Nərimanov rayonunda “Keşlə dairəsi” kimi tanınan ərazidə xidmət aparan yol polisi ilə bağlı maraqlı görüntülər yayılıb.
Videonu paylaşan şəxs qeyd edib ki, görüntülər Keşlə bazarının qarşısındakı dairəvi yolda lentə alınıb. İddia olunur ki, polis avtomobili Keşlə bazarının qarşısındakı dairəvi yolda təkrar-təkrar dövrə vuraraq sürücüləri qayda pozmağa sövq edir.
Digər videonun isə paytaxtın Əhmədli qəsəbəsi, Telnov küçəsində çəkildiyi qeyd olunub. Videonu paylaşan şəxs bildirir ki, yol polisi hər gün burada dayanaraq sürücülərin qayda pozmasını gözləyir.
Məsələ ilə bağlı Oxu.Az-a münasibət bildirən Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev sözügedən görüntülərdən xəbərdar olduqlarını deyib:
“Sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıyıq. Orada yol polisinin hər hansı avtomobili saxlaması müşahidə olunmur, dislokasiya üzrə xidmət aparılır. Buna baxmayaraq, Bakı şəhər BPİ Dövlət Yol İdarəsində videogörüntülərdə iddia olunan hallarla bağlı müvafiq araşdırma aparılır”.