Gültac Əlili: “Teatrı sevən, ürəyi teatrla, tamaşalarla döyünən insanların burdan ayrılmasını arzulamıram”
Deyir ki, film və serial setlərində aktyor və aktrisalara qoyulan hörmətdən narazı qaldığı üçün bu gün təklif gələndə yüz ölçüb, bir biçir: “Film, yaxud serialdan təklif gələndə yüz ölçüb, bir biçirəm. Düşünürəm ki, istər setdə, istərsə də teatrda hər kəs aktyora xidmət edir. Amma çox təəssüf ki, setlərdə bunu görmürük. “Aktyor hər kəsə xidmət edir” prinsipi bizim setlərdə özünü büruzə verdiyi üçün bunlardan yararlana bilmirəm. Gələn təklifləri yaxşıca düşünürəm və bacardığım qədər dəyərləndirmirəm” .
Bu sözləri “Üç nöqtə” qəzetinin qonağı maraqlı obrazları ilə tamaşaçılarının qəlbinə yol tapan Akademik Musiqili Teatrın aktrisası Gültac Əlili dedi. Müsahibimlə olan maraqlı müsahibəni sizlərə təqdim edirik.
- Hazırda teatrda işləriniz necə gedir?
- Teatrda işlərim çox yaxşı gedir. Şükür Allaha ki, tək indi yox, hər zaman işlərim qaydasında olub.
- Bu gün teatrların ümumi vəziyyəti gənc aktrisa kimi sizi qane edirmi?
- Özümü o qədər də gənc aktrisa hesab etmirəm (gülür). Çünki artıq 15 il olacaq ki, Akademik Musiqili Teatrda çalışıram. Düşünürəm ki, artıq gənclik dövrü arxada qalıb. Hazırda teatrımıza xeyli sayda gənc aktyor və aktrisalar gəlib. Teatrın ümumi vəziyyəti gənc aktrisa kimi məni qane edir. Bundan öncəki illərlə müqayisədə çox dəyişikliklər olub. Bu istər yaradıcılıq, istər bərpa işləri, istərsə də digər sahələr baxımından inkişafa doğru gedir.
- Adətən aktyorlar deyirlər ki, teatrın tozunu udandan sonra oradan ayrılmaq çətinləşir. Siz bu barədə nə düşünürsünüz?
- Əlbəttə, biz bu sənətə gələndə teatrın tozunu udmağı da, teatrda paltarlarımızın cırılmağını da, 40 dərəcə istidə tamaşa oynamağı da, xəstə olmağımıza baxmayaraq səhnəyə çıxmağı da və s. bütün bunları nəzərə alıb bu sənətə gəlmişik. Teatrın tozunu hər gün udmuşuq və hələ də uduruq. Və təbii ki bundan sonra teatrdan ayrılmaq çətin olar. Bunu heç düşünmək belə istəmirəm. Ümumiyyətlə, teatrı sevən, ürəkləri teatrla, tamaşalarla döyünən insanların burdan ayrılmasını heç kimə arzu etmirəm. İstər öz istəkləri, istərsə də qarşı tərəfin göstərişi ilə olsa da teatrı həqiqətən sevən insanlara Allah təala teatrdan ayrı qalmağı nəsib etməsin. Bu həqiqətən də həmin insan üçün çox çətin olar.
- Aktrisa olmasaydınız, özünüzü başqa hansı sahədə təsəvvür edərdiniz?
- Əslində mətbəxi çox sevirəm. Mətbəxdə biş-düş edəndə, iş görəndə çox gözəl stress atıram. Bir də çox gözəl vizaj etməyi, saç düzümləri yığmağı bacarıram. Bunu ətrafımda olan dost-tanışlar da deyir. Aktrisa olmasam yəqin ki, məşhur bir stilist, yaxud hansısa bir restoran sahibəsi kimi özümü sınayardım.
- Adətən əvvəllər valideynlər qızın aktrisa olmasına qarşı çıxırdılar. Bəs sizin bu sənətə, teatra gəlişiniz necə olub? Valideynləriniz sizə qarşı çıxıblarmı?
- Bəli, hamı kimi mənim də valideynlərim qarşı çıxdılar. Bu sənətə gəlişim isə tam təsadüfi olub. Düşündüm ki, heç yerə daxil olmasam da Mədəniyyət və İncəsənət Universitetinə girə bilərəm. Və qismət elə gətirdi ki, bura daxil oldum. Ümumiyyətlə, teatr elə bir məbədgahdır ki, ora gələn, sözün əsl mənasında qəlbində teatr sevgisi, teatr eşqi olan insan əsla oradan getməz. Teatrda işləyən zaman da valideynlərim mənə qarşı çıxdılar, teatrdan ayırmaq üçün çox çalışdılar. Lakin buna nail ola bilmədilər. Qəlbimdəki teatr eşqi hər zaman olduğu kimi qələbə çaldı.
- Aktyor üçün mənfi və müsbət rol anlayışı olmalıdırmı?
- Xeyr, bu tamamilə yanlış düşüncədir. Mən düşünürəm ki, aktyor üçün mənfi və müsbət rol anlayışı olmamalıdır. Çünki aktyorun obraz üzərindəki işi onu bir obrazını digərindən o qədər fərqləndirməlidir ki, buna artıq tamaşaçı qərar verməlidir. Hesab edirəm ki, oynadığım rollar içərisində mənfi də, müsbət də var. Amma çox istərdim ki, mənfi rolu o qədər mükəmməl səviyyədə canlandırım ki, sözün əsl mənasında əhsən desinlər.
- Canlandırdığınız rollar içərisində sizi ən çox tanıdan obrazınız hansı olub?
- Əgər söhbət teatrdan gedirsə məni ən çox məşhurlaşdıran obrazım Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir” tamaşasındakı Bahar rolu olub. Həmin tamaşanın quruluşçu rejissoru çox hörmətli və dəyərli insan, hazırda Gəncə Dram Teatrının baş rejissoru kimi fəaliyyət göstərən İradə Gözəlova olub. Hansı ki o tamaşada həyat yoldaşım Hüseyn Əlili ilə ər-arvad rolunu oynayırdıq. O obraza görə mən Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı gənc aktrisası” nominasiyası üzrə mükafatlandırılmışam. İkinci il isə yenidən Səbayıl rayonu üzrə “Ən yaxşı gənc aktrisa” nominasiyası mükafatına layiq görülmüşəm.
- Həmin uğurlu obrazınızı özünüz necə xarakterizə edərdiniz?
- Obrazı xarakterizə etməyə gəldikdə bu obraz zəhmətkeş, ərini sevən, olduqca çılğın və ehtiraslı, şəhvət hissi ilə coşub-daşan bir xanım obrazıdır. Amma eyni zamanda ailəsinə sadiq, ərini sevən qadındır. Həmin obrazı ümumilikdə xarakterizə etsək, orda tamaşaçıya belə bir mesaj var ki, xanımlar hər zaman səbrsizlik edib son sözlərini əvvəlcədən deyirlər və nəticədə də bəylər qalib gəlir (gülür).
- Daha çox komik, yoxsa dramatik rollar sizi özünə çəkir?
- Bildiyiniz kimi, bizim teatr uzun illərdir komediya teatrı olduğu üçün dramatik obraz indi-indi tamaşalarda öz əksini tapır. Amma mənim çox böyük arzumdur ki, dramatik bir obrazı yaradım. Ümumiyyətlə, dramatik obrazları çox sevirəm.
- Həyat yoldaşınız Hüseyn Əlili ilə eyni sənəti paylaşmağınızın hansı mənfi və müsbət cəhətləri var?
- Müsbət tərəfləri çoxdur. Biz ikimiz də yaradıcı insanlarıq. Bir-birimizə məsləhət və tövsiyələrimizi verməyə çalışırıq. Hər zaman bir yerdəyik, birlikdə çox rahatıq. Bir-birimizin kimlərlə, harada, necə çalışdığını görürük. Mənfi cəhətləri isə odur ki, bəzən bizim birlikdəliyimiz ifrata gətirib çıxarır. O qədər birlikdə oluruq ki, bəzən kiçik ayrılıqlara ehtiyacımız olduğunu hesab edirəm. Bunu Hüseynin özünə də deyirəm. Amma bütün hallarda həyat yoldaşımla eyni müəssisədə çalışmağımdan məmnunam. Yəni mənfidən çox müsbət tərəfləri var.
- Bir-birinizi tənqid etdiyiniz zamanlar olurmu?
- Bəli, çox olub. Düzünü demək lazım gələrsə, daha çox Hüseyn məni tənqid edir. Amma əlbəttə ki, mən də ara-sıra ona cilov atıram (gülür).
- Həyat yoldaşınızla birlikdə toylara da gedirsiniz, duet də oxuyursunuz, maraqlıdır...
- Bildiyiniz kimi teatrımız Akademik statusu aldıqdan sonra aylıq məvaciblərimiz da artıb. Amma bu artım iki uşağı olan insanlar üçün kifayət qədər yetərli olmadığı üçün bacardığımız qədər çox işləməyə, yaxşı qazanc əldə etməyə çalışırıq. Bəli, birlikdə toylara gedirik. Niyə də olmasın? Bizi istəyirlər, sevirlər, özəl günlərinə dəvət edirlər. Biz də sevə-sevə gedirik. Birlikdə duetlər oxuyuruq, insanların xoş, şad günlərində yanlarında oluruq. Bizi sevib-seçib dəvət edən hər kəsə dərin təşəkkürümüzü bildiririk.
- İkiniz də teatrda olursunuz. Bəs uşaqlarınıza kim baxır?
- Müəyyən bir zamana qədər uşaqlara Hüseynlə özümüz baxmışıq. Amma hazırda uşaqlarımıza dayələri baxır. Hüseyn uşaqlara baxmaqda mənə çox yardımçı olub..
- Özünüz digər teatrlara tamaşalara baxmağa gedirsinizmi?
- Bəli, vaxtımız olanda dostlarımızın premyeralarına, tamaşalarına çox gedirik.
- Planda yeni serial, yaxud film təklifləri varmı?
- Bəli, var. Sadəcə olaraq mən və həyat yoldaşım Hüseyn bizə təklif olunan qonorardan razı qalmadığımız üçün təklifləri qəbul etmirik. Ümumiyyətlə film və serial setlərində aktyor və aktrisalara qoyulan hörmətdən narazı qaldığım üçün fikrimi bildirmişəm və buna görə də növbəti dəfə məni çağırmayıblar. Ona görə də yenidən təklif olunanda yüz ölçüb, bir biçirəm. Düşünürəm ki, istər setdə, istərsə də teatrda hər kəs aktyora xidmət edir. Bunu bizim çox hörmətli direktorumuz, əməkdar incəsənət xadimi Əliqismət Lalayev də çıxışlarında deyir ki, hər kəs aktyora xidmət edir. Amma çox təəssüf ki, setlərdə bunu görmürük. “Aktyor hər kəsə xidmət edir” prinsipi bizim setlərdə özünü büruzə verdiyi üçün bunlardan yararlana bilmirəm. Gələn təklifləri yaxşıca düşünürəm və bacardığım qədər dəyərləndirmirəm.
- Yeni mövsüm başlayıb artıq. Sizi hansı tamaşalarda görəcəyik?
- Yeni mövsümdə gürcü əsəri olan “Mən, nənəm, İliko və İllarion”da Zuriko adlı bir gəncin müəlliməsi rolunu canlandırıram və onu sevirəm. Zuriko isə məni yox, kənddə başqa bir qızı sevir. Yəni, nakam sevgini oynayıram.
Könül Oruc