Vəfa Rəşidova: "İmtahanlara iki həftə qalmış dərs yükünü azaltmaq lazımdır"
Müşahidələrə əsasən abituriyentlərin 90 faizi imtahandan öncə və həmin gün həddindən artıq həyəcanlı və stresli olurlar. Həmçinin imtahanlara kifayət qədər hazır olan və sınaq imtahanlarında yetərli bal yığanlar da bu həyəcanın içərisində olur. Demək olar ki, klassik imtahan stresini bütün abituriyentlər yaşayırlar və bu da onların nəticələrinə mənfi yöndə təsir edir. Həm də burada yalnız abituriyentin özünün istəklərinin reallaşması ilə bağlı keçirdiyi hisslər deyil, valideynlərin, ətrafın basqısının da təsiri böyük olur və o imtahana böyük bir gərginliklə girir. Bəs sadalanan imtahan stresindən yaxa qurtarmaq mümkündürmü? Psixoloji gərginlikdən azad olmaları üçün hansı imkanlardan yararlanmaq lazımdır?
Abituriyentlərin davranış pozuqluğuna ailələrin ağır təzyiqi səbəb olur
Bununla əlaqədar “Üç nöqtə” qəzetinin suallarını cavablandıran psixoloq Vəfa Rəşidova deyir ki, imtahanqabağı stres abituriyentlərdə davranış pozuqluğuna səbəb olur: “Bu problemlərə görə valideynlər əsasən yanvar-fevral aylarında psixoloqa müraciət edirlər. Qrafikin gərginliyi avtomatik olaraq yeniyetmələrdə şüuraltı stres, aqresiya yaradır. Hətta bəzən bu elə həddə çatır ki, insan özündən asılı olmadan o qədər həyəcan keçirir ki, bədən fizioloji ağrı yaşayır. Bu adi yorğunluq deyil, valideynlər çox diqqətli olmalıdırlar. Əksər hallarda abituriyentlərin davranış pozuqluğunun səbəbi ailələrin ağır təzyiqi olur”.
Psixoloq deyir ki, yeniyetməlik dövründə uşaqlar valideynlərin himayəsində olduğundan problemlər də əsasən valideynlərdən qaynaqlanır: “Uşaq ailədə hansı davranışı görürsə, onu cəmiyyətə əks etdirir, ona görə də kompleks şəkildə narahatçılıq ortaya çıxır. Bəzən valideynlər uşaqlara günahkarlıq hissi yükləyir, bu halda uşaq artıq imtahanın fərqində olmur, sadəcə, yaxşı nəticə qazanmasa, ata-anasına nə deyəcəyini düşünür.
Qəbul imtahanına hazırlaşan abituriyentlərdə stressi əsasən valideynlərin davranışı yaradır. İmtahanqabağı gərginlik abituriyentləri intihar həddinə çatdıra bilər. İmtahana bir həftə, on gün qalmış hazırlaşmaq doğru deyil”.
Abituriyentlər daim oxumalı deyil, istirahətə də vaxt ayırmalıdırlar
V.Rəşidova söyləyir ki, abituriyentlərin 90 faizində imtahanqabağı stresin olması normaldır, amma bəzən bunun ciddi psixoloji problemlərə səbəb olduğu da istisna edilmir: “Bəzi abituriyentlər məsuliyyətsiz olur, bu halda valideynin təzyiqi hiss olunmağa başlayır, sanki valideyn universitetə qəbul olacaq. Əslində, uşağa zamanında məsuliyyəti hiss etdirmək lazımdır ki, o abituriyent dövrünə çatanda özü öz məsuliyyətini çəkə bilsin. Abituriyentlik yaşın da elə bir dövrüdür ki, bu zaman gənclər irad qəbul etmirlər, valideynlə münasibətlər pozulur və nəhayət, psixoloqa üz tutmalı olurlar. Digər qrup abituriyentlər isə mükəmməlliyyətçi olurlar və özlərini lazımından artıq yükləyirlər. Bu da normal hal deyil. Abituriyent daim oxumalı deyil, o həm də öz yuxusunu almalıdır, əyləncədən istifadə etməlidir, ona hansı məşğuliyyət xoşdursa, onu etməlidir. İstirahətsiz oxuyanda artıq o informasiya çoxluğundan əziyyət çəkəcək, oxuduqları da müvəqqəti olacaq, yaddaşında müvəqqəti qalacaq”.
“Valideyn şərt qoyur ki, bu qədər bal yığmalısan...”
Vəfa Rəşidova hətta bəzən imtahan gərginliyinin intihar həddinə çatdırdığını da bildirir: “Hətta elə valideyn var ki, abituriyenti imtahana yola salanda qarşısına şərt qoyur, məsələn, bu qədər bal yığmalısan. Bunun özü də travmadır. Abituriyentin qarşısına universitetə daxil olmağı şərt kimi qoymaq onu narahatçılığa sövq etmək, intihara gətirib çıxarmağa bərabərdir. Abituriyentlərlə davranmağın ən yaxşı yolu odur ki, ilk öncə hər bir valideyn öz övladını doğru tanımalıdır. O bilməlidir ki, övladı nədən rahat ola bilir. Amma valideynlər düşünürlər ki, abituriyentlər daim dincəlmədən, özünə vaxt ayırmadan oxumalıdır”.
İmtahanlara iki həftə qalmış dərs yükünü azaltmaq lazımdır
“İmtahanlara iki həftə qalmış dərs yükünü azaltmaq lazımdır, imtahana bir həftə qalmış dincəlmək zamanıdır. Onsuz da son bir həftə əslində heç nəyi dəyişmir. Müəllimlər də şagirdi anlamalıdır, başqaları ilə müqayisə etməməlidir. Bir qrupda olan uşaqların hamısı eyni ola bilməz. Əgər bir uşağın ünsiyyət problemi, özünə inamsızlığı varsa, bu müəllim tərəfindən gözdən qaçmamalıdır. Ən azından müəllimlər öz sözləri ilə şagirdlərə travma verməməlidirlər. Bəzən bunlar imtahana hazırlaşan şagirdin müəllimi dəyişməsinə səbəb olur. Başqa müəllimə adaptasiya dövrü müəyyən zaman tələb edir və bu amillərin imtahana təsir etmək ehtimalı çoxalır”.
Həyəcan, təşviş çoxdursa, əllər daha çox tərləyirsə, əsirsə...
O da məlumdur ki, stresi yatırmaq, gərginliyi azaltmaq üçün imtahandan öncə müəyyən sakitləşdirici dərmanlardan da istifadə edilir. Psixoloq isə deyir ki, təəssüf ki, çox vaxt mütəxəssis rəyi olmadan müəyyən dərmanlardan istifadə olunur. Amma bəzi hallarda dərmansız da ötüşmək mümkündür. Əgər həyəcan, təşviş çoxdursa, əllər daha çox tərləyirsə, əsirsə, o halda müəyyən sakitləşdirici preparatları qəbul etmək olar. Belə hallarda psixoloqun yardımı ilə vəziyyət tənzimlənmirsə, yuxu qaydasına düşmürsə, onda dərman məsləhətdir. Burada da fərdi yanaşma olmalıdır, elə abituriyent var ki, ona həqiqətən də bu dərmanları qəbul etmək vacib deyil, amma elə vəziyyət var ki, dərman qəbulu mütləqdir”. İxtisas seçimində də abituriyentlərə sərbəstlik verməyin vacib olduğunu söyləyən V.Rəşidova bildirir ki, onları istiqamətləndirəndə də bir az real düşünmək, imkanlarını düzgün dəyərləndirmək lazımdır. Valideyn uşağının nəyə qadir olduğunu bilməlidir: “Bəzən valideyn evdə bir kitab, qəzet, jurnal oxumur, lakin övladını istirahətsiz oxumağa məcbur edir. Seçim edərkən abituriyentin istəyi də nəzərə alınmalıdır. Əlbəttə, valideyn də övladını harada görmək istədiyini də bildirməlidir. Əgər seçim zamanı yalnız yaxşı qazanmaq nəzərə alınarsa, burada bir paradoks yaranacaq. Abituriyent üçün imkan yaratmaq, anlayışlı davranmaq, intensiv kontaktda olmaq lazımdır ki, onun nəyi sevdiyi aydın olsun”.
Nazlı Allahverdiyeva