İyunun 10-da Dərbənddə Bakı Uşaq Teatrının (BUT) dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Nəsimi ili-Nəsimi dili” kompozisiya- tamaşası təqdim olunub.
BUT-un bu qədim şəhərə qastrolu Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının (ADDT) və Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin dəvətilə baş tutub. ADDT-nin direktoru Firdovsi Əsgərov, quruluşçu rejissoru Yaqut Xandadaşova, “Dərbənd şəhəri” dairəsinin administrasiya başçısının müavini Vidadi Zeynalov, şəhər mədəniyyət, idman, gənclər siyasəti və turizm idarəsinin baş mütəxəssisi Gülpəri Mirzəbalayeva, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli qastrola gəldiklərinə, öz sənətkarlıqlarını nümayiş etdirdiklərinə, Nəsimi poeziyasına bir daha dalmaq imkanı yaratdıqlarına görə Bakı Uşaq Teatrının kollektivinə, bu kollektivə şərait yaratdığına görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə minnətdarlıqlarını bildiriblər.
F.Əsgərov Dərbəndlə mədəni və ədəbi əlaqələrinə verdikləri töhfəyə görə BUT direktoru İntiqam Soltana və kollektiv üzvlərinə təşəkkürnamə təqdim edib.
Dərbəndlilərin ünvanına xoş sözlər ünvanlayan İ.Soltan öz növbəsində ADDT-nin direktoru F.Əsgərova, baş rejissoru Sərvər Əliyevə, Dağıstan Respublikasının əməkdar artisti Əlimövsüm Abasova, aktyor Sərxan Səmədova, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirliyə diplomlar təqdim edib.
Tədbirin yekununda xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, bu ilin aprelində Bakıda Bakı Uşaq Teatrı tərəfindən görkəmli şair və mütəfəkkir İ.Nəsiminin yubileyi münasibətilə keçirilən beynəlxalq “Nəsimi ili – Nəsimi dili” festivalında müxtəlif ölkə və şəhərlərin teatr kollektivləri, o cümlədən Dərbəndin Azərbaycan Dövlət Dram Teatrı da iştirak etmişdi.