Əzizağa Əzizov: “Nəsil-nəcabətimizdə bu günə qədər artist olmayıb”
“6-7-ci sinifdən hobbi olaraq rayondakı Xalq Teatrına gedərdim, rollar oynayardım. Böyük bacımla, böyük qardaşım dedilər ki, sən artist doğulubsan, elə artist də olacaqsan.
Bizim də nəsil-nəcabətimizdə bu günə qədər artist olmayıb. Məndən böyük olduqları üçün sözlərindən çıxa bilmədim və bundan sonra yuxarı siniflərdə oxumağın başını buraxdım. Onlarla şərt kəsdim ki, universitetə qəbul üçün sənədlərimi verəcəyəm, əgər qəbul olsam oxuyacağam, amma qəbul olmasam çıxıb hərbi xidmətə gedəcəyəm. Hərbi xidməti keçdikdən sonra sənədlərimi dənizçilik məktəbinə göndərəcəyimi də bildirdim.
Bilmirəm xoşbəxtçilikdən, ya bədbəxtçilikdən oldu, məktəbi qurtaran kimi universitetə qəbul oldum. Amma yenidən doğulsaydım, bu sahəni seçməzdim, hərbi dənizçilik məktəbini seçərdim”.
“Üç nöqtə” qəzetinin qonağı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar Artist Əzizağa Əzizovdur.
“Atam gördü ki, siqareti tərgitmirəm, özü mənə siqaret alıb gətirdi”
Uşaq vaxtı çox nadinc olduğunu deyən Əməkdar artist 1960-cı ildə indiki Hacıqabul rayonunda fəhlə ailəsində anadan olub. Atası maşinist, anası isə evdar qadın olub: “Ailədə 7 uşaq olmuşuq, 4 qardaş, 3 bacım vardı, ailənin 3-cü uşağı idim. Dörd qardaşın arasında bir az nadinc uşaq olmuşam, şuluqluq etmişəm. Həm döymüşəm, həm də döyülmüşəm. Siqaret çəkməyə vərdiş etmişdim, bunun üstündə atam məni çox döyüb, incidib. Atam axırda gördü ki, siqaret çəkməyi tərgitmirəm, özü mənə siqaret alıb gətirdi. Hələ gedib məktəbin direktoruna da demişdi. Amma buna baxmayaraq dərslərimi yaxşı oxuyurdum, əlaçı idim, qiymətlərimin hamısı “5” olurdu. Orta məktəbi əvvəl evimizə yaxın olan 6 nömrəli məktəbdə oxumuşam. Bura səkkiz illik olduğu üçün 9 və 10-cu sinifləri şəhərin mərkəzindəki 7 nömrəli məktəbdə oxumuşam”.
“Nəsil-nəcabətimizdə bu günə qədər artist olmayıb”
Ə.Əzizovun uşaqlıq arzusu dənizçi olmaq imiş. Amma özündən böyük bacı və qardaşı buna icazə verməyib: “Uşaqlıqdan dənizçi olmaq istəyirdim. O vaxt Odessada hərbi dənizçilik məktəbi var idi. Dənizçilik məktəbinə məktub yazdım və mənə cavab gəldi ki, imtahana hazırlaşım.
6 və 7-ci siniflərdə hobbi olaraq rayondakı Xalq Teatrına gedirdim, rollar oynayırdım. Böyük bacımla, böyük qardaşım dedilər ki, sən artist doğulubsan, elə artist də olacaqsan. Bizim də nəsil-nəcabətimizdə bu günə qədər artist olmayıb. Məndən böyük olduqları üçün sözlərindən çıxa bilmədim və bundan sonra yuxarı siniflərdə oxumağın başını buraxdım. Hətta 10-cu sinifdə ağlamışam ki, hərbi dənizçilik məktəbində oxumaq istəyirəm. Amma evdən qoymadılar. Onlarla şərt kəsdim ki, universitetə qəbul üçün sənədlərimi verəcəyəm, qəbul olsam oxuyacağam, amma olmasam çıxıb gedəcəyəm əsgərliyə. Bir il xidmət keçdikdən sonra sənədlərimi Hərbi dənizçilik məktəbinə göndərəcəyimi də bildirdim. Bilmirəm xoşbəxtçilikdən, ya bədbəxtçilikdən oldu, məktəbi qurtaran kimi də indiki Mədəniyyət və İncəsənət Universitetinin qəbul oldum. Mən yenidən doğulsaydım bu sahəni seçməzdim, hərbi dənizçilik məktəbini seçərdim. Bizim ailədə hər kəs təhsilli olub, bacı-qardaşlarım da Kiyevdə, Leninqradda ali məktəbləri oxuyublar. Bakıda oxuyan bircə mən oldum”.
“Aktyor olmaq istəmədiyim üçün qorxurdular ki, birdən institutu ataram”
Tələbəlik illəri çox yaxşı keçib, kirayədə qalıb. Deyir ki, yemək bişirmək işləri əlindən gəlmirmiş. Adi kartof qızartmağı belə bacarmırmış: “Məktəbi bitirən kimi 1978-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili-komediya aktyorluğu” fakültəsinə daxil oldum. Rəhmətlik Yaşar Nurinin kursunu bitirmişəm, yəni o, bizim sənət müəllimimiz olub. Tələbəlik illərimiz çox yaxşı keçib. Kursda 10 nəfər idik, 6 oğlan, 4 qız. Rektorumuz Aslan Aslanov çox yaxşı insan idi, həmişə müəllimlərə deyərdi ki, tələbələri ancaq sənət fənlərindən sıxışdırın. Yoxsa ingilis-dili, dünya tarixi və s. kimi fənlərlə uşaqları sıxmayın. Dərslərimiz, imtahanlarımız yaxşı keçib.
Düzdür, universitetdə də bir az şuluqluq edirdim, Yaşar müəllim sağ olsun, çox vaxt həddimi aşmağa qoymurdu. Bir neçə dəfə məni institutdan qovmaq istəyiblər amma o, rektordan xahiş edib, məni qovulmaqdan xilas edib. Amma qovulmağım dərslərimə görə deyildi, dərslərimi yaxşı oxuyurdum. O vaxtı 56 manat 25 qəpik olan Nizami adına təqaüd alırdım. Rektor mənim xətrimi çox istəyirdi, xarici ölkələrdən qonaqları gələndə səsim yaxşı olduğu üçün məni oxutdurardı.
Tələbənin haqqını heç vaxt yemirdi, hörmətlə yanaşırdı, müəllimlərə tapşırırdı ki, qiymətlərini kəsməyin, təqaüd alsınlar. Tələbəlik vaxtı yataqxanada qalmağıma evdən razı olmadılar. Dedilər ki, orda “pis” uşaqlara qoşulacaqsan,, dərslərindən uzaqlaşacaqsan. Ona görə kirayə evdə qaldım. Əlimdən yemək bişirmək gəlmirdi, adi kartofu belə qızarda bilmirdim. Sovet dövründə yeməkxanalar çox idi, universitetin yanında bir-ikisi vardı.
Gedib orda sovet pulu ilə 1 manat 10 qəpiyə nahar edirdim. Böyük bacım-qardaşım da rayondan tez-tez gəlib məni yoxlayırdılar. Hər gələndə bacım 4-5 günlük neçə cür yeməyimi bişirib soyuducuya qoyardı. Həmişə nəzarətdə olmuşam, aktyorluğu istəmədiyim üçün qorxurdular ki, birdən ali məktəbi ataram”.
“20-21 il teatrın xorunda oxudum”
Müsahibimin universiteti bitirəndən sonra təyinatını səsi bass-bariton olduğuna görə Opera və Balet Teatrına verəcəklərmiş. Amma o vaxtı hərbi xidmətdə olmayanların təyinatı Bakı şəhərinə verilmirmiş, ona görə də Gəncə Teatrına yazıblar:
“Dedilər əsgərliyə get, gəl, ondan sonra səni Bakıya Opera və Balet Teatrına göndərəcəyik. Hərbi xidmətdən qayıtdıqdan sonra məni Nazirlikdən çağırdılar ki, Gəncəyə getmə, sənədlərin burdadır, sənin təyinatını Bakıya dəyişdirəcəyik. Beləliklə, mən Opera və Balet Teatrında fəaliyyətə başladım. İlk vaxtlar xorda oxudum ki, səhnəyə alışım. Evim yox idi, teatrın özünün yataqxanası vardı, orda qeydiyyata düşdüm və Bakıda qaldım.
Xorda oxudum, sovet dövrü idi, orda yaxşı səsi olanlar vardı. İmkan vermədilər ki, mən də aparıcı rollarda oynayım və oxuyum. Beləcə, 20-21 il teatrın xorunda oxudum. Elə burda oxuya-oxuya 1989-cu ildə Musiqili Komediya Teatrına dəvət etdilər.
Bir il də burda işlədim. Burda mənə qalmağa ev verə, qeydiyyata sala bilmədilər. Yenidən Opera və Balet Teatrına qayıtdım. Həm burda, həm də Musiqili Komediya Teatrında işləyirdim, 1994-1995-ci ildən sonra Afaq Bəşirqızı atasının adına Bəşir Teatrı açdı və məni də bu tetra dəvət etdi. Operadan çıxmamaq şərti ilə ora getdim, çünki həmin vaxtı ailəli idim, qalmağa evim yox idi. 1998-ci ildən isə Musiqili Komediya Teatrına qayıtdım və o vaxtdan bu günə qədər burda işləyirəm”.
“Əsgərlikdə komandirlər mənə xüsusi hörmət edirdilər”
Sovet ordusu sıralarında hərbi xidmətdə olan Ə.Əzizov Uzaq Şərqdə Vladivastok vilayətinin Ussuriysk şəhəri yaxınlığında əsgərliyini çəkib: “Daima meşədə olurduq, insan üzü görmürdük. Ora ən yaxın yaşayış yeri 45 kilometr məsafədə yerləşirdi. Bir ildə iki dəfə insan üzü görürdük, qaçmağa yer yox idi. Qışda 1 metrə yaxın qar, 40-45 dərəcə isə şaxta olurdu. Universiteti qurtarıb əsgərliyə getdiyim üçün komandirlər mənə xüsusi hörmət edirdilər. Sıra ilə gedəndə mahnını həmişə mənə oxutdururdular. Sürünmə, qaçma hərəkətlərini mənə etdirmirdilər. Yola verirdilər ki, bir ilimi başa vurum.”.
“İndinin özündə də mənim şəxsi evim yoxdur”
32 yaşında ailə həyatı quran müsahibimiz deyir ki, həyat yoldaşı özündən kiçik bacısının rəfiqəsi olub: “Evdə evlənməkdən söz-söhbət düşdü. Mən evlənmək istəmirdim. Anam dedi qohumda filan qız var, əmin qızı, xalan qızı, bibin qızı və s. Bacım dedi ki yox, mənim iş yoldaşım var, onu neçə illərdir tanıyıram, evlərinə getmişəm, onlarda qalmışam, yaxşı qızdır. Qardaşım onunla evlənsin. Bacım qızı gətirib mənə göstərdi.
Onlar görüşdülər, söhbət etdilər. Mən də guya bunları tanımıram, arxaları ilə gedirdim. (Gülür). Sonra ikimizi də tanış elədi, bir müddət görüşdük, bir-birimizin xasiyyətini öyrəndik. Daha sonra dədə-baba adəti ilə rayondan elçilər gəldilər, toy elədik, götürdük qızı rayona apardıq. Sonra isə gəldik Bakıya. Hazırda iki övladımız var, bir qız, bir oğlan. Uşaq yaşlarından onlara dedim ki, qəti surətdə incəsənət adı çəkməyin.
Şükür Allaha qızım Tibb Universitetini bitirib, diplom imtahanlarını verir. Oğlum da Milli Aviasiya Akademiyasını bitirib. Özüm yataqxanalarda, kirayələrdə çox əziyyət çəkmişəm. Övladlarımın da bunu yaşamasını istəmirəm. İndinin özündə də mənim şəxsi evim yoxdur. Yoldaşımın iş yerindən aldığı evdə qalırıq”.
Könül Oruc