"Öz qərargahımdayam, əlimdə saxta sənədlər və vəsiqələr var. 13 saylı seçki məntəqəsində - Şabran rayon Dəvəçi kənd Mədəniyyət evinin binasında, Məhərrəm Şakir, Məhərrəm Mehriban Nuru qızının müşahidəçi olduğu məntəqədə əlbəyaxa dava oldu. Müşahidəçiləri döydülər. Orada məntəqə sədrinin alt paltarından Qurbanov Sadiqin adının yazıldığı saxta sənədlər çıxdı. Dövlət başçısını aldadan insanlardır".
Ucnoqta.az Sabah.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan İnstaqramda canlı yayımda deyib. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən müğənni döyüldüyünü iddia edib. İfaçı ağlayaraq bu sözləri deyib:
"Bu yerə zülmlə gəlmişəm. Bizə təhqiredici təzyiqlər göstərdilər. Sakit durdum, dözdüm, dedim, bir millətin övladıyıq. Dəyməz belə qırğına. Xalqı dövlət başçısından küsdürmək olmaz. İnsanlara yazığınız gəlsin. Kiminsə öz cibi, balasının yaxşı yaşaması üçün milləti incidirlər. Mənə millət vəkili olmaq lazım deyil, onsuz sənətkar kimi Allah tərəfindən seçilmişəm.
Bilmirsiniz nələr baş verir. Kaş bu yolu gəlməzdim. Biz sənətkar kimi xalqa lazımıq. Bülletenlərdə Qurbanov Sadiqin adı yazılıb. Yeni Azərbaycan Partiyasının adına ləkədir. Partiyanın fəxri üzvüyəm. Amma məni düşmən kimi qarşıladılar. Nə qədər saxta bülletenlər atdılar. Qorxumdan qaçıb gəldim qərargahıma. Bacım Mehriban qadının alt paltarından tapıb bunları. Bir kişi bacımın üstünə atıldı ki, onu döysün. Onun əlindən kağızları alıb qaçdım. Mənə Əməkdar artist, bəstəkar kimi belə hörmət etmədilər. Sadiq Qurbanov deyir ki, millət vəkiliyəm, pulumu da vermişəm.
Günlərdir evimizdən, balalarımızdan, sənətimizdən uzaq düşüb, çalışırıq. Xalqın qayğısına qalmaq üçün çalışdıq. Bacımı da, məni də döydülər, qaçdıq oradan. Seçki Komitəsinin sədri Məzahir Pənahova səslənirəm, bunu araşdırın".