Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. Dövlət Komitəsindən verilən məlumata görə, əvvəlcə, Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası ilə bağlı həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib.
Sonra məcburi köçkünlərin qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma obyektlərindən köçürülməsi ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) sifarişi ilə tikintisi aparılan obyektlərin mövcud vəziyyəti və icrası nəzərdə tutulan layihələr, məşğulluq, miqrasiya və status məsələləri, vətəndaşların qəbulu və onların müraciətləri ilə bağlı görülən işlər, icra intizamı, Mənzil İstismar Departamentinin balansında olan mənzil fondunun saxlanması vəziyyəti və s. məsələlər müzakirə edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində ölkəmizin dinamik inkişafının uğurla davam etdiyini diqqətə çatdıran Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, bu vüsətli inkişaf ölkə vətəndaşlarının, o cümlədən məcburi köçkünlərinin rifahının yaxşılaşdırılmasına, onların sosial problemlərinin həllinin sürətləndirilməsinə imkan yaradıb. Dövlət başçısı məcburi köçkünlərin problemlərinin həllinin ən prioritet məsələlərdən olduğunu bir daha bəyan edərək bu kateqoriyadan olan vətəndaşlar üçün yeni yaşayış komplekslərinin tikintisinin genişləndirilməsi barədə tapşırıqlar verib. Ölkə rəbərinin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdə ədalət prinsipinin təmin olunmasının vacibliyini diqqətə çatdırması və bu gün bu prinsipin təmin edildiyini bildirməsi Dövlət Komitəsinin üzərinə böyük məsuliyyət qoyur. Qeyd olunub ki, hər bir əməkdaş bu məsuliyyəti daim hiss etməli, öz vəzifə səlahiyyətlərini mövcud qanunvericiliyə və ədalət prinsiplərinə tam uyğun şəkildə yerinə yetirməlidir.
Bundan başqa, kollegiyada məcburi köçkünlərin qeydiyyatının vahid elektron bazasının yaradılması işlərinin yaxın müddətdə tam başa çatdırılması, bu kateqoriyadan olan vətəndaşların məşğulluğunun artırılması barədə Dövlət Komitəsinin müvafiq strukturlarına tapşırıqlar verilib, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi, mənzil fondunun qanunvericiliyə uyğun şəkildə istismarı ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib, həmçinin gündəlikdəki digər cari məsələlərə dair qərarlar qəbul edilib.