliyyət hisslərini artırırsa, onların verilməsi çox yaxşıdır. İnşaAllah layiq olan hər kəsə qismət olsun!
-Teatr dünyanı dəyişə bilərmi?
-Bəli, dəyişə bilər. Teatr da televiziyalar kimi insalara yol göstərir. Əgər teatr bu gün dünyanı qara kimi göstərsə, insanlar qara görəcək, ağ göstərsə, ağ. Bir anlıq təsəvvür edək ki, hamı bədii əsərlər oxuyur, teatra gedir. Belə olan halda istənilən cəmiyyətdə pis nəsə ola bilməz. Bu baxımdan teatrın böyük təsir qüvvəsi var. Bu kimi halları nəzərə alsaq, belə nəticəyə gəlmək olar, teatr nəinki dünyanı xilas edə bilər, hətta pisliklərdən də qoruyar. Teatrsız cəmiyyəti təsəvvür etmək olmaz.
-Hər bir aktyorun yaradıcılığında bir xətt mövcuddur. Siz öz yaradıcılığınızı hansısa xətt üzrə qurmusunuzmu?
-Xeyr, mən düşünülmüş bir xətt üzrə qurmamışam. O xətt əgər varsa da, təbii yaranmış ola bilər. Mən bu vaxta qədər bir-birindən maraqlı və fərqli obrazlar oynamışam. İstər kinoda olsun, istərsə də teatrda. Bir aktyor kimi bunu özümə uğur sayıram. Aktyor hansı xətti qurursa, qursun, sonda aktyorun taleyi rejissorun əlindədir. O xətti aktyor üçün rejissor müəyyənləşdirir. Gələcəkdə nə olacağını mən də bilmirəm. Arzuladığın yox, gözləmədiyin yola da rast gəlmək olar.
-Sizcə, indi əvvəlki kimi güclü aktyorlar yoxdur, köhnə filmlərimizə bənzər filmlər çəkilmir, ya var, onlardan istifadə edən yoxdur?
-Yaxın keçmişdə olduğu kimi ində də çox istedadlı aktyorlarımız və rejissorlarımız var. Müasir dövrümüzdə də filmlərimiz var ki, bir çox nüfuzlu festivallarda nümayiş olunmaqla yanaşı, mükafatlara da layiq görülüb. Müstəqillik dövrünün ilk illərində məlum səbəblərdən film sahəsində bir durğunluq yaransa da, son illərdə dinamika hiss olunur. Hər dövrün öz tələb və təklifi var. Əsas odur ki, film sektorunda dünyadan geri qalmamaq üçün səylə çalışaq. Azərbaycanda kifayət qədər dünyada təmsil oluna biləcək aktyorlarımız var.
-Bir az da seriallardan danışaq. Sizə görə seriallarımız qənaətbəxşdirmi?
-Bir vaxtlar təsəvvür belə etməzdik ki, Azərbaycan tamaşaçısı xarici yox, yerli seriallarımıza üstünlük verəcək. Tamaşaçılar tərəfindən sosial hesabıma gələn çoxsaylı məktublardan nəticə çıxararaq deyə bilərəm ki, seriallarımızdan razıdırlar. Nəinki, öz tamaşaçılarımız, İran, Türkiyə kimi ölkələrin tamaşaçılarından da mesajlar alıram. Təsəvvür edin ki, iki ayrı TV kanalında serial göstərilir. Tamaşaçı birinə TV-dən baxırsa, o birisinə sonradan internetdən baxır. Bir neçə il öncə Cənab Prezident İlham Əliyev serialların inkişafı üçün maliyyə yardımı ayırdı. Bu dəstəkdən bəhrələnərək bir çox iri serial istehsalçıları olan şirkətlər yarandı, mövcud olan prodakşnlarsa, böyüdü və inkişaf etdi. Misal üçün “Oscar film” və “Media Master” kimi şirkətləri qeyd edə bilərəm. “Oscar film” artıq 2 idir ki, hər mövsümə iki fərqli 150-200 bölümdən ibarət serial istehsal edir. ATV, Xəzər TV, ARB TV-nin seriallarımızın inkişafındakı xidmətlərini qeyd etmək istərdim. Son vaxtlar İctimai kanal da aktivlik göstərir. Əminliklə deyə bilərəm ki, seriallarımız inkişaf mərhələsindədir.
-Seriallardan aldığınız qonararlar sizi qane edirmi?
-Sözün düzü iştah diş altındadır. Nə qədər qazansan da, deyirsən ki, bir az da artıq olsun. Bugünkü qonararları normal sayıram. Serialdan aldığım qonarar indiki bazar şərtləri ilə ailəmizi təmin etməyə yetir. Məni daha çox oynadığım obraz maraqlandırır. Aktyor obrazı ilə tamaşaçı sevgisi qazanırsa və seriala reytinq qazandırırsa, zəhməti qiymətləndiriləcək. İnsan işin arxasınca qaçmalıdır. Sən işinə can yandırsan, pul özü gəlib səni tapacaq. Mən həmişə çalışıram ki, aldığım qonarların müqabilində işimi vicdanlı şəkildə görüm.
-Teatrı gələcəkdə görürsünüz?
-Dünya durduqca, teatr da olacaq. Teatr mənəviyyatdır. Teatr serhrli bir aləmdir. İnsanların hər zaman mənəvi qidaya ehtiyacı var. Bəşəriyyət varsa, teatr da olacaq. Tamaşaçılara müraciət edərək onları teatra dəvət edirəm. Ruhunuzun dincəlməsini istəyirsinizsə, teatrlara təşrif buyurun. Yaşasın teatr.
-Bəs teatrın gələcəyini necə görürsünüz?
-Teatrın inkişafi üçün dövlətimiz ciddi adımlar artır. Bu yaxınlarda əmək haqlarımız nəzərə çapacaq dərəcədə artırıldı. Bu gün dövlətimizin göstərdiyi diqqət və qayğını nəzərə alsaq, teatrımızın gələcəyini çox gözəl görürəm. Ölkəmizdə gedən inkişaf teatrlarımızdan da yan keçməyib. Bunun bariz nümunəsi olaraq ayrı-ayrı teatrlarımızın beynəlxalq festivallarda mütəmadi iştirakını və qazandıqları uğurları qeyd edə bilərəm. Azərbaycan teatrını bundan da gözəl gələcək gözləyir.
Rövşən Tahir