Azərbaycan Premyer Liqasında IV turun “Qarabağ” – “Neftçi” (2:0) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bölüşüb.
- Futbolçularımı təbrik edirəm. Çətin və vacib qələbə qazandıq. Uzun fasilədən sonra istər-istəməz oyunun ritmi itir. Amma nə qədər çətin olsa da, futbolçular sona kimi mübarizə apara bildilər. “Neftçi”yə də uğur arzulayıram.
- Oyuna baxanda belə təəssürat yarandı ki, komanda ideal çıxış edir. “Sevilya” ilə matçdan əvvəl hansı məqamlar sizi narahat etdi?
- Bəzi futbolçularımızın oyun ritmindən düşdüyünü qeyd etdim. Yorğunluq başladıqca top itkiləri yarandı. Bu gün “Neftçi” bağışladı, amma “Sevilya” belə səhvləri bağışlamayacaq. Top bizdə az ola bilər, çalışmalyıq ki, həmin anlarda səhvsiz oynayaq. Oyunçuların performansı daha yaxşı olacaq. O futbolçular top itirirdi ki, hansı ki, bunu etməməlidilər. Daha didqqətli və konsentrasiyalı olmalıdılar.
“Neftçi” yaxşı pressinq edirdi. Bu amil də var. Hər bir halda, daha səliqəli oynamağa çalışmalıyıq.
- Mövsümün əvvəlində “Neftçi”nin sizə rəqib ola biləcəyi düşünülürdü. Ancaq rəqib baş məşqçi də sizdən əvvəl “Qarabağ”ın gücünü qeyd etdi. Fikirləşmək olarmı ki, çempionluğu əziyyətsiz qazanacaqsınız?
- Yox, qətiyyən belə düşünmürəm. Keçən il də şahid olduq ki, məğlubiyyətlər oldu. Futbol elə oyundur ki, bu fikirlə yanaşsaq, uduzmuş olarıq. Hər oyuna daha ciddi yanaşmalıyıq. Xoş haldır ki, “Neftçi” ilə xal fərqi çoxdur. Ancaq bu, heç nə demək deyil. Qarşıda çox oyun var. İndidən çempionluğu düşünsək, bizə ziyan verər.
- Asmir Beqoviçin performansından razı qaldınız?
- Bugünkü matçda yaxşı idi. Amma son 4 ayda rəsmi oyunlara çıxmamışdı. Təcrübəsi sayəsində bunu aradan qaldıra bilər. Hər bir halda düşünürəm ki, belə matçlarda təcrübəsi bizə fayda verəcək.
- Çempionatda ən xoş sözlərə layiq İsmayıl İbrahimlinin avrokubokda debüt etmək şansı nə qədərdir?
- Bunu qarşıdakı oyunlar göstərəcək. İndi bir söz deyə bilmərəm. Birdən-birə həmin oyunlara atsaq, “yana” bilər. Burda özünü təcrübəli hiss etməli, sabit və soyuqqanlı olmalıdır. Ondan sonra daha yaxşı olar.
- Bugünkü oyunun ən yaxşılarından Ailton niyə görəsə aqressiv idi...
- Onun aqressiv olmadığı anı görməmişəm. Oyundankənar başqa, meydandakı başqa. Bu, məni narahat edir. Onun xarakterində zəiflik var. Daha sabit oynamaq üçün futboldankənar aqressivliyi kənara atmalıdır. Bu olmasa, həm özünə, həm də bizə mane ola bilər.
- Sanki meydanda da problemlər var idi...
- Düzdür, bir qədər ağır idi. İndi belə dövrdür. Mütəxəssislərin dediyinə görə, torpağın yumşaq vaxtıdır. Bu, futbolçulardan əlavə güc alır və məni narahat edir, zədəyə də gətirib çıxara bilər. Başqa variantımız yoxdur. Düşünürəm ki, “Sevilya” ilə matçda daha yaxşı olacaq.
/report