Zülfiyyə Qurbanova: “İstisnalar qaydanı pozmur”
“Yoluma daş hörənlər çox olub. Təzə vaxtlarımda düşünürdüm ki, axı mən heç kimə heç nə etməmişəm, bəs mənə qarşı niyə belə edirlər ? O vaxtlar çox tez kövrəlirdim, amma indi belə halları normal qəbul edirəm və artıq bərkimişəm”. “Üç nöqtə” qəzetinin qonağı gənc və istedadlı aktrisa Zülfiyyə Qurbanovadır.
-İlk sualı belə başlayım. Səhnə və çəkiliş meydançası elə bir yerdir ki...
-Elə bir yerdir ki, orada aktyor və aktrisanın bütün istedadı üzə çıxır. İstər səhnədə, istərsə də çəkiliş meydançasında sənin ortaya qoyduğun bacarıq bütün incəliyi ilə əks olunur. Yəni burada söz yox, fakt danışır.
-Çəkiliş meydançasında olanda nə hisslər keçirirsiniz?
-Səmimi etiraf edəcəm, təzə-təzə çəkiləndə qəribə bir həyəcan vardı. Düzdür, indi də həyəcan olur, amma əvvəlki illərimlə müqayisədə azdır. Həyəcan daha çox teatr səhnəsində olur.
-Ünvansız qatarın sərnişini olmusunuz?
-Olmuşam. Belə qatarı ya yolun yarısında saxladıb düşmüşəm, ya da istəmədiyim dayanacaqda enmişəm. Demirəm ki, ünvansız qatarın sərnişini çox olmuşam, amma bu yaşıma qədər belə qatarda da yola çıxmışam. Təəssüf edirəm, bu qatarı niyə tərk etdiyimi söyləyə bilməyəcəm. Bir onu deyirəm ki, iş həyatımda da, şəxsi həyatımda da bu qatarda olmuşam.
-Həyatınız iki hissədən ibarətdir, aktrisalıq və şəxsi həyat. Hansı sizdə üstünlük təşkil edir?
-Etiraf edirəm ki, aktrisalıq şəxsi həyatımdan daha üstündür. Şəxsi həyat deyəndə dostlarla, tanışlarla olan münasibəti nəzərdə tutmuram. Mənim bir zəngə yanımda olacaq, eynilə mənim də yanlarında olacağım dostlarım var. Şəxsi həyat dedikdə mən qadın kimi xoşbəxtliyi nəzərdə tuturam ki, hazırda aktrisalıq şəxsi həyatı geridə qoyub.
-Rolları mükəmməl oynayırsınız, bəs həyatda necə?
-Yaxın ətrafım bilir ki, mən düz danışan insanam, yalan demirəm. İndiyə kimi bir dəfə də olsun, həyatda kiməsə qarşı və ya nə üçünsə oynamamışam. Bəlkə də, oynasaydım, daha tez tanınardım, daha çox uğurlar əldə edərdim. Kaş ki oynamaq xarakterimdə olardı. Normal həyatda bir də görürsən, sıradan biri elə oynayır ki, heç aktyor, aktirsa onun kimi bacarmaz (gülür).
-Bəs o rol oynayan insanların içini görə bilirsiniz?
-Rolunu aşırı dərəcədə oynayanda bəli. Amma bəziləri də var ki, elə oynayırlar, heç hiss edə bilmirəm. Ta ki, o insan mənə qarşı pislik edənə qədər. Elə ki, maskasını çıxardır, onda oynadığını bilirəm.
-Tənhalığı sevirsiniz?
-Qətiyyən sevmirəm. Düzdür, tək qalıram bəzən. İnsanlardan və ya həyatdan yüklənib otağıma çəkildiyim anlar olur, amma ümumilikdə tənhalığı sevmirəm. Mən insan nəfəsi sevən adamam. Həmişə istəmişəm, evdə çoxlu qonaqlar olsun, ev qaynasın, ətrafım geniş olsun.
-Qırmızı işıqla çox üz-üzə qalmısınız?
-Olub. Sənətdə yolumu kəsənlərlə də rastlaşmışam. Hansısa bir proyekt olub, bilmişəm ki, mənim adımı istəyiblər, lakin kimlərsə deyib, Zülfiyyə gəlməsin. İncəsənət elə bir sahədir ki, orada baş verən hadisələr heç vaxt gizlin qalmır. Yoluma daş hörənlər çox olub. Təzə vaxtlarımda düşünürdüm ki, axı mən heç kimə heç nə etməmişəm, bəs mənə qarşı niyə belə edirlər ? O vaxtlar çox tez kövrəlirdim, amma indi belə halları normal qəbul edirəm və artıq bərkimişəm. Özümə qarşı haqsızlıqla rastlaşanda adi qəbul edirəm. Mən bir də bu cümləyə inanıram: “Allah hər kəsin ürəyinə görə verir”. Kim pislik edirsə, inanın, nə vaxtsa o pisliklə üz-üzə qalacaq.
-Sizin üçün nə labüddür?
-Labüdlük məkana və yerə görə dəyişir. Ancaq suala cavab olaraq deyirəm ki, Allah heç bir zaman ağlımı əlimdən almasın, incəsənəti özümün düzgün bildiyi kimi davam etdirim. Aldığım təhsili işimə layiqli şəkildə tətbiq edim. Mən işimdən heç vaxt sui-istifadə etməmişəm, istifadə edən insan olmamışam. Elementar bir nümunə deyim, mən heç bir zaman seriala gəlir mənbəyi kimi baxmamışam. Teatrda olduğu kimi seriala da ciddi yanaşmışam. Şəxsi həyatımla bağlı da mənim üçün düzgünlük labüddür. Həyatımı düzgün səmtə yönəldim, hər kəsin yanında alnıaçıq olum.
-Səhnə mənim doğmamdır, kino isə...
-Elə o da mənim doğmamdır. Son illərdə film, serial sektoru o qədər inkişaf edib ki, özümü onlardan ayrı təsəvvür edə bilmirəm. Teatr elədir ki, orada mən tamaşaçı ilə canlı ünsiyyətdə oluram və hansısa bir səhvi düzəltmək imkanım yoxdur. Səhv etdiyim təqdirdə isə vəziyyətdən çıxa bilmək imkanım var. Amma bu çəkiliş meydançasında belə deyil, orada dəfələrlə nəyisə çəkmək olur. Suala belə cavab verim, hər ikisi mənim həyat tərzimdir, ona görə də hər ikisi də mənim doğmamdır.
-İnsanın vicdanı susanda ətrafımızda nə baş verir?
-Hamı kor olur, kar olur. Heç kim heç nəyi görmür, heç nəyi eşitmir. Başımıza o qədər belə hadisələr gəlib. Sənə qarşı haqsızlıq ediblər, hamı özünü karlığa, korluğa və lallığa qoyub. Bu vicdanın susmasıdır. Ona görə də həyatda kimdənsə nəsə gözləmirəm. Müəyyən yaşa gələndən sonra insan anlayır ki, artıq tək mübarizə aparmalıdır və heç kimdən heç nə gözləməməlidir. Belə bir cümlə var: “Sənin xoşbəxtliyini özümünkündən çox istəyirəm”. Bu cümlənin səmimiyyətinə heç bir zaman inanmamışam. İnsanın uğurunu özündən daha çox istəyən valideynləri ola bilər. O da, gərək, doğru valideynlər olsun. Hər valideyndən getmir söhbət. Bu cümlə mənə söyləniləndə demirəm ki, yalan deyirlər, sadəcə fikirləşirəm ki, özündən sonra mənim xoşbəxtliyimi də istəyir.
-Hansı hissiniz var ki, onu ifadə etmək üçün söz qıtlığı yaşayarsınız?
-Çox hisslərim var. Bu sualı da vicdanla bağlayım. Mənə qarşı kimsə vicdansızlıq edəndə söz tapa bilmirəm ki, deyim, insan necə vicdansız ola bilər axı ?! Mənim söz ehtiyacım genişdir, daima mütaliə edirəm, amma yenə də buna baxmayaraq mən bu kimi hallarda söz tapıb söyləyə bilmirəm.
-Səhnədə yüz xarakterləri yaradan bir insan həyatda bir xarekterdə yaşayır. Çətin deyil?
-Xeyr. Həyatda mənim əhvalım dəyişə bilər, amma xarakterim əsla. Mən elə həmin Zülfiyyə Qurbanovayam. İnsanın xarakteri formalaşır, amma tam şəkildə dəyişmir. Müxtəlif xarakterləri canlandırmağımın xarakterimə təsiri olur, desəm, yanlış olar.
-Zülfiyyə Qurbanova nəyi ilə örnək olmağa çalışır?
-Heç nə ilə. Özüm kimi oluram, bu mənə bəs edir. Ümumiyyətlə, insan özünü bu həyatda doğru, dürüst formalaşdırsa, bu hər şeyə dəyər. Mən nəyimləsə örnək olmağı qarşıma məqsəd qoymamışam və ya kiməsə deyə bilmərəm ki, mənim bu davranışımdan özünə örnək götür. Bu fikrimi örnək kimi qəbul etməsinlər, mənim istəyim kimi qəbul etsinlər, istəyərəm, bütün qızlar təhsil alsın. Fərqi yoxdur, hansı sahədə olursa, olsun, amma yetər ki, təhsil alsınlar. Təhsil almasalar belə, çörək qazana bilmək üçün bir peşəni öyrənsinlər. Qadın heç kimə möhtac olmasın, istəyirəm.
-İncəsənətdə sizə düşmən olan hansısa bir şəxs var?
-İncəsənətdə mənim düşmənim yoxdur. O ki, kimsə deyir, filankəs mənim düşmənimdir, söyləyirəm ki, o sənin düşmənin deyil, sadəcə keçici olaraq münasibətlər tutmur. İnsanın dil ilə həll edə bilməyəcəyi bir şey yoxdur. Pis münasibətdə olan iki insan süfrə arxasında otursun, onlara bir saat heç kim dəyməsin, görün onlar necə yumşalırlar ?!
-Hansı ifadəni heç bəyənmirsiniz və nəyə görə?
-Bir az öncə bir cümlə işlətdim: “Sənin xoşbəxtliyini öz xoşbətliyimdən çox istəyirəm”. Bu cümlə qulağıma süni gələn cümlədir. Səbəblərini izah etdim və o səbəblərə görə də bu ifadəni sevmirəm. Kimsə kiminsə xoşbəxtliyini özü ilə bərabər istəyər, amma özündən çox mənə bir az qəribə gəlir. Yaşadığım həyat mənə göstərib ki, heç bir halda kimsə kimisə özündən çox istəmir.
-Bəs yaşadığınız həyat sizə ən böyük hansı dərsi verib?
-Hər kəsə inan, lakin yoxla. Bu dərsi verib. Bacım bir cümlə demişdi, bu cümləni çox bəyənmişdim, insan heç vaxt təcrübələrdən nəticə çıxarmır. Əgər insan nəticə çıxarsaydı, eyni səhvləri etməzdi. Çox az adam nəticə çıxarır. Amma istisnalar da var, onlar isə qaydanı pozmur.
-Əziyyətlə, yoxsa bir səylə əldə olunan uğur?
-Mən həmişə əziyyətlə uğurlara nail olmuşam. Sanki, mənim qismətimə yazılıb ki, sən hər bir şeyi əziyyətlə əldə edəcəksən. Başqasının bir göz qırpımına nail olduğuna mən elə çətinliklərlə nail olmuşam ki. Kaş ki bir səylə əldə edərdim, lakin bu mümkün olmadığı üçün əziyyəti seçirəm.
-Müsahibəmizə burada üç nöqtə qoyub sizinlə sağollaşıram. Üç nöqtəni ona görə qoyuram ki, gələn dəfə yenə də qonağımız olasınız. Elə bax bu məkanda-“Azərkitab” Kitab Mərkəzində. Dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm.
-Siz sağolun.
Rövşən Tahir
Çəkilişdə yaratdığı şəraitə görə “Azərkitab” Kitab Mərkəzinə təşəkkür edirik.
Əlaqə nömrələri: +99450 260 90 20, +99412 530 22 33
Ünvan: Akim Abbasov küç., 78 (Lider Tv-nin yanı, Yasamal parkı ilə üzbəüz)