İspaniyanın “Real Madrid” klubu Luka Modriçin AVRO-2020-nin seçmə mərhələsinin oyunları üçün Xorvatiya yığmasının düşərgəsinə yollanmasını istəmir.
Madridlilər Xorvatiya komandasının sentyabrın 9-da Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etdiyi görüşdə zədələnən 34 yaşlı yarımmüdafiəçinin tam bərpa olunmasını məqsədəuyğun sayırlar.
Bildirilir ki, İspaniya təmsilçisi Modriçin yığmaya dəvət almasından narazıdır. Klub zədəsini tam sağaltmayan kapitanın təkrar xəsarət almasından ehtiyatlanır. Ona görə də Modriçin yığmanın baş məşqçisi Zlatko Daliçdən icazə almasını istəyirlər.
“Real Madrid” Modriçin yoxluğunda 4 oyun keçirib. “Kral klubu” La Liqada “Levante” (3:2), “Sevilya” (1:0) və “Osasuna”ya (2:0) qalib gəlsə də, Çempionlar Liqasında PSJ-yə Fransada uduzub (0:3).
Qeyd edək ki, Xorvatiya yığması oktyabrın 10-da Macarıstanla evdə, 3 gün sonra isə Uelslə səfərdə qarşılaşacaq. Zlatko Daliçin baş məşqçi olduğu komanda hazırda 10 xalla E qrupunda liderdir. Azərbaycan millisi oktyabrın 13-də Macarıstanın qonağı olacaq./report