“Bayağı mahnılar xarakterimə uyğun deyil”

12:49 - 7 Aprel 2020 - Mədəniyyət

Günay xanım İmamverdiyeva: “Yuxularımda tez-tez real olaraq görmədiyim Şuşanı xatırlayıram

“Muğam mənim üçün qəlbimdəki hissləri tamaşaçılara açıb göstərməkdir. Muğam mənim üçün ürəyimin səsidir. Muğam mənim üçün fərqli ladlarda olan bir sənət əsəridir. Məsələn, “Segah” ürəyin naləsidir, “Bayatı-Şiraz” isə zərifdir, ona “muğamlarımızın gəlini” deyirlər. Hər ladın özünün bir gözəlliyi var. Bütövlükdə isə muğam mənim üçün bir dünyadır”. “Üç nöqtə” qəzetinin qonağı istedadlı xanəndə, Milli Konservatoriyanın konsertmeytr müəllimi Günay xanım İmamverdiyevadır.

-Səs var, səslənər, səs var, səsdən səs çıxarar. Nə zaman hiss etdiniz ki, səsiniz səsdən səs çıxarır?
-Düzünü deyim ki, 5-6 yaşımdan hiss etdim ki, mənim səsim var, oxumalıyam. Daha sonra evdəkilərə dedim ki, mən oxuyacam. Bilirsiniz, mən Şuşadanam. Şuşadan isə necə sənətkarların çıxdığı hər kəsə bəllidir. Atam həmişə deyirdi ki, sənin səsin yoxdur, o sənətkarlara baxanda sən xanəndə ola bilməzsən. Amma bu istəyimi boğammadım və beləliklə, xanəndə oldum.

-Günay xanımın xanəndəlik yolunda addımları...
-Mədəni Maarif texnikumunda təhsil almışam. Orada oxuya-oxuya 2008-ci ildə “Xalq ulduzu” yarışmasına qoşuldum. Düzdür, indiki auditoriya bir o qədər də xatırlamaz, amma elə insanlar da var, məni o yarışmadan tanıyır. Yarışma səsverməylə idi və mən 3-cü yerə layiq görüldüm. Daha sonra sənədlərimi Milli Konservatoriyaya verdim. Buranın həm bakalavr, həm də magistr dərəcəsini bitirdim. Sonra isə orada qalıb müəllim kimi fəaliyyət göstərdim.

- Niyə efirlərdən uzaqsınız?
- Deməzdim, uzağam, əslində, efirlərə çıxıram. Bilirsiniz, bir müddət Dövlət televiziyasının solisti kimi fəaliyyət göstərəndə o zamankı qaydalara görə, 5-6 il heç bir kanala çıxmadım. Hazırda da oranın solistiyəm və digər kanallara da çıxıram. Bax 5-6 il digər kanallara çıxmamağıma görə geniş auditoriyaya tanınmadım. Bir də mən hər verilişə çıxmıram, az çıxıram, lakin səviyyəli verilişlərə çıxıram.

- Sizə yaşadılan hansısa bir ağrını başqa bir insana yaşada bilərsiniz?
- Xeyr, mən mərhəmətsiz insan deyiləm. Deyim ki, kimsə də mənə böyük bir ağrı yaşatmayıb. Mənim düşmənim yalnız ermənilərdir ki, doğulduğum torpaqdan məni uzaq salıblar. Onların etdiyi mərhəmətsizliyi inanmıram ki, kimsə edər.

- Kimi və nəyi tez-tez xatırlayırsınız?
- Xatırlamaq istədiyim insanların hər biri yanımdadır. Nəyi xatırlayıram? Əslində, yuxularımda tez-tez real olaraq görmədiyim Şuşanı xatırlayıram.

- Həyatınızda nəyi dəyişmək istəyərdiniz?
- Bəlkə, sənətlə bağlı olardı. Bilsəydim, sənət bu qədər çətindir, bəlkə də, seçməzdim. Bir hədisdə deyilir ki, yolu düzgün olanın yükü ağır olar. Bəlkə də, bu sənətə gəlməzdim, amma buna da tam qərar verə bilmirəm. Sənət məni mənəvi cəhətdən çox yükləyib. Bəzi şeylər var ki, insanın xasiyyəti ilə üst-üstə düşməlidir. Təəssüf ki, məndə bir az bu cəhət təzad təşkil edir, xasiyyətim sənətlə üst-üstə düşmür.

- Kimə qarşı ədalətsiz olmusunuz?
- Heç kimə qarşı olmamışam, məncə. Çünki Allahdan qorxuram. Çox qorxuram. Buna görə də kiməsə qarşı ədalətsiz ola bilmərəm. Düzdür, mənə qarşı ədalətsizliklər çox olub, amma yenə də cavab verməmişəm, tərbiyəm buna imkan verməyib. Sadəcə onları Allaha həvalə etmişəm. Balans var, kriteriya var, bax bunları qoruyub çalışıram ki, ədalətsiz davrananların səviyyəsinə düşməyim.

- İnsan qazanıb insan itirmək, bu hal olub həyatınızda?
- Belə bir şey yaşamamışam, yalan deyə bilmərəm. Həyatımda elə insanlar var ki, onlarla elə sırf başdan dostluq etmişəm. Dostluğa sadiq insanam. Sənətdə də, həyatda da yaxın dostlarım Kamilə xanım Nəbiyeva və Ayşən xanım Eminlidir ki, onlar məni gözəl tanıyırlar.

- Sizi nə sevindirir?
- Məni çox şey sevindirib xoşbəxt edə bilər. Sənətimdə uğur, ailəmin xoşbəxtliyi sevindirə bilər. Şükür bu günə. Allahıma şükürlər edirəm hər zaman. Bəlkə də, az edirəm, verdiklərinə rəğmən az edirəm, lakin edirəm. Allah bizə çox gözəlliklər bəxş edib ki, onları dillə ifadə etmək mümkün deyil.

- Digər insanlardan sizi fərqləndirən hansı cəhətiniz var?
- Bilmirəm, bunu kimsə deyə bilər. Mənə görə, hər kəs özünəməxsus keyfiyyətlərə malikdir ki, orada da fərqli cəhətlər özünü göstərir. Yəqin ki, səsimin özünəməxsusluğu məni digərlərindən fərqləndirir. Nə deyim?!

- Siz istəmədən kimsə sizin həyatınıza müdaxilə edə bilər?
- Hərdən olur. Ailə üzvləri tərəfindən nəyisə məsləhət vermək, yaxud dostlar tərəfindən. Amma yenə də sonda qərarı insanın özü verir. Mən də o insanlardanam ki, qərarı özüm verirəm. Məsləhət dinləyirəm, lakin yekun qərarı özüm verirəm.

- Sizi nə narahat edir?
- Bugün televiziyalarımızda efirə gedən bəzi biabırçı verilişlər məni narahat edir. Elə biabırçı verilişlər var ki, baxırsan, axı ora getmək olmaz. Ona görə də getmirsən. Əgər mənim ifam verilişdə olanlara çatmayacaqsa, niyə gedim?

- Günay xanım özünə nə arzu edir?
- Özümə xoşbəxtlik arzu edirəm, o xoşbəxtlik ki, Şuşaya qovuşum. Ən böyük arzumdur ki, Şuşaya geri dönüm, orada yaşayım. Valideynlərim tez-tez Şuşa haqqında danışır, kövrəlirəm. Elə Cıdır düzünün adı bəs edir. Dünyanın ən gözəl ölkələrində olmuşam, amma mənə elə gəlir ki, Şuşaya getsəm, o ölkələrdə olan gözəlliklərin hər biri gözümdə silinəcək.

- Qarabağa dair mahnılarımız çoxdur. Bunlardan hansı sizə doğmadır?
- Hamısı doğmadır. Hamısına da müraciət edirəm. “Qarabağ şikəstəsi”ni, “Qarabağın maralı”nı,”Şuşanın dağları”nı, “Xarı bülbül”ü tez-tez ifa edirəm. Bu mahnıların hər biri ruhuma yaxın olub, ürəyimcə olan nəğmələrdir.

- “Vətən bağı al-əlvandır, Yox, içində Xarı Bülbül”. “Xarı Bülbül”ü görsəniz, nə hiss edərsiniz?
- Əslində, düzünü deyim ki, bir neçə dəfə onu mənə göndəriblər. Bilirsiniz də, “Xarı Bülbül”ə oxşayan gülləri becərirlər, amma onların heç biri mənim içimi titrətmir. Mənə elə gəlir, onların heç biri əsl “Xarı Bülbül” deyil. Mənim görmək istədiyim “Xarı Bülbül” Şuşadadır. Onu Şuşada görsəm, sevincimdən ağlayaram, həqiqətən, ağlayaram.

- Muğam sizin üçün nə deməkdir?
- Muğam mənim üçün qəlbimdəki hissləri tamaşaçılara açıb göstərməkdir. Muğam mənim üçün ürəyimin səsidir. Muğam mənim üçün fərqli ladlarda olan bir sənət əsəridir. Məsələn, “Segah” ürəyin naləsidir, “Bayatı-Şiraz” isə zərifdir, ona “muğamlarımızın gəlini” deyirlər. Hər ladın özünün bir gözəlliyi var. Bütövlükdə isə muğam mənim üçün bir dünyadır.

- Muğamı ifa edəndə nə hiss edirsiniz?
- Əgər muğam təbindəsənsə və onu ürəkdən ifa edirsənsə, insan bu dünyada özünü hiss etmir, başqa bir dünyada olursan. Elə bir dünyada ki, sanki, sən, möcüzələr aləmindəsən.

- Heç düşünmüsünüz ki, mən bu sənətdən getməliyəm?
- Xeyr, əksinə düşünmüşəm ki, qarşıda məni daha da böyük işlər gözləyir. Düzdür, bir az öncə dedim ki, bu sənətin çətin olduğunu bilsəydim, seçməzdim. Lakin seçmişəmsə, bu yola çıxmışamsa, yüküm nə qədər ağır olursa, olsun, yenə də irəliləməliyəm. Hələ oxuyacağım, səsləndirəcəyim çoxlu mahnılar var. Bəzi anlarım olub, yorulmuşam. O da nədən? Muğamdan deyil, sənətdən deyil, sənətdə olan insanların münasibətindən yorulmuşam və düşünmüşəm ki, bu sənət mənim yerim deyil. Bunu muğama görə demirəm, yenə də söyləyirəm, bəzi insanlara görə bu qənaətdə olmuşam.

- Niyə bayağı mahnılara daha çox qulaq asılır, muğamlara deyil?
- Dediyiniz danılmaz faktdır, ancaq “niyə”sini mən də bilmirəm. Bilirsiniz, televiziyalarımız efirə toyu gətirdi və bu da insanların musiqi zövqünün korlanmasına səbəb oldu. Bayağı mahnılar efirlərə o qədər yol açdı ki, artıq insanlar eşitdiklərini özlərində formalaşdırmağa başladılar. İnanın, bayağı mahnıları ifa etməyi bacarmıram. Bilirəm ki, onları ifa etsəm, el şənliklərim çox olacaq, amma  bayağı mahnılar xarakterimə uyğun deyil deyə oxuya bilmərəm.

- Bu sənətin incəlikləri nədir?
- Bu sənətin incəlikləri odur ki, həm davranış, həm ifa, həm danışıq vəhdət təşkil etməlidir. Muğam ifaçıları bu kimi məqamlara çox diqqət yetirirlər. Bilirsiniz, çox şeyi insan danışa bilmir, çoxları deyəcək ki, bu gəncdir, axı niyə danışır? Amma danışmasan da olmur.

- Heç bumeranq zərbəsi ilə üz-üzə qalmısınız?
- Razıyam, həyat bumeranqdır. Nə edirsənsə, o, özünə qayıdır. Bəlkə də, kiməsə nəsə etmişəm, özüm bilmirəm, amma belə kiməsə pislik etməmişəm ki, deyim ki, bumeranq oldu, əvəzini aldım.

- Səhvlər sizə nə öyrədir?
- Səhvlər mənə onu öyrədib ki, düz olmalısan, Günay. Səhvlərdən nəticə çıxarmağa çalışan insanam. Səhvlərim onlar olub ki, sənətdə lazım olmayan insanlara güvənmişəm, lazım olmayan insanlara inanmışam. İnsan dəyər verdiyindən qarşılığını almayanda qırılır.

- Günay xanım, sonda bir sual verim, sənətlə bağlı hansı arzularınız var?
- Arzularım çoxdur. Dediyim kimi, bir çox mahnılar var ki, onları ifa etmək istəyirəm. Mənim iki muğamım var ki, “Şahnaz” və “Mirzə Hüseyn” muğamları hazırda Qızıl Fondadır. Lakin arzum var ki, “Bayatı-Şiraz” və “Xaric segah” muğamlarını da oxuyub Qızıl Fonda təqdim edim.

- Təşəkkür edirəm ki, dəvətimi qəbul edib gəldiniz.
- Siz sağolun.

Qeyd: Müsahibə sosial izolyasiya tədbirlərindən öncə alınıb !

Rövşən Tahir

Xəbər xətti