Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Altıncı yarış günündə qadın güləşində 62 və 68, sərbəst güləşdə isə 57 və 65 kq-da mübarizəyə start veriləcək.
Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib. Ən çətin rəqib olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyevə düşüb. Belə ki, onun qarşılaşacağı Hacımurad Rəşidov ikiqat Avropa, ikiqat Rusiya çempionudur.
Dargin mənşəli dağıstanlı güləşçi bu il Rusiya millisi ilə Dünya Kubokunun qalibi olmaqla yanaşı, iki dəfə dünya çempionatının gümüş mükafatçısıdır. Yeri gəlmişkən, o, 2017-ci ildə Fransanın paytaxtı Parisdə keçirilmiş dünya çempionatının (-61 kq) finalında məhz Hacı Əliyevə uduzub. Çıxdığı yarışlarda amerikan idmançılarına uduzmadığı üçün ləqəbi “Amerikanların qənimi”dir.
Qadın güləşi
-62 kq
1/16 final. Elmira Qəmbərova – Krişta Tunda İnçe (Rumıniya)
-68 kq
1/16 final. İrina Netreba – Yuvet Zye (Burkina Faso)
Sərbəst güləş
-57 kq
Təsnifat. Mahir Əmiraslanov – Uluqbəy Yoldaşbəyov (Qırğızıstan)
-65 kq
Təsnifat. Hacı Əliyev – Hacımurad Rəşidov (Rusiya)
Qeyd edək ki, bu gün qadın güləşində Mariya Stadnik (-50 kq) dünya çempionatının finalında çıxış edəcək./oxu.az